Əbədi hakimiyyət mühərriki üçün yanacaq

Ağır yazıdır, istəyirsiz, oxumayın!Çətindir, əlbəttə. 50 ildən çoxdur ki, Azərbaycan bir ailənin hökmü altındadır. Əvvəlcə Covet KGB təlimatlarının və təhdidlərinin, sonra isə müstəqil Azərbaycanın inzibati güc strukturlarının- əsrin ən heyvərə işgəncələrini tətbiq etməkdə mahir olan dövlət orqanlarının, eləcə də, mafiyanı içinə alaraq mübhəm bir gücə çevrilmiş dövlət hakimiyyətinin yetişdirdiyi, özünə bənzətdiyi, öz nizamına tabe etdirdiyi böyük bir ictimai, siyasi, maddi- iqtisadi qat yarada bilib bu ailə. 50 ildir ki, bu ailə Azərbaycanı buxovda saxlamaq üçün şeytanın da ağlına gəlməyən üsullardan istifadə edir. Azərbaycan cəmiyyətini bütövlükdə sındrmaq, ram etmək, iradəsiz kütlə halına gətirmək üçün bu ailənin işlətmədiyi üsullar- vasitələr qalmayıb deyə düşünmək istəyirsən, bir də görürsən ki, tam yeni bir mexanizmi hərəkətə gətirdilər. Bu ailə ötən əsrin 60-cı illərindən Azərbaycan cəmiyyətinə örnək kimi sırımaq üçün ləyaqətsiz bir yaltaq sürüsü yetişdirir. Uğurları da böyükdür. Cəmiyyəti öz siyasi taleyinə biganə olmağa alışdırmaq üçün həmin bu yaltaq sürüsündən faydalanır. Pessimist adam deyiləm, amma 50 ildir ki, yetişdirilib ictimai fikrə bit- birə kimi daraşdırılan bu tüfeyli sürünün sağlam, ayıq təfəkkür elementlərini necə diddiyini- çeynədiyini gördükcə vahiməyə düşməmək olmur. Azərbaycanın maddi sərvətləri talandıqca, yağmalandıqca tükənmədiyi kimi, ölkənin ictimai rəyində də bu bit- birə sürüsünün dişlərindən, ağız seliyindən, üfunətli nəfəsindən xilas ola bilmiş kəsimin də get-gedə məhdudlaşsa belə hələ var olduğunu müşahidə edirik. Tükənməz bir nəsnə yoxdur bu dünyada. Azərbaycanın tükənməz sərvətləri də məhdudlaşır, fiziki ölçüləri azalır, eyni templə yaltaqlar ordusunun ölçüləri böyüyür, standartları iyrəncləşir, ram edilməyən ictimai kəsimin də günün birində tamamilə yox ola biləcəyi qorxusu adamın ödünü ağzına gətirir.Ölkənin ictimai həyat vitrininə baxın. Yaşlı nəsli bu ailə Sovet KGB sisteminin zəhmini tətbiq edərək hələ o zamanlarda öldürüb və leşini bu günlərə qədər sürüyüb gətirə bilib. Onlar ölkəmizin ictimai-siyasi həyatına üfunət saçmaqdadırlar. Onlar həyatın bütün rənglərini özlərinin gəzəri meyit rənglərinə bənzətməkdədirlər, həyatın bütün qoxularını hələ ötən əsrin 60-70 – ci illərdən daşıyıb gətirdikləri üfunətlə kəsifləşdirirlər. Əvvəllər düşünmək olardı ki, bu saray soxulcanlarının nəsli fiziki olaraq kəsiləcək, onlar ədəbiyyatda, incəsənətdə, siyasi həyatda, inzibati sistemdə, elmdə-təhsildə,.. ictimai fikir yarada biləcək bütün müstəvilərdə azala- azala gedəcəklər, yeni nəsil onların son nümayəndələrini də lənətlə yola salaraq bir ailənin ölkəyə yaşatdıqları ağrıları poetik üslubda tərənnüm edən rəzalətin təntənəsini nəhayət dəfn edə biləcək. Amma heyhat, onlar