Üç dişli “CANAVAR”

Seymur Həzi

Sosialist realizmi nədir? Milyonlarla insanın evindən – eşiyindən didərgin salınması, Sibirə ya qəbirə göndərilməsi, amma televizyadan onların yaxınlarına, ailə üzvlərinə xoşbəxt həyat haqqında bəhbəhlə aparılan təbliğatın boy verməsi. Sosialist realizmi üzüm, pambıq, çəltik, tütün tarlalarında 75 yaşında görsənən 35 yaşlı qadınların qara sancıdan dünyasını dəyişdiyi, onların ayaqyalın- başıaçıq böyüyən uşaqları haqqında səadət və firavanlıq qoxuyan qəzet materilallrı idi. Sosializmin kommunizmə doğru iri, inamlı və amansız addımlarla getdiyi bir vaxtda onun tapdağı altında qalan milyonlarla insanın bu “pripiska”larda fiziki və mənəvi baxımdan necə məhv edildiyini ən bariz şəkildə yazıb Qənimət Zahid.

Onun “Canavar”ı bizə üç mühüm istiqamətdə əyani vəsaitdir:

Birincisi, siyasi sosializmin heç bir işartısını görməyən yeni bir gənclik yetişməkdədir və onlar müasir sosial demokratiya prinsipləri ilə Sovet sosializmini bir birinə yaxın, ya da birini digərinin formativ əlavəsi kimi təsəvvür edirlər. Hətta çəkinmədən Stalinizmi təbliğ edirlər. Bunun nə dərəcədə təhlükəli olduğunun fərqində belə deyillər. Hitler insanları irqinə görə məhv edirdisə, Stalin canlıları, sadəcə, növünə görə məhv edirdi. Yəni insan olduğuna görə- insan yoxdur, problem yoxdur. Bunun testi isə şüur nümaiş etdirmək idi. Şüur nümaiş etdirənlər, ölümə qucaq açmış olurdular. Bu əsərdə Kommunist Partiyasının Rayon Komitəsinin birinci katibi kimdirsə, Stalin də İttifaq miqyasında eyni adam idi. Bu əsəri oxuyarkən hadisələr arasında məntiqi əlaqə qurmağa çalışıb, ilişən adamlar, sadəcə, anlamalıdırlar ki, Sovet hakimiyyətində məntiq bir fənn kimi də qadağan idi. Bir sözlə, bu əsər ideoloji boşluq səbəbindən stalinizmə yuvarlanan nəsil üçün bir əyani vəsaitdir.

Qənimət Zahid və “Canavar”

İkincisi, biz bilirik ki, sovet dövründə sosializm realizmini tənqid edən insanlar var idi. Bunların ən parlaq nümayəndələri elə SRRİ, ya da hansısa respublika səviyyəsində xalq yazıçıları ola bilirdilər. Məsələn, Azərbaycanda Kommunist partiyasının 1971-ci ildə keçirilən plenumunda birinci katib Heydər Əliyevin hədəfinə gələn şəxslər sizin üçün də maraqlı ola bilər. “Qobustan” jurnalının baş redaktoru Anar Rzayev ( indi də AYB-nin sədridir), “Bir Cənub şəhərində” filiminin yaradıcı heyəti – (Rüstəm və Maqsud İbrahimbəyovlar), bəstəkar Qara Qarayev, Ziya Bunyadov ( İttifaq səviyyəsində mükafatlar alırdı). Yəni aydın görünür ki, o dövrdəki tənqid ifşa deyildi, sadəcə eyham idi. Qənimət Zahid isə sosializm realizmini eyhamla tənqid etmir, daha arxayıncasına ifşa edir. Əsər ciddi ədəbi əhəmiyyət daşıdığı qədər siyasi mahiyyət də daşıyır ki, bu da ideoloji konstekstdə çox önəmlidir. Bu əsərdə Sovet “sosial ədələti”nin müasir Skandinav modelində olduğu kimi əməkçinin 8 saatdan da az işləyib çox qazanması deyil, işləməkdən yaşamağa vaxtı olmayanların sadəcə acından ölməsinə imkan verilməməsi olduğu ortaya çıxır.

Üçüncüsü və daha fundamental tərəfi odur ki, “Canavar” adı özünün bioloji və psixoloji mahiyyətini burada tam ortaya qoymaqla siyasi aydınlaşmaya səbəb olur. Günümüzün siyasi hadisələrini, hökumətin heç bir çağdaş məntiqlə yozulmayan, bəzən isə ümumiyyətlə ağılla yozula bilməyən addımlarını başa düşmək üçün hazırkı siyasi ideoloji konseptin tarixi kökünü bilmək çox önəmlidir. Bu baxımdan “Canavar” indiki siyasi sistemin, yırtıcı, qisasçı və doymayan mahiyyətini izah etməkdən ötürü onun rişəsini eşib göstərməyə cəhd edib. Mən düşünürəm ki, bu cəhd çox uğurlu alınıb. Bütün oyunlar bir adamın razı qalması üçündür. Bütün cəhdlər bir nəfərin əsəbərinə tuş gəlməmək üçündir. Bütün frıldaqlar sağ qalmağa görə başqasını qurban vermək üçündür. Bütün təşəbbüslər məhz təşəbbüskar görünməmək üçündür. Bu bir nəfər rayonda “raykom”, ölkədə birinci katib, ittifaqda isə Mərkəzi Komitənin birinci katibidir. Bu əsər həm də bizim bu günümüzə bədii illustrasiyadır. Oxumaq lazımdır, oxumaq!