Qan-qarğış dolu “dərin siyasət”

Bəzən dostlar “Bu hakimiyyətin çox dərindən düşünən, ağıllı məsləhətçiləri var, onlar hər şeyi nəzərə alırlar, ağılsız deyillər, çox dəqiqliklə hesablamalar aparırlar” söyləyəndə təəccüblənirəm.

Ay qardaş, dərin düşünüb, dəqiqliklə hesablayıb nə əldə ediblər?! Xalqın ahı-naləsi, qan-qarğışı, bir millətin iki nəslinin (bir nəsil 27 ildən hesablanır) bədbəxt edilməsi hesabına yüz milyardlar qazanıblar, düzdür. O yüz milyardlarla nə ediblər?! 70 faizini ölkədən çıxarıblar, həmin pulların bir hissəsi ofşor hesablarda həbsdədir, maliyyə aktivlərinin böyük əksəriyyətini tərpədə bilmirlər. O pullar və əmlakların 95 faizi hesab edin ki, artıq bunların deyil. Rövnəq Abdullayevin oğlu 2.5 milyon manatlıq saatını İspaniya polisindən ala bilmədi, polis ondan arayış istədi ki, bu pulu necə qazandığını sübut edən rəsmi sənəd gətir. Bizim məmurlar Avropadakı yüz milyonluq sərvətlərini leqal yolla qazandıqlarını necə sübut edəcəklər?! Haradan arayış aparacaqlar?! Xalqdan oğurladıqları pulun 30 faizi Azərbaycandadır ki, onların da milliləşməsi demokratik hakimiyyət qurulandan sonra an məsələsidir. Hə, düzdür, arada “padşah” kimi yaşadılar, Bruney sultanının görmədiyi dəbdəbəni gördülər, amma əvəzində övladları küt, tərbiyəsiz, tüfeyli böyüdü. İndi dünyanın ən zəngin insanları öz çoxmilyardlıq sərvətlərini övladlarına deyil, xeyriyyə fondlarına vəsiyyət edir ki, uşaqlarının həyatda yaşamağa, uğur qazanmağa stimulu, motivasiyası olsun, zəhmətlə qazanmadıqları sərvət onların tərbiyəsini, psixikasını pozmasın. Bunların uşaqlarının 90 faizinin ya tərbiyəsi, ya psixikası yerində deyil. Çünki, haram pulla böyüyüblər, çünki yedikləri, içdikləri, xərclədikləri qan-qarğışdlr, ah-nalədir. Hamımız, hətta hakimiyyətin özü də anlalır ki, 60-cı illərdə quldarlıq quruluşu tarixə qovuçduğu kimi , yaxın zamanda da avtoritar idarəetmə tarix kitablarının, politoloji tədqiqtların mövzusu kimi dar bir dairəyə qapanacaq. Lap bundan sonra 2 il, 3 il hakimiyyətlərini sürdürsünlər (düzü, buna heç inanmıram), bəs sonra?! Tarixin inkişaf istiqaməti dəyişəcək, təkalüm prosesi duracaq, ölkələr demokratiyadan avtoritarizmə, diktaturaya geri dönəcəklər?!

Varmı belə bir nümunə?! Özləri də, övladları da xalqın əbədi lənətinin obyektidir, bu sözsüz. Bunca zülmlər etməklə yığdıqları milyardlar onlara qismət olası deyil, nə Avropadan və ABŞ-dan, nə də xüsusilə, Rusiyadan pul alası deyillər. Məhv etdikləri, həyatını puç etdikləri, həbslərdə çürütdükləri, şərəf və ləyaqətilə oynadıqları, əmlaklarını qəsb etdikləri, bir parça çörək naminə evindən-Vətənindən didərgin saldıqları, aclığa, yoxsulluğa, səfalətə məhkum etdikləri milyonlar ədalət anının ümidilə yaşayır, səbirsizliklə o günü gözləyir. Zülmdən, səfalətdən, haqsızlıqdan cana doymuş xalqın partlayışı an məsələsidir. Və bu hədsiz dərəcədə təhlükəli vəziyyətdə bu “ağıllılar” nə edirlər?! Zülmü bir az da artırırlar, insanları daha çox əzirlər, tamahlarına dur demək əvəzinə qiymətləri qaldırırlar ki, daha çox qazansınlar. Və bu insanlara kimsə “ağıllı” deyir!. Öz hakimiyyət ömrünü maksimium 2-3 il uzatmaq naminə daha çox çirkaba, daha ağır cinayətlərə bulaşmaq, bununla da nisbətən az itki ilə qurtularaq həyatın üçün təhlükəsizlik qarantiyası almaq şanslarını birdəfəlik itirmək “dərin ağlın” göstəricisi sayıla bilərsə, bəli, dəhşətli dərəcədə ağıllıdırlar. Bu yerdə məşhur bir atalar sözünü necə xatırlamayasan: “Dəriləri dolusu dərddir, xəbərləri yoxdur”. Ancaq, məncə, xəbərləri var.

Gültəkin Hacıbəyli