Səfərin paxırları və onları kim təmizləyəcək?

Azərbaycan mətbuatı mütamadi olaraq Dövlət Gömrük Komitəsində və onun struktur bölmələrində aparılan islahatlarından, bəzi vəzifəli şəxslərin işdən çıxarılması, yer dəyişmələri və ya hüquq-mühafizə orqanları tərəfindən barələrində cinayət işinin başlanması və həbs edilmələrinə dair informasiyalar dərc edir. Hətda bir çox yüksək vəzifəli gömrükçülərin, general rütbəsində belə olanların həbs edilməsi məlumatlarını alırıq. Mediadakı həmin məlumatlardan, həmçinin Baş Prokurorluğun açıqlamalarından görürük ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri gömrük general-polkovniki Səfər Mehdiyev gömrük sisteminə doldurduğu qohum-əqrəbası, həmkəndliləri və dostlarından ibarət cinayət qruplaşmaları yaratmış və bu cinayətkarlar sahibkarlardan müxtəlif bəhanalərlə, onları süründürməçiliyə, hədə-qorxuya məruz qoyaraq rüşvət almış, büdcəni doldurmaq adı ilə sahibkarlardan idxal etdikləri malların gömrük dəyərini dəfələrlə yüksək qiymətlərlə bəyan edilməsi və bunun nəticəsində yüksək gömrük rüsum və ödənişlərin ödənilməsini qanunsuz tələb etmişlər. Bununla Səfər Mehdiyev və onun cinayətkar komandası həm çiblərini doldururdular, həmçinin öz məssəblərində guya büdcəni doldurduqlarını güman edərək ölkə rəhbərliyi qarşısında «bomba oğlan» obrazını yaradırdılar. Lakin bu «bomba oğlanların» cinayət əməlləri nəticəsində minlərlə sahibkarlar müflis oldu, fəaliyyətləri iflic halına düşdü, bir neçəsi isə özlərinə qəsd edərək intihar etdilər. Gömrükçülərin cinayət əməlləri nəticəsində bəzi sahibkarlar fəaliyyətlərini dayandırdıqlarına görə büdcə daxilolmaları azalmasın deyə Səfər Mehdiyev fəaliyyət göstərən sahibkarlardan daha çox gömrük rüsum və ödənişlərin alınması tapşırığını vermişdir. Buna görə də gömrükçülər sahibkarların mallarını aylarla gömrük və bahalı Karqo anbarlarında, nəqliyyat vasitələrinin üzərində saxlayaraq sərbəst dövriyyə buraxmamış, onlardan müxtəlif qanunsuz bəhanələr, barələrində hətda uydurma inzibati xəta haqqında və cinayət işləri başlayaraq və digər qanunsuz təsir metodlarından istifadə edərək idxal etdikləri malların gömrük dəyərini invoysda göstəriləndən daha yüksək qiymətlərə bəyan edilməsini tələb edirdilər. Nəticədə gördüyünüz kimi idxal mallarının daxili bazarda qiyməti artmış, keyfiyyətli malların çeşidləri isə azalmışdır. Son üç il ərzində yalnız Səfər Mehdiyevə yaxın sahibkarlar ölkəyə maniyəsiz mal gətirə bilmişlər. Səfər Mehdiyev və onun cinayətkar ətrafının ölkənin biznesinə, onun iqtisadiyyatına vurduğu zərər yüz milliardlarladır. Nazirlərin, Komitə sədrlərinin, bəzi deputatların qanunsuz əldə etdikləri millionlarla vəsaitlərin də ölkədən çıxarılması Səfər Mehdiyevin və ona yaxın gömrükçülərin əli ilə həyata keçirilmişdir. Biz inanırıq ki, hazırda hüquq-mühafizə orqanlarında aparılan cinayət işlərinin nəticəsi kimi, başda Səfər Mehdiyev olmaqla , onun bütün cinayətkar ətrafı həbs ediləcəkdir. Lakin biz hesab ediri ki, Səfər Mehdiyevlə yanaşı bəzi məhkəmə hakimlərinin də fəaliyytləri təhlil edilməli və nöqsanı olanlar cəzalandırılmalıdır. Belə ki, gömrükçülər tərəfindən hüquqları pozulan sahibkarlar üz tutur məhkəmələrə. Əsas da inzibati məhkəmələrə. Burada isə sahibkarları məhkəmə süründürməçiliyi və hakim özbaşınalığı gözləyir. Təbii ki, ən əsas amil odur ki, Səfər Mehdiyev özünü sığortalamaq üçün Ali Məhkəmənin sədrinin doğma qardaşına gömrük orqanlarında yüksək vəzifə vermişdir. Buna görə də Ali Məhkəmənin sədri qeyri-rəsmi olaraq məhkəmə hakimlərinə gömrük orqanlarına qarşı qərarlar qəbul etməmələrini tapşırmışdır. Bu qeyri-rəsmi göstəriş hakimlərində özlərinə sərf edirdi ki, iş yükü çox olduğuna görə sahibkarların iddialarını araşdırmadan belə rədd edib icraatlarını