Mühacirlərə qarşı “Bakı reydləri” davam edir

Azərbaycanın repressiya maşını mühacirlərin ölkədə yaşayan ailə üzvlərinə qarşı təqibləri davam etdirir. Bu təqiblərin tarixi isə yeni deyil və əsasən, xaricdə daha çox siyasi fəallıq göstərən şəxslərlə bağlı olur.

Amerikada yaşayan gənc siyasi fəal Kamal Məmmədlinin atası martın 23-də, Bakı şəhərində, saat təxminən 16 radələrində mülki geyimli səxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə gənc siyasi fəalın ailə üzvləri Azadlığa məlumat veriblər.

Hadisə belə baş verib. Kamal Məmmədlinin atası Elxan Məmmədov martın 23-də öz şəxsi avtomobili ilə evinə tərəf gedərkən içərisində sürücü ilə birlikdə 4 nəfərin olduğu ağ rəngli maşın onun yolunu kəsib. Həmin şəxslər Elxan Məmmədlini zorla öz avtomobilindən düşürərək öz maçınlarına oturdublar və başına maska keçirərək Elxan Məmmədovun bilmədiyi istiqamətə aparıb saxlayıblar. Elxan Məmmədovu 4-5 saat ərzində saxlayıb sorğu- sual ediblər. Ona əsasən Amerikada yaşayan oğlu, AND üzvü Kamal Məmmədlinin fəaliyyəti barədə suallar veriblər və sonda hədə – qorxu da gəliblər ki, əgər Kamal Məmmədli öz siyasi fəaliyyətinə son verməsə burdakı ailə üzvləri üçün « yaxşı olmayacaq ».

Əməkdaşımız bu məsələ ilə bağlı Kamal Məmmədli ilə də əlaqə saxlayıb. Kamal Məmmədli xəbəri təsdiq edərək bildirib ki, bu, yeni hadisə deyil. Bu zamana qədər də bir neçə dəfə buna bənzər hadisələr olub: «Sadəcə olaraq, buna bənzər hadisələr barədə məlumat yaymaqdan müəyyən səbəblərə görə çəkinirdim. Amma indi hesab edirəm ki, bu cür faktları ifşa etmək vacibdir ».

Mövzunu diqqətdə saxlayacağıq.

azadliq.info