Fil hekayəsi

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, bahalı avtomobillər qarajı olan, avtomobillə şütüyərkən 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan qəza törətmiş 25 yaşlı milyoner N.Allahverdiyev 6 il cəza alıb, cəza 5 ilə endirilmiş, 1 il həbsdə yatandan sonra cəzası məntəqə tipliyə (faktiki azadlıq) dəyişdirilmişdi. Bu gün Azərbaycan Ali Məhkəməsi o formal cəzanı da ləğv edib, Nail tam azad edilib.

Nailin vəkili işi belə qurub ki, maşında ölən dostu onsuz da ölübmüş, Nail onu xəstəxanaya çatdırdıqda yolda təkəri partlayıb və qəza baş verib. Nə təsadüf! Zatən biz bilirdik ki, baş nazirin nəvəsi maşın ötüşdürmürmüş, yanında ölən gənc dostunu xəstəxanaya çatdırırmış, bədbəxtlikdən məhz o anda əclaf Gelandewagenin təkəri partlayıb… Vəkil ‘Bu, ehtiyatsızlıqdan olan cinayət işidir. Böyütmək lazım deyil. Jurnalistlər milçəkdən fil edir’ deyib.

Vəkilə və baş nazirin müavini Əli müəllimə xatırlatmaq lazımdır ki, jurnalist Seymur Həzi heç kimi öldürməyib, heç kimi yaralamayıb, amma 5 il həbs cəzası alıb və 5 ilə yaxındır ki, həbsdədir. Qarışqadan fil düzəldib, cinayət törədənə bəraət, cinayət törətməmiş şəxsə isə cəza verən sizsiniz bəlkə?

Bəxtiyar Hacıyev