Cığal siyasətçinin “saçyoldu” həvəsi

Anlaşılan deyil. Son zamanlar İlqar Məmmədov sakit görünürdü. Hardasa bir aya yaxın idi, kimsəni təhqir etmirdi, aşağılamırdı. Bir az sevinmişdik ki, yəqin yanındakı real dostlar izah ediblər ki, “belə olmaz, sən lider olmaq iddiasındasan, təhqir ritorikası lider olmaq istəyən şəxs üçün arzuolunan deyil. Amma müəllim bir ay dözmədi, yenə başladı kin qusmağa, alçaltmağa, təhqir etməyə. Bu dəfə tək deyil, partiyasının əsas funksionerlərindən biri oln Natiq Cəfərlini də bu bataqlığa sürüklədi. Yeri gəlmişkən, son dövrlər Natiq Cəfərli də artıq peşəkar siyasətçiyə daha çox bənzəyirdi. “Taksiyə mindim, sürücü məni tanıdı, yol pulunu götürmədi”, “kofe içdim, pul almadılar”, “saatımı düzəltdirdim, pul istəmədilər” və s. bayağı təbliğat metodundan imtina etmiş görünürdü. Amma görünür,  İlqar Məmmədov onu da yenidən təhqir müstəvisinə çəkdi, hal-hazırda durublar o müstəvidə, özlərinə düşmən gördükləri müxalifəti o müstəviyə sürükləməyə çalışırlar. 

Siyasi partiyalarda normal olaraq iyerarxik şəkildə yuxarı qalxdıqca ritorika dəyişir, rəsmiləşir, üslub daha ehtiyatlı şəkil alır, təhqir ortadan qalxır, yerini tənqid əvəz edir. Hətta bəzən siyasi partiyalarda sıravi üzvlərlə rəhbərlik arasında bu məsələ ilə bağlı problem də yaşanır. Məsələn, sıravi üzvlər rəhbərlikdən kiminsə uyğun olmayan hərəkətinə qarşı daha sərt reaksiya gözləyirlər, amma rəhbərlik bunu etmir, alçaldıcı ritorikaya enmir, ehtiyatlı davranır. Amma REAL-da bütün bunlar tərsinədir. Realçı sıravi dostlar dillərini dişləyib otururlar ki, “allahım,  bu gün İlqar Məmmədov sıravi partiya üzvü səviyyəsində status yazmasın, bizi güldürməsin, yenə kimisə təhqir edib bizi pis duruma salmasın”. Amma Məmmədovun eqoizmi, təhqirlə, nifrətlə dolu dili uşaqların bu arzusunu gözündə qoyur. Axı niyə belə olmalıdı? Axı bütün dünyada siyasi mədəniyyət artdığı halda bizdə niyə azalmalıdır? Qurban Məmmədov və ətrafı bir tərəfdən, İlqar Məmmədov da bu tərəfdən. Axı niyə müxalifəti, mübarizəni gözdən salırsız?

İndi keçək boykot məsələsinə. Bu dostlar təhqirdən əlavə, həm də ağ yalan danışırlar. Nə vaxt Milli Şura, Xalq Cəbhəsi deyib ki, biz boykot tərəfdarıyıq? Kim dedi ki, biz seçkiyə getməyəcəyik. Haradan uydurursuz bu yalanları? Axı indi internet, komputer dövrüdür, hər bir yalanın üstünü 1 dəqiqə keçməz ki Google-la açmaq olur? Bir partiya sədri liderliyə iddialı şəxs necə ağ yalan danışa bilər? 

BİZ NƏ VAXT BOYKOT ETMİŞİK, NƏ VAXT SEÇKİYƏ GETMİŞİK? 

2010-cu ildə parlament seçkilərinə getmişik. Çünki seçkilərdə iştirak üçün minimum imkanlar var idi: pulsuz efir vaxtı verirdilər, məhəllələrdə görüşməyə məhdudiyyətlərlə, təxribatla da  olsa imkan yaradırdılar, media var idi, müxalif saytları bloklama hələ bu qədər geniş istifadə olunmurdu, ölkədə beynəlxalq təşkilatlar var idi, ATƏT var idi, siyasi məhbusların sayı indiki kimi deyildi, icazəsiz aksiyalar keçirilirdi və bu aksiyalardan sonra kiminsə evinə zənglər olmurdu, tutulanlar yalnız kiçik məbləğlərlə cərimə olunurdular, sərbəst toplaşmaqla bağlı qanunvericilik sərt deyildi, ən əsası vətəndaş cəmiyyəti var idi və s. Bu şərtlər daxilində AXCP Müsavatla birlikdə seçkiyə getdi. Yeri gəlmişkən, AXCP bu seçkidə İlqar Məmmədovla Erkin Qədirliyə də dəstək verdi.

2013-cü il prezident seçkilərində iştirak etmişik. Artıq 2013-cü il prezident seçkiləri zamanı bu şərtlərə məhdudiyyətlər gətirilmişdi. Keçən 2 il ərzində hökümət bir çox institutları da sırada çıxardı, vətəndaş cəmiyyətinə müharibə elan etdi. Yenə də əvvəlki kimi olmasa da, az da olsa seçkidə iştirak imkanı qalmışdı. AXCP-nin daxil olduğu Milli Şura yenə seçkiyə getdi və yenə də  ağır şərtlər altında seçkidə iştirak edib, seçkinin faktiki qalibi oldu. 

2013-cü il seçkisindən sonra hökümət yenidən müxalifəti, vətəndaş cəmiyyətini, medianı tamamilə oyundan kənar vəziyyətə salmaq üçün bütün resurlarını işə saldı. Yuxarıda qeyd edilən şərtlərin hamısı ortadan qalxdı. Yerini repressiyalar tutdu: uzun müddətli həbslər, stoplar, vətəndaş cəmiyyətinin darmadağın edilməsi, saytların bloklanması, namizədlərə yaradılan minimum imkanların ortadan qaldırılması, onların efir vaxtından  məhrum edilməsi, seçicilərlə təmasa imkan verilməməsi, mitinqlərdə qurulan biometrik kameralar vasitəsilə iştirakçıların müəyyən edilib təqib edilməsi, işdən çıxarmalar, siyasi diskriminasiya, namizəd olmaq istəyənlərə imza verənlərin təqibi və s. Bir sözlə hökümət seçki mühitini tamamilə ortadan qaldırdı, seçki söhbətini bitirdi. Milli Şura bu şərtlər altında seçkiyə getməyin gülünc olduğunu, praktiki olaraq mümkün olmadığını bildirərək, seçkidə iştirakdan imtina etdi. Həmin dövrdə Müsavatçılar seçkiyə getməyin tərəfdarı oldular, hətta bəzi müsavatçı dostlarımız bizi qorxaqlıqda ittiham etdilər. Nəticə nə oldu? Seçkiyə bir neçə gün qalmış Müsavat da bəyanat verərək seçkidə iştirakdan imtina etdi. Real 3-4 nəfərlə formal olaraq, təbliğatsız filansız getdi iştirak etdi. Nəticəsi nə oldu? Sıfır.

2016-cı il referendumu zamanı şərtlər bir az da ağırlaşdırıldı. Milli Şura referendumda iştirak əvəzinə kütləvi mitinqlərə start verdi (bu elə əslində iştirakdır, iştirakın daha optimal, daha səmərəli formasıdır), 2005-ci ildən sonra yüzlərlə cəbhəçinin həbsi hesabına ən uğurlu mitinqlərini keçirdi. Müsavat və REAL referendumda iştiraka qərar verdi, Müsavatın təşəbbüs qrupu qeydiyyat üçün müraciət etdi, amma qeydə alınmadı. REAL-ın da iki üzvünə inzibati həbs verdilər, Real çıxıb bəyanat yaydı, heç qeydiyyat üçün müraciət etməmiş referendumda iştirakdan imtina etdi. 

2018-ci il prezident seçkiləri zamanı yenə də Milli Şura seçki mühitinin yaxşılaşdırılması üçün həbslər, təhdidlər bahasına kütləvi mitinqlər keçirdi, yəni prosesdə iştirak etdi. Real isə yenə prosesdə hər hansı formada iştirak etməyən, hər hansı bir kampaniyan aparmayan, faktiki olaraq səssiz, passiv, siyasətə qarışmayan tərəf oldu. ATƏT 2018-ci ildə seçki mühitinin tamamilə olmadığını təsdiqləyən hesabat yaydı. 

İndi ATƏT-in hesabatını müqayisə edək. 2013-cü il Milli Şuranın iştirak etdiyi prezident seçkiləri ilə bağlı ATƏT bildirdi ki, məhdud şərtlər altında seçki öncəsi mühit olub. Amma 2018-ci ildə isə ATƏT bildirdi ki, ümumiyyətlə seçki deyilən şey olmayıb. Fərqlərə fikir verin. Yəni minimum şərtlər olanda seçkidə iştirak etmişik, olmayanda, ATƏT-in seçki kimi tanımadığı seçkidə iştirak etməmişik. Bu qədər bəsit. 

İndi keçək Realın seçkidə iştirakına. REAL 2009-cu ildə (ya da 2008-ci ildə) yaranıb. REAL yaranandan sonra 6 seçki və referendum olub. Bunların hansında onların aktiv rolunu görmüsüz, hansı fəaliyyətləri olub, REAL hansı seçki və ya referendumla yadda qalıb? Ümumiyyətlə, seçki proseslərində siyasi partiya adına nə edib? İndi bu 10 ildə bizim seçki dövrü fəaliyyətimizə baxın, sonra dönüb öz fəaliyyətinizə, daha doğrusu fəaliyyətsizliyinizə baxın. Biz yalnız seçkidə iştirak etməmişik, həm də imkanımız çatdığı qədər seçicilərimizin verdiyi səslərin davasını döymüşük, pozuntuları beynəlxalq tribunallara aparmışıq. İndi gedin Avropa Məhkəməsində seçki pozuntuları ilə bağlı cəbhəçilərin xeyinə çıxarılan qərarların sayına baxın, sonra özünüzə baxın görək, hansı seçkidə iştirak etdiz və nətiələrinizin davasını döydüz. Nə vaxta qədər yalan danışacaqsız, şər atacaqsız. Elə bilirsiz, təhqirlə iş həll olunur?  

Sizin təhqiriniz varsa, bizim də Google-muz var – faktları şillə kimi adamın üzünə çırpır. İndi bildiz BİT, gənə  kimdir?

Turan İbrahim