Hörmüz Boğazında böhran… İran-İngiltərə və ABŞ gərginliyinin səbəbləri.

İngilis donanmasının 4 iyulda Cəbəllütariq boğazında İrana aid Panama bayrağı altında üzən tankerini Avropa Birliyinin Suriyaya tətbiq etdiyi embarqonu pozaraq Suriyaya neft daşıdığı iddiası ilə saxlaması da bu prosesə yeni forma və məzmun verir.

                                                                  Nəsimi Məmmədli 

                                                                                politoloq

  • İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması ilə dünyada beynəlxalq hüquqa əsaslanan balanslı siyasət yürüdülməyə başladı. Beynəlxalq münasibətlərin tənzimlənməsində güc amili mövcud olsa da beynəlxalq hüquqün kobud şəkildə pozulması halları geniş yayılmamışdı.

Sovet İttifaqı dağıldıqdan sonra dünya tədricən təkqütblü güc amilinə dayanan siyasətə doğru istiqamətləndi. Beynəlxalq hüququn üstünlüyünü real gücə söykənən siyasət əvəzləməyə başladı. Əlində hərbi-siyasi, iqtisadi güc olan iri dövlətlər üçün beynəlxalq hüququn prinsipləri əsasən arxa plana keçdi.

Məhz bu amillər son illər dünyada gərginliyin, ziddiyyətlərin, lokal müharibələrin, terrorizmin, humanitar və demoqrafiq problemlərin artmasına gətirib çıxarıb. Böyük dövlətlər öz maraqlarını diqtə etdirmək üçün güc amilinə arxalandıqlarını hər fürsətdə açıq göstərir. Bu dövlətlər üçün xarici siyasətdə beynəlxalq hüquq anlayışı sadəcə olaraq görüntüdür. İngiltərə və İran arasındakı tanker böhranı da bu qəbildəndir.

Böyük dövlətlərin gücə söykənən yanaşmasını nəzərə alan orta ranqlı dövlətlər də öz milli təhlükəsizliyini təmin etmək istiqamətində məcburən müasir silahlanmaya intvestisiya qoyur, öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etməyə cəhd göstərir.

Hazırda öz hərbi-siyasi üstünlüyünü diqtə etməklə siyasət yürüdən dövlətlərin başında ABŞ və müttəfiqləri dayanır. Eyni zamanda Rusiya və Çin də bu istiqamətdə müəyyən addımlar atır.

Xüsusilə də regionda lokal müharibələrin, separatizmin, terrorizmin bu amillərdən qaynaqlanması barədə iddialar da artmaqdadır. Regionda böyük dövlətlərin parçalanması, yeni dövlətlərin yaranması, unitar dövlət modelindən federal dövlət modelinə keçid kimi siyasi planların olması da iddialar arasındadır.

ABŞ-İran arasındakı gərginliyin kökündə iqtisadi və geosiyasi amillərlə yanaşı, məhz son illər ABŞ-ın Orta Doğuda tətbiq etməyə çalışdığı yeni siyasət dayanır. Sovetlərin dağılmasından sonra ABŞ Orta Doğunu yenidən şəkilləndirməyə yüz milyardlarla dollar vəsait xərcləyib. Bu bölgədə tarixən mövcud olan iri və güclü dövlətlərin mövcudluğu ABŞ-ın planlarına əngəl yaradır. Bütün vasitələrlə böyük və ideoloji-siyasi nüfuzu olan dövlətlərin zəiflədilməsi yönündə çalışmalar davam edir. İki il öncə 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirən ABŞ administrasiyası Ərəb və İslam ölkələri zirvə toplantısı ilə müsəlman dövlətlərinin gələcək əməkdaşlığının çərçivəsini müəyyənləşdirmək niyyətini ortaya qoymuşdu.

ABŞ-ın hazırkı Tramp administrasiyasının Orta Doğuya yönəlik siyasət doktrinasında İsrailin və Ərəb birliyi dövlətlərinin dost, İranın isə düşmən dövlət kimi təqdim edilməsi də təsadüfi deyil.  ABŞ davamlı olaraq öz vətəndaşlarına və müttəfiqlərinə İranı düşmən dövlət kimi təbliğ edir. Bununla həm xarici siyasətdə atdığı beynəlxalq hüquqa zidd hərbi-siyasi addımları öz vətəndaşlarına qəbul etdirir, həm də xərclədiyi iri məbləğdə pullara görə vətəndaşlarından tənqid almır.

Təsadüfi deyil ki Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci ilin 11 sentyabr terror aktından sonra ABŞ cəmiyyətində islamafobiya dərin iz qoyub.  Nyu-York şəhərində  törədilən terrordan sonra ABŞ hərbiçilərinin İraqda və Əfqanıstanda apardığı müharibəyə Amerika ictimaiyyətindən böyük dəstək gəlmişdi. Müharibə xərclərinin ayrılması üçün Konqress dərhal qərar qəbul etmişdi.

Tramp administrasiyası da xarici siyasətdə bu ənənəyə sadiqdir. Öncə cəmiyyətdə qorxunc xarici düşmən obrazı yaradılır, daha sonra isə bu düşmənlə mübarizə taktikası seçilir. Hətta bu yanaşma seçkilərdə qalib gəlmək üçün də istifadə olunur.

İran Orta Doğunun əsas oyunçuları sırasındadır. İranın Orta Doğuda fəal siyasət yürütməsi ABŞ və müttəfiqlərinin uzaq planlarına uyğun deyil.  ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar İran iqtisadiyyatını zəiflətsə də, onu öz xarici siyasətindən çəkindirməyib. Bu sanksiyalar yalnız İran iqtisadiyyatına deyil, həm də onunla iqtisadi-ticarət əlaqələrində olan dövlətlərə də mənfi təsir edir. ABŞ-ın sanksiyalarına nəinki rəqiblər, hətta bəzi müttəfiqlər də tənqidi yanaşır. İrana hərbi müdaxilə variantı da hələki bəyanat səviyyəsindədir və bu situasiyada daha irəli getməsi ehtimalı azdır.

Hətta ABŞ-ın nüfuzlu strateqləri də hesab edir ki İrana hərbi müdaxilə etmək uğurlu variant deyil. Bu, ABŞ-ın Orta Doğudakı  maraqlarını tamamilə təhlükəyə ata bilər. Eyni zamanda Avropa İttifaqı, Çin, Türkiyə və Rusiya da bu planın gerçəkləşməsinə razı deyil.  Xüsusilə də nəzərə almaq lazımdır ki ABŞ-ın hazırda belə bir addım atmasından ABŞ-dan çox qonşuluqdakı Rusiya qazana bilər.
Rusiya prezidenti Vladimr Putin ABŞ-İran gərginliyini şərh edərkən  “biz yanğınsöndürən deyilik” ifadəsinin arxasında ABŞ-la hansısa gizli razılaşma deyil, Tramp administrasiyasını İrana hərbi müdaxiləyə şirnikləndirmək məqsədi də istisna deyildi.  ABŞ İrana qarşı belə bir addım atarsa Rusiyanın dərhal Cənubi Qafqazda və Xəzər dənizində tamamilə yeni və gözlənilməz siyasət yürüdəcəyi ehtimalı var. Eyni zamanda Rusiya Hömrüz Boğazında da öz hərbi-siyasi varlığını göstərməyə çalışacaq. Həmçinin Türkiyənin də öz sərhədlərindən kənarda yeni və irimiqyaslı hərbi əməliyyatlara start verəcəyi istisna deyil. Bu isə qərbin strateji maraqlarına daha ağır zərbə ola bilər.

İran qədim dövlətçilik ənənəsinə malik unitar dövlətdir. Analizlər göstərir ki İran cəmiyyətinin oturuşmuş tarix şüuru, dini ideologiyası, siyasi təfəkkürü və ictimai proseslərə yanaşması, habelə mülkiyyət münasibətlərindən doğan sosial mühiti Orta Doğunun digər dövlətlərindən xeyli fərqlidir. İranın sosial-siyasi özünəməxsusluğu var. İraqda, Əfqanıstanda, Suriyada və digər ərəb ölkələrində uğurla sonuclanan siyasət İranda fərqli nəticə doğura bilər.

ABŞ-İran arasındakı problemlərin həlli müşkül olsa da, onun tezliklə yeni fazaya keçəcəyi ehtimalı da istisna deyil. ABŞ İranla bağlı siyasi-hərbi strategiyasına yeni əlavələr etmək məcburiyyətindədir.

İngilis donanmasının 4 iyulda Cəbəllütariq boğazında İrana aid Panama bayrağı altında üzən tankerini Avropa Birliyinin Suriyaya tətbiq etdiyi embarqonu pozaraq Suriyaya neft daşıdığı iddiası ilə saxlaması da bu prosesə yeni forma və məzmun verir.

İranın “Grace 1” adlı tankerinin saxlanmasına adekvat reaksiya verəcəyi gözlənilən idi. Bu adekvat addım özünü çox gözlətmədi. İran hərbi donaması da Hömrüz Boğazından keçən İngilis gəmisinə qarşı adekvat addım atdı. İran öz addımının beynəlxalq dəniz hüququna uyğun olduğunu irəli sürsə də,  bu addım ABŞ, İngiltərə-İran gərginliyini daha da artırıb. Artıq İngiltərə və ABŞ-ın Hömrüz Boğazından keçən tankerlərini hərbi donama müşayət edəcək.

ABŞ və müttəfiqləri İranın neft satışına, ticarət və iqtisadi əlaqələrinə həlledici zərbə vurmaq üçün bütün imkanlarını səfərbər edib.  Hazırda Hömrüz Boğazı həm İran həm də ABŞ üçün ən kritik nöqtədir. Münasibətlərin diplomatik  çözüm imkanları tükənməsə də, hər an təxribatların baş vermə ehtimalı yüksək olaraq qalır. Tarixdə bir neçə dəfə Hömrüz Boğazı ətrafında belə böhranlı situasiya yaranıb. Xüsusilə də 1980-ci illərdə 8 illik İran-İraq müharibəsi zamanı neft daşıyan tankerlərə açıq hərbi müdaxilələr baş verib. 2012-ci ildə də ABŞ-İran arasında Hömrüz Boğazı ilə bağlı kəskin böhran yaşanmışdı. Hərbi toqquşma olmadan tərəflər problemi həll edə bilmişdi.

Hömrüz Boğazı İran üçün nə qədər həyati əhəmiyyət daşıyırsa, ABŞ və müttəfiqləri üçün də bir o qədər strateji əhəmiyyətə malikdir. Hazırda dünyada tankerlərlə neft daşımaçılığında Hömrüz Boğazı 40% -lik nəticə ilə ilk yerdədir. Bu Boğazdan gəmilərlə gündə təqribən 18 milyon barel neft daşınır. Belə bir strateji əhəmiyyətli keçiddə yarana biləcək istənilən hərbi gərginlik dünyada neftin qiymətinin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu isə Rusiyanın maraqlarına uyğun olsa da bütövlükdə Avropa və Asiyanın iqtisadiyyatında öz mənfi təsirini göstərə bilər.