təmizləyirdilər. Nəticədə sahibkar məhkəmə ədalətinə də inanmayıb, gömrük orqanlarının qanunsuz tələblərini icra etməli olurdu və bununla da müflis olub fəaliyyətini dayandırırdı. Bir neçə sahibkar isə məhkəmə ədalətsizliyinə etiraz əlaməti olaraq prezident administrasiyasının qarşısında özünü yandırmışdır. Hakimlər gömrükçülərin guya büdcəni doldurmasını nəzərə alaraq sahibkarların iddialarına baxarkən işə səthi yanaşır, uzun-uzadı lüzumsuz araşdırmalar aparır, əsassız məhkəmə ekspertizaları təyin edir və bununla məhkəmə prosesinin uzadılmasına nail olur, sahibkarı süründürməçiliyə məruz qoyur, yekünda isə sahibkarın iddiasını təmin etmirlər. Bununla sahibkar daha çətin vəziyyətə düşür, külli miqdarda anbar pulları ödəmək məçburiyyətində qalır və zərərə düşür. Buna görə də həmin sahibkar birdə gömrükçülərə qarşı məhkəməyə müraciət etmir. Milli gömrük qanunvericiliyinin, həmçinin ölkəmiz də qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə görə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı bəllidir. Qanunvericiliyə görə idxal malların gömrük dəyərini müəyyən etmək üçün tələb olunan sənədlər sırasına daxildir yalnız müqavilə, malların satıcısı tərəfindən rəsmiləşdirilmiş invoys və alıcı tərəfindən bank vasitəsi ilə malların dəyərinin satıcıya ödənilməsini və ya ödəniləcəyini təsdiq edən bank sənədləridir. Bu sənədlər sahibkar tərəfindən bəyannamə ilə birlikdə gömrük orqanına təqdim olunubdursa ondan heç kim əlavə sənəd təqdim edilməsini tələb edə bilməz və ya təqdim edilmiş sənədləri şübhə altına ala bilməz. Çünki, mötəbərlik prinsipi deyilən bir anlayış da var. Lakin sahibkarların dediyinə görə gömrükçülər onlardan malların ixrac ölkələrində rəsmiləşdirilmiş və həmin ölkənin daxili sənədi sayılan ixrac bəyannaməsinin və digər sənədlərin də təqdim edilməsini tələb edirlər. Bu isə qanunsuzdur. Belə ki, xarici ölkələrdə mallar göndərilərkən gömrük rəsmiləşdirilməsində müxtəlif amillərdən asılı olaraq ixrac bəyannaməsində satıcının invoysda göstərldiyi qiymətdən daha yüksək qiymət göstərilə bilər. Lakin bu o demək deyil ki, xarici ölkədəki satıcı malını Azərbaycandakı alıcıya həmin, yəni ixrac bəyannaməsində göstərilən qiymətə satıbdır. Lakin gömrükçülər bu amildən də qanunsuz olaraq yararlanaraq sahibkarları soyur, məhkəmələr isə buna göz yumurlar. Hələ bir hakim tapılmayıbdır ki, məhkəmə zamanı gömrük orqanının nümayəndəsindən soruşsun ki, «ay bomba oğlan» sən idxal mallarının qiymətinin qaldırılmasında niyə belə maraqlısan? Niyə bizim ölkəmizə ucuz mal gəlməməlidir? Nəyə görə ölkəmizdə xarici malların qiyməti qonşu ölkələrin daxili bazarında olan qiymətlərdən qat-qat artıq olmalıdır? Bu biyabırçılıqlara nə vaxt son qoyulacaq?Buna görə hesab edirik ki, ölkəmizdə fəaliyyət göstərən bütün inzibati, həmçinin gömrük sahəsinə aid olan inzibati xətalara baxan məhkəmələrin və onların hakimlərinin də fəaliyyətləri təhlil edilməlidir. Sahibkarların iddialarına əsasən inzibati məhkəmələrdə baxılan işlər və sahibkarlara qarşı gömrük orqanları tərəfindən başlanılaraq məhkəmələrə göndərilən inzibati xətalara dair işlər Məhkəmə-Hüquq şurası və digər aidiyyəti qurumlar tərəfindən öyrənilməlidir. Sahibkarların hüquqlarını pozan hakimlər müəyyən edilməli və onların fəaliyyətlərinə xitam verilməsi üçün ölkə prezidenti qarşısında vəsatətlər qaldırılmalıdır. Belə hakimlərə yer yoxdur məhkəmə sistemində. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Yalnız bu yolla biz hüquqi dövlət qurulmasına nail ola biləcəyik. Sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar normal fəaliyyət göstərsinlər və vergi ödəyərək büdcəmizi doldursunlar. Sahibkardan hədə-qorxu ilə, onu süründürməçiliyə məruz qoymaqla alınmış pullarla büdcə doldurmaq olmaz!