ZAKİR QARALOVUN DİNDİRİLMƏSİNİ NİYƏ İSTƏYİRDİK?

RÜSTƏM USUBOVUN RƏNA NƏSİBOVA BARƏSİNDƏ ARAYIŞI
“Hacı Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi” yazısından sonra prokurorluğun gözəgirənləri saxta profillərdən bunun yalan olması barədə şərhlər paylaşmağa başladı. Sonrakı statusumda yazdım ki, söylədiklərimin hamısı sənədlərə və şahid ifadələrinə əsaslanır. Hacı Məmmədovun cinayət işinin materialları ilə tanış olarkən ilginc bir sənədə rast gəldim. 1978-ci ildə Universiteti bitirəndən sonra 13 il müstəntiq işləmişəm və 28 ildir ki, vəkiləm. Bu 41 il ərzində oxuduğum yüzlərlə cinayət işlərində birinci dəfə belə “sənəd” görürdüm. İndi həmin sənədin bəzi fqaqmentlərini paylaşıram, yaxın günlərdə isə dostların məsləhəti ilə bu və digər istintaq materiallarının şəkillərini paylaşacam.

Sənəd belə adlanırdı: 1970-ci il təvəllüdlü “Knauf” firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmai kəndində bağ evlərində müvəqqəti yşayan, Bakı şəhəri 2-ci mikrorayonda qeydiyyatda olan Nəsibova Rəna Yusif qızından alınmış məlumata dair
A R A Y I Ş
11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna Yusif qızı Azərbaycan Respublikası Prokurorluğunun inzibati binasına gəlmiş, BAŞ PROKURORA kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətli ilə, törənmiş digər cinayətlərlə bağlı məxfi məlumat vermək arzusunda olmasını bildirmişdir. Rəna Nəsibova bildirmişdir ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi var. Bir cinayətkar dəstənin üzvləri, digər dəstənin üzvlərini tanımırlar. ..” Nəsibova daha sonra Hacının dəstəsinə daxil olan Ruslan adlı çeçenlə və onun qardaşları Sedek və Xusainlə necə tanış olmasını danışmışdır. Arayışda göstərilir ki, “ Ruslanın deməsinə görə, adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşən Əliyev Hacı Məmmədova çıxmışdır, yəni Hacının həmin cinayətləri törətməsini sübuta yetirmişdir. Hacının Rövşəni görməyə gözü yox idi, ona görə ki, onin ayağının altını qazırdı…” Arayışda daha sonra Hacının dəstəsi tərəfindən Rövşən Əliyevin öldürülməsi, törədilmiş digər cinayətlər barəsində Nəsibovanın verdiyi məlumatlar öz əksini tapır. Arayış belə qurtarır :
“ Mənbə adının məxfi saxlanılmasını xahiş edib, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər. Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır ki, çeçenlər onu öldürmək istəyirlər ki, onların törətdikləri cinayətlər barədə məlumatlar yayılmasın.
Məlumatın sonu.”
Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi R. Usubov
28 fevral 2005-ci il.
Bu arayışda diqqətimi iki məqam çəkdi. Bir, arayışın tarixi, iki, arayışda 17 iyun 2004-cü ildə Rəna Nəsibovanın işlədiyi ofisdə onun meyidinin tapılması barədə bir kəlmənin də olmaması… davamı olacaq
Növbəti yazıda NƏ ÜÇÜN ZAKİR QARALOVUN DİNDİRİLMƏSİNİ İSTƏYİRDİK sualına cavab verəcəm.

TƏŞKİLATIN NÜFUZU RƏHBƏRİNİN  NÜFUZUNDAN ÇOX ASILIDIR 

Hacı Məmmədovun məhkəməsini izləyənlərin yadında olar, məhkəmədə vəkil Həzi Məmmədov da iştirak edirdi. O vaxt Həzi müəllim bir gözəl söz demişdi, “vəkilliyin nüfuzunu artırmaq istəyirsinizsə Kəmaləddin Heydərovu kollegiyaya sədr qoyun”. Bir müddət sonra kişini kollegiyadan çıxartdılar, bilmirəm təzə sədr onu ölümündən sonra bərpa edib, yoxsa yox. 
2000-ci ilin aprel ayında Zakir Qaralovun Baş prokuror təyin edilməsi hüquq camiəsində mülayim desək müsbət qarşılanmadı. Zakir Qaralovla şəxsi tanışlığım universitedən başlayıb və 45 ilə yaxındır. Bunun təxminən 20 ili onun Baş prokurorluğu dövrünə düşür. Mənim onunla şəxsi konfliktim və yaxın münasibətlərim olmayıb. Vaxtı ilə prokurorluqda işləyən biri kimi deyə bilərəm ki, əslində digər hüquq mühafizə orqanlarında qanunçuluğa əməl edilməsinə nəzarət etməli olan prokurorluq Qaralovun sayəsində bu günkü vəziyyətə düşüb. Hamı kimi Zakir Qaralov da gec –tez ya yaşına, ya da başına görə vəzifəsindən gedəcək. Bu gün səsini çıxartmağa cəsarət etməyənlər, arxasınca danışıb görəndə üzünə gülənlər onu söymək üçün növbəyə duracaqlar. Sözünü vəzifədə olanda üzünə deyənlər isə sakitcə kənara çəkiləcəklər.
Vəzifəyə gələndə bəlkə də Qaralovun azdan-çoxdan nüfuzu vardı, Hacı Məmmədovun işindən sonra bunu da itirdi. Bu gün kimsə desə ki, sabiq MT naziri Qaralovdan da haqq alırdı şəxsən mən buna inanaram. Yəqin çoxunuz bilmirsiniz ki, 2005-ci ilin mart ayının 10-da Hacı Məmmədov və dəstəsinin əksər üzvləri həbs ediləndə cinayət işi üzrə istintaqı prokurorluq aparırdı. 2005-ci ilin mart ayının 25-də istintaq Baş prokurorun qərarı ilə MTN-in istintaq idarəsinə həvalə edildi. Bu prokurorluğun nüfuzuna ağır zərbə idi, baş prokuror qanunları ayaq altına atdı, sonrakı dövrlərdə isə tapdamağa başladı. 
İstintaqın MTN-ə həvalə edilməsi barədə 25 mart 2005-ci il tarixli qərarında Qaralov bunu belə əsaslandırdı: «İstintaq zamanı sadalanan cinayətlərlə bərabər, Hacı Məmmədov tərəfindən külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə (? – A.İ.) xarici dövlətlərə aparılması, müxtəlif vaxtlarda xarici dövlətlərdə olması, həmin dövlətlərdə müxtəlif şəxslərlə iş birlikləri qurması, vaxtaşırı xarici ölkə vətəndaşlarından pul vəsaitləri alması aşkar edilmişdir. Bu səbəbdən də Hacı Məmmədovun hərəkətləri onun əvvəllər təqib edildiyi Azərbaycan Respublikasının 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş CM-nin 70, 146 və hazırda qüvvədə olan CM-nin 144, 120 217, 228 və 234-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə bərabər, ibtidai istintaqın aparılması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq orqanlarına həvalə edilmiş Azərbaycan Respublikası CM-nin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətləri görünür. Sadalanan xüsusatlarla yanaşı Hacı Məmmədovun təqib edildiyi cinayət əməllərinin törədilməsi hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, həmin cinayətlərdə iştirak edən şəxslərin dairəsini, habelə Hacı Məmmədov tərəfindən belə cinayətlər törədilməsində xarici təşkilatların iştirakını müəyyənləşdirmək üçün əməliyyat tədbirləri keçirilməsi Azərbaycan Respublikası MTN tərəfindən icra edilməlidir. Göstərilənlərə əsasən, həmçinin Hacı Məmmədovun əməllərinin tam və hərtərəfli araşdırılması üçün çoxsaylı əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini, belə əməliyyat tədbirlərinin keçirilməsinin Azərbaycan Respublikası MTN-ə həvalə edildiyini, əldə olunan əməliyyat məlumatlarının prosessual qaydada vaxtında yoxlanılmasını nəzərə alıb, cinayət təqibinin səmərəliliyini təmin etmək məqsədi ilə» istintaq MTN-nin müstəntiqlərinə həvalə edilsin. Həmin qərarla Baş prokuror ibtidai araşdırmaya prosessual rəhbərliyi də öz üzərinə götürmüşdü. Bu qərar tamamilə qanunsuz idi. Hacı Məmmədova nə o vaxt, nə də sonralar CM-nin 206-cı maddəsi ilə ittiham elan edilmədi. Ona belə bir ittiham elan edilsəydi belə, ən azı polis əməkdaşı olduğuna görə istintaqı prokurorluğun müstəntiqləri aparmalı idi. 
İstintaq aidiyyətinin kobud şəkildə pozulmasında bu bir ilk idi, sonrakı dörlərdə bu adət halını aldı. Elmar Hüseynovun öldürülməsi faktına görə başlanmış cinayət işi cinayəti törətmiş şəxslər müəyyən edilən kimi məhz Qaralovun qərarı ilə iş istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi… 

ZAKİR QARALOVUN DİNDİRİLMƏSİNİ NİYƏ İSTƏYİRDİK?

İstintaq başa çatdıqdan və cinayət işinin materialları ilə tanış olduqdan sonra biz baş prokuror Zakir Qaralovun şahid qismində dindirilməsi barədə aşağıdakı məqamlara aydınlıq gətirməsi üçün vəsatət verdik.
1.İşdə olan sənədlərə əsasən 13 mart 2002-ci ildə Rövşən Əliyev qətlə yetirilən gün Baş prokuror Qaralov saat 12:32:46-da öz xidməti telefonundan Rövşən Əliyevin 3246735 nömrəli mobil telefonuna zəng edərək onunla 369 saniyə( altı dəqiqədən bir qədər çox) danışmışdı.
2. İşdə Hacı Məmmədovun belə ifadəsi vardı ki, Rövşən ona rəhbərliyinin Azər İsmayılovun ölümündə Hacının iştirakı barəsində söz-söhbətə son qoymaq üçün pul istədəyini deyib. Məhz bu söhbətdən sonra Rövşəni öldürtməyə qərar verib.
3. Rüstəm Usubov ifadəsində 11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna Yusif qızının Azərbaycan Respublikası Prokurorluğunun inzibati binasına gəlməsi məhz BAŞ PROKURORA Rövşən Əliyevin qətli və törənmiş digər cinayətlərlə bağlı məlumatlar verməsini, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədovun durması barədə danışmasını təsdiq etmişdi. Buna baxmayaraq Rəna Nəsibovanın verdiyi məlumat qanuna müvafiq olaraq rəsmiləşdirilməmiş, o, Rövşən Əliyevin öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə şahid qismində dindirilməmişdi. 2004-cü ilin iyun ayında Rəna Nəsibova işlədiyi “Knauf” firmasının ofisində qətlə yetirilsə də cinayət işinin başlanılması əsassız olaraq rədd edilmişdi.
4. Nəsibovanın ölümündən 3 gün əvvəl Fətulla Hüseynov qətlə yetirilmişdi. Bu qətlin də Hacı Məmmədov və onun bacısı oğlu ilə əlaqəli olması hadisə baş verən gündən prokurorluğa məlum idi. 5. Cinayət işində MTN əməkdaşlarının maraqlı ifadələri vardı. Bu ifadələri onlar məhkəmədə də təsdiq etdilər. Rənadan Hacı barəsində məlumat alan əməliyyatçılar onun şəxsiyyətini müəyyən etmək üçün tədbirlər hazırlamaq istəyəndə prokurorluğun rəhbərliyi onlara buna ehtiyac olmadığını Hacını gözəl tanıdıqlarını deyiblər. Təəccüblərini gizlədə bilməyən əməliyyatçıların bəs niyə onu tutmursunuz sualına isə cavab veriblər ki, SÜBUTUMUZ YOXDUR.
6.İş üzrə şahid qismində dindirilən Rafiq Səfiquliyev göstərib ki, o, Hacı Məmmədovla birlikdə 10 fevral 2005-ci ildə Respublika prokurorluğunda ifadə verib. Müstəntiqin yanında olan vaxt axırıncı istintaq qrupunun rəhbərinin Hacını görmək istədiyini deyib. Hacı 40 dəqiqəyə kimi rəisin yanında olmuş, sonra onu prokurorluqda qoyub protokolu imzalamadan çıxıb gedib. Cinayət işinin materiallarında olan dindirmə protokollarında Haçı Məmmədovun guya 9 fevralda, R.Səfiquliyevin isə 11 fevralda dindirilməsi göstərilib. Səfiquliyev ifadəsində hər ikisinin 10 fevral 2005-ci ildə dindirilmələrini, prokurorluqda bir yerdə olduqlarını israrla təsdiq etmişdi. Onun ifadəsində belə bir cümlə var “Hacı həbs edildikdən sonra MTN-də olarkən bizi 10 fevralda dindirən müstəntiq dedi ki, Rafiq, görürsən Hacı alçaq həmin gün işi olduğunu bildirərək çıxıb getdi, sən demə, o, həmin gün adam oğurlamağa gedirmiş”, Zamirə Hacıyeva məhz 10 fevralda oğurlanmışdı.
7. Mərhum Rövşən Əliyevin həyat yoldaşı ifadəsində göstərmişdi ki, Rövşən öldürülməmişdən əvvəl adam oğurluqları ilə bağlı Zakir Qaralova hansısa məlumatlar vermişdi və bu məlumatları baş prokuror ölkə başçısına çatdırmalı imiş.
8. Nəhayət cinayət işinin materiallarında saysız-hesabsız saxtakarlıqlar vardı, bunların bir hissəsini vəsatətlərimdə sadalamışdım.
Biz hesab edirdik ki, Zakir Qaralov şahid qismində dindirilməli və bu məsələlərə aydınlıq gətirməlidir.
Təssüf ki, vəsatətimizi istintaq və sonrakı mərhələlərdə məhkəmələr təmin etmədilər. Bunun belə olacağı gözlənilən idi. Müdafiə çıxışımda da dedim ki, “ baş prokuror arxayın idi ki, Azərbaycanda elə bir məhkəmə tapılmayacaq ki, nəinki onu dəvət edib nə isə soruşsun, hətta onun tərtib etdiyi ittiham aktının nöqtə vergülünə toxunsun. Çünki Azərbaycan məhkəmələrinin bu gün notarius fünksiyasını həyata keçirməsi, prokurorluqdan gələn ittiham aktlarının təsdiqi ilə məşğul olması heç kim üçün sirr deyil”…

Adil İsmayılov

vəkil