estafeti ötürə bilirlər. Daha doğrusu, elə həmin bu mənhus ailə estafeti ölməkdə, nəsli kəsilməkdə olan Sovet pitekantroplarından alaraq müstəqil Azərbaycan üçün yaradatdıqları- formalaşdırdıqları əcinnələrə ötürürlər. Üstəlik, indiki əcinnələrin sayı Sovet dövründə yetişdirə bildikləri əcinnələrin sayından daha çoxdur. Çox çətindir onların öhdəsindən gəlmək!Onlar bütün dəlilləri dəlicəsinə və ya axmaqcasına urvatdan salaraq bir ailənin bir ölkə üzərində təntənəsini vəsf edirlər. Onlar Azərbaycan cəmiyyətinin potensialının bir ailənin hikkəsinin altına yerləşə biləcək qədər məhdud, xırda olduğunu tərənnüm edirlər. Onlar Azərbaycan cəmiyyətinin ideyalarının bir ailənin nəfsini doydura bilməyəcək qədər dayaz və rəzil olduğunu isbat etməyə çalışırlar. Onların sayı çoxdur. Onların sayını daha çox göstərmək üçün sanki güzgü effektindən də istifadə edirlər. Onları hər yerdə göstərirlər, təbliğ edirlər, birini ona- yüzə vururlar ki, onların sayı daha çox görünsün. Bu düzənsizliyə, yaltaqlar sürüsünün, əbləh yığınının qara niyyətlərinin fonundakı inzibati zorakılığa qarşı dirəniş göstərənləri də hər gün görürük. Biz onları görürük, görmək istədiyimiz üçün görürük. Yaramazlığı və rəzaləti tərənnüm edənləri isə istədin- istəmədin, adamın gözünə soxurlar, on dəfə göstərirlər, yüz dəfə göstərirlər, min dəfə göstərirlər.Bədbin olmağa səsləmirəm. Onu demək istəyirəm ki, Azərbaycana sahiblənmiş bir ailənin məkrindən- kinindən xilas olmağın yolunu bilmək yolsuzluğun hansı fəlakətləri doğurduğunu bilmək qədər asandır. Amma cəsarət istəyir. Onlar Azərbaycanı mənimsəmiş, caynaqlarına keçirmiş bir ailənin hikkəsi altında sınıb – əzildikcə bu hikkəni rədd edənlərə qarşı daha aqressiv olurlar. Bu məkrli ailənin xidmətində dayanmaqdan imtina edənlərə nifrətlə baxırlar. İradəsini başqalarına təslim etmiş adamlar öz iradəsi ilə davranan hər kəsə nifrət edirlər. Təslim olanlar təslim olmayanları özlərinə bənzətmək üçün və ya təslim olmağı ictimai dəyərə çevirmək üçün əllərindən gələni edirlər. Sındırılmışların sınmayan adamlara qarşı kini-küdurəti həmin o bir ailə üçün əbədi hakimiyyət yanacağıdır. Bu mənhus ailə daha çox azərbaycanlının iradəsini qırmaqla əbədi hakimiyyət mühərriki üçün yanacaq istehsal edir, sındırılmışlar da öz saylarını artırmağı mümkün ictimai qınağın effektini azaltmaq vasitəsi kimi qəbul edirlər. Daha çox sındırılmış adam daha az ictimai qınaq deməkdir. Ailə hakimiyyəti bu mühərriklə işləyir. Sovet zamanından, 60-cı illərdən başlayaraq indiyə qədər Azərbaycan cəmiyyəti insan ləyaqətindən yanacaq kimi yararlanaraq işləyən bu ailə hakimiyyəti maşınının xammalı misalındadır. Əzilmiş- sındırılmış insan iradəsindən brend yanacaq düzəltmək və hakimiyyət mühərrkini çalışdırmaq bu ailənin əsas qayğısıdır. Bunu müşahidə edə bilirsizmi?

Qənimət Zahid