Dövlət neft şirkəti, yoxsa Rövnəqin pirat gəmisi?

Aşağıdakı çıxarış SOCAR-ın fəaliyyət şəbəkəsi haqqında rəsmi mətbuatda getmiş məlumatdır: “SOCAR-ın təsisçiliyi ilə fəaliyyətləri neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə törəmə şirkət və nümayəndəliklər yaradılmışdır. SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 hasilatın pay bölgüsü sazişlərinin (HPBS) iştirakçısıdır. Bu sazişlərin podratçıları 1995-2016-cı illərdə ölkəmizin neft-qaz sektoruna, ümumilikdə, təxminən, 68,2 milyard ABŞ dolları məbləğində sərmayə qoymuşlar.

Şirkət Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və Rusiya kimi ölkələrlə yanaşı, Yaxın və Uzaq Şərq ölkələrində də layihələr həyata keçirir. Hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95 faizi SOCAR-ın nəzarətindədir və əhalinin, eləcə də sənayenin təbii qaza olan tələbatını tam təmin edir. SOCAR-ın Gürcüstan bazarında geniş yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsi də var. “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.”

Bu məlumat hakimiyyət qəzetinin SOCAR-ın beynəlxalq miqyasda gördüyü işlərə həsr etdiyi yazının çox qısaldılmış variantıdır. Bu qısa xülasəni oxuyan düşünər ki, şirkətin ölkəyə gətirdiyi gəlirlərlə on il bundan sonrakı nəsilləri də yağ-bal içində yaşatmaq olar. Yaxşı, dünyanın bu qədər ölkəsində qaz vurub, qazan dolduran şirkətin milyardları hara gedir görəsən?

Bütün saxta işləri sorğu-sualsız yerinə yetirəcək adam…”

On beş il bundan əvvəl Rövnəq Abdullayev dövlət neft şirkətinin başına gətiriləndə işlərin içində olan önəmli bir şəxs demişdi ki, “bu adam bütün saxta işləri sorğu-sualsız yerinə yetirəcək biri olduğu üçün seçilib”. İndi həmin şəxsin dedikləri birər-birər doğru çıxır. Mühərriki Abdullayevin əlinə verilmiş bu şirkət 15 ildir dənizdən-dənizə pirat gəmisi kimi dolaşıb durur. Onun göyərtəsində nə daşıdığını, ondan nə qədər qazanc gəldiyini, qazancın hara getdiyini bilən yox. Bilinən odur ki, şirkətə axan milyardlar Bermud üçbucağı kimi hansısa nöqtədə udulub yoxa çıxır. Hətta deyilənə görə “Palmali” şirkətlər qrupunun yenicə dənizə buraxdığı Məmməd Əmin Rəsulzadə gəmisinin göyərtəsinə burnunu soxan da onlardan biri olub. Yalandırsa, nədən bu utanc gətirən hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilmədi və hökumət mediası da bu barədə bir kəlmə yazmadı? Əksinə, neft şirkətinin pul ötürdüyü bəzi informasiya saytları gəminin batdığını şad xəbər kimi manşetə çıxardı. Xülasə, dünyanın harasında Azərbaycanla bağlı bir kriminal əməl aşkar olunsa, içindən SOCAR və Abdullayevin sülaləsi çıxır. Artıq adam şirkəti dədəsindən qalma miras kimi mənimsəyib. Özünü o qədər əmin hiss edir, yəni. Xalqın qanından, canından çıxan milyardları müxtəlif ölkələrdə hakimiyyətə dəstək şəbəkəsi qurmaq adıyla göyə sovurduğuna görə, ona dəyib-dolaşan yoxdur. Milyardları xeyir-duasını aldıqları adamlarla bərabər oğurlayıb yeyiblər, SOCAR-ın xəzinəsi boşalıb artıq. Şirkətin 11 milyard dollar xarici borcu var. Amma şirkətə rəhbərlik edən adamın 25 yaşlı oğlu təkcə qol saatlarına 25 milyon manatdan artıq pul xərcləyir.

Ölkənin cinayətkarlıqla mənimsənilən milyardları

Dəqiqləşdirilmiş məlumata görə Rəşad Abdullayev 17 yaşından SOCAR-da işləyirmiş. Yəni şirkətin rotası atanın əlinə keçən kimi oğlunu da yanına alıb, xəzinəni talamağa başlayıb. Beləcə, 15 ildə ata-bala ölkə adına böyük iqtisadi cinayətlərə imza ataraq milyardlar qazanıblar. Rəşad Abdullayevin İbizada 2 milyonluq saatı oğurlananda İspaniya polisi şikayətdən şoka düşdüyünü bildirmişdi. Beynəlxalq Jurnalist Təhqiqatları təşkilatına açıqlama verən polis bildirmişdi ki, “müstəntiqlər indiyədək belə bir şey görməyiblər. Təsəvvür edin ki, SOCAR-ın illik hesabatına görə, 2018-ci ildə şirkətin prezidentinin və 12 vitse-prezidentinin rəsmi maaşları və gəlirlərinin ümumi həcmi 1.28 milyon manat (755 min dollar), yəni oğurlanan saatın dəyərindən az olub. Global Witness” təşkilatının təmsilçisi də  “SOCAR rəsