Qənimət Zahid Niderland xarici işlər nazirliyini məhkəməyə verməyə hazırlaşır

Niderland krallığı Xarici İşlər Nazirliyi sentyabr ayında Azərbaycanla bağlı bir hesabat hazırlayıb. 2021- ci ildə Azərbaycandakı ictimai- siyasi şəraitlə bağlı 99 səhifəlik hesabatdır. Hesabatın qeyri- peşəkarlığı öz yerində, amma burda konkret olaraq Qənimət Zahidlə bağlı böhtan tirajlanıb.

Böhtan bundan ibarətdir: «2015- ci ildə iqtidar yönlü «Kaspi» qəzetində hal- hazırda Fransada yaşayan jurnalist Qənimət Zahidin mühacirlər üçün saxta sənəd satması ilə bağlı yazı yazılıb. Azərbaycanda və Fransada bu məsələ ilə bağlı cinayət işi qaldırılmadığından faktla bağlı heç bə demək mümkün deyil».

Bəlkə də, XİN – də bu böhtanı tirajlayanda məsələnin bu qədər ciddiləşəcəyini təsəvvür etmirdi.

Ciddiləşməkdə olan məsələ nədir ?

İlk növbədə, hakimiyyət yönlü informasiya vasitələri Niderland Xarici İşlər Nazirliyinin tirajladığı bu böhtanı guya daha ciddi mənbədən təsdiq edilmiş kimi yaymağa başladılar və yaymaqdadırlar.

Biz, əlbəttə, Niderland XİN-lə, eləcə də bu hesabatın müəlliflərindən olan Elvin Moenkerslə yazışmağa başladıq və onlara xatırlatdıq ki, bu böhtanın tirajlanması həm onların nüfuzuna xələl gətirir, həm də konkret olaraq Qənimət Zahidə daha bir böhtan atılmış olur. Biz əlbəttə, tələb edirik ki, onlar bu böhtanı öz hesabatlarından çıxarsınlar. Bu yazışmaları da sizə təqdim edirik ki, böhtanı kimin səsləndirməsindən asılı olmayaraq onun qarşısında susmayacağıq…

Cənab Elvin Moenkers iddia və ya etiraf edir ki, bu, Niderland xarici işlər nazirliyinin mövqeyi deyil, «biz sadəcə olaraq açıq mənbələrdən götürdüyümüz faktları yerləşdiririk ». Biz də onlara yazırıq ki, siz bu «faktları» açıq mənbələrdən deyil, iftiraçı mənbələrdən götürürsüz və paylaşırsız, buna görə təkzib verməli, üzr istəməlisiz. Onlar hələlik, öz bürokrtatiyaları ilə məşğuldurlar, biz də öz tədbirlərimizi davam etdiririk.

Niderland Xarici İşlər Nazirliyi «Kaspi» qəzetini necə oxuya bilərdi? Kaspi qəzetini heç azərbaycanlılar oxumurlar. Amma XİN-in iddia etdiyi yazı Kaspi qəzetində 2015- ci ildə iyul ayının 25-də dərc edilib. Yazıda bildirilir ki, «mühacirətdə yaşayan Qənimət Zahid qohum-əqrəbası üçün darıxmağa başlayıb. Özü buraya gəlib onları görə bilmədiyinə görə Zahidovları öz yanına aparmağı planlaşdırıb. Bu günlərdə sözügedən şəxsin 3 yaxın qohumu müxtəlif qanunsuz əməllərə görə polis tərəfindən saxlanılıblar və azmüddətli inzibati həbs cəzası alıblar…».

Bu, həmin hadisədir ki, Qənimət Zahidin yaxın qohumlarını narkotika ilə şərləyib həbs etmişdilər, onlara 6 ildən artıq cəza kəsildi, buna baxmayaraq, ölkə ictimaiyyəti Zahidovların narkotika ilə hər hansı əlaqəsinin olmadığını da bilirdi. Onlar siyasi dustaqlar kimi tanındılar, 1,5 il sonra azadlığa buraxıldılar. Bu bir fakt idi ki, bu şəxsləri Qənimət Zahiddən qisas almaq, ya da onu susdurmaq üçün tutmuşdular. Hadisə zamanı hətta Qənimət Zahidin kənddə yaşayan 85 yaşlı anasının evinə 30 nəfərdən artıq polis göndərib axtarış aparmışdlar, onun oğlu ilə skype üzərindən danışıqları üçün istifadə etdiyi kompyuteri də müsadirə edib aparmışdılar. (Hələ də qaytarmayıblar).

Aydın məsələdir ki, hollandlar Kaspi qəzetini oxumurlar. Bu materialları, görünür, həm də təhrif edilmiş şəkildə Niderland XİN-ə ötürən azərbaycanlılar var. Kimdir bunlar ?

Niderland Xarici İşlər Nazirliyi niyə bu qədər çiy və qərəzli partnyorlarla işləyir? XİN öz tərəfdaşlarını ələ vermir, yəqin hələ bir müddət də onlarla işləməkdə davam edəcək. Bu, ağla gələn ən yumşaq variantdır.

Başqa bir versiya, Avropanı sarmış kürü diplomatiyasıdır. Təsadüfi deyil ki, kürü diplomatiyası Dünya Bankınıln hətta Doing Buisness kimi layihəsində də Azərbaycan mənşəli rüşvət hesabına saxtakarlıqlar edə bilir. Biz hələ başqa tutarlı və ifşa edilmiş faktları yazmırıq.

Biz Niderland XİN-in bu hesabatında da kürü diplomatiyasının izlərini görürük. Ya hesabatın müəllifləri bu kürü diplomatiyasının qurbanlarıdır, ya da hesabat üçün «faktlar» göndərənlər. Ola bilsin, Niderlandın azərbaycandakı səfirliyi. Bu səfirlik öz işlərini Ankaraya köçürüb, amma səfir xanım Pauline Eizemanın Əliyev rejimi ilə isti və gərək olduğundan artıq mehriban münasibətlərinin olduğunu deyənlər də var.

Niyə, kürü diplomatiyasının Niderland uzantısı məhz, Qənimət Zahidi, həm də dəxli olmadan, bir böhtanı tirajlamağa sövq edilib ? Bununla bağlı da araşdırımalarımız olacaq və gerçəyi tapıb təqdim edəcəyik.

Bizim Niderland XİN-ə, bu hesabatın müəlliflərinə suallarımız çoxdur, hələlik, heç bir ağlabatan cavab da yoxdur. Belə durum isə uzun davam edə bilməz.

Ya XİN öz səhvini düzəldərək Qənimət Zahid haqqında böhtanı tirajladığına görə üzr istəməlidir, ya da bunu məhkəmə yolu ilə təmin etmək üçün çalışacağıq.

Niderland Xarici İşlər Nazirliyi ilə Fransada yaşayan bir azərbaycanlı siyasi müahcirin, jurnalistin məhkəmə çəkişməsi də uzun zaman alacaq, amma buna dəyər.

«Azadlıq» qəzeti