Səni sevmək çətindir , Vətən!

Vaqif Azəryar

Son vaxtlar incəsənət aləmində müxtəlif formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir. Bu,  cəmiyyətdəki dərin böhranın təzahürüdür. Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla,  çəkdiyim filmlərin vasitəsiylə. Özü də alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk mənlikdir. Özü də tək elə bunlar yox…

İndi Azərbaycanda 800.000 iş yeri açıldığından mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur. Yəqin 800.001 iş yeri açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu,  yaxşılığa doğrudur?! Nə isə…

Mən sözümü daha çox gənclərə yönəldirəm. Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.

I

İtirilmiş həqiqət.

Cəmiyyətdə hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu hiss, bu insani keyfiyyət  həqarət obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap ucuz şouların, komediyaların kadr arxası fonoqramında olduğu kimi: ha-ha, he-he, hiii-hih!

Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”. Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?

Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni  uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də, bu, belədir. Əslində bu alçalma, təhqir olma  hissini yaşamaq çox təbiidir. Ancaq bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm, görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər, nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!

Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl mənasında Dəli, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə, dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox böyük sevgin, eşqin olsun! O qədər sevgimiz, eşqimiz varmı?  Bu sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: – bəli, var! Bu cavabda gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir. Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur. Məhz bu istək dəlilik, manyaklıq  dərəcəsindədir. Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha, he-he, hiii-hih!

Ancaq deyilənə görə söz, axırıncı gülənindir.

Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən çıxmaqda kömək etməkdir.  Bunun üçün birinci növbədə özümüz  özümüzlə səmimi olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki, vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin alçalmasıyla, mənliyimizin tapdanmasıyla barışmırıq, və görsək  ki, bu hiss bizi yandırıb tökür, onda nəyin düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.

Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki, hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər. Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.

Yəni 7 manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddi durumunun daim artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır.  Dostayevski demişkən, dünyanın heç bir firavanlığı günahsız bir körpənin göz yaşına dəyməz.

Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm. Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi dağıdır. Məsələ  heç mənim halımda da deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.

Gəlin məsələnin cavabını axtaraq.

Cavabi- məsələ:

–       Deyir çörəyi ver çörəkçiyə birini də üstəlik. Sanki sadə bir həqiqətdir, yəni hər iş yerini ver bacarana, ustaya, peşəkara. Burda aydın olmayan nə var ki?

–       Ancaq məncə, burada araşdırılmalı məqamlar var. Əvvəla çörəyi çörəkçiyə kim verməlidir, onun çörəkçi olduğunu kim müəyyən etməlidir?

–       Yəqin ki, bu işə səlahiyyəti olan hər hansı bir şəxs.

–       Deməli, bu məsəli personajlara ayırsaq, burda üç iştirakçının olduğunu görərik. Biri Çörəkçi, biri Səlahiyyətli şəxs. Biri də “çörəyi ver çörəkçiyə, birini də üstəlik” deyən – Məsləhətçi.

Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik, gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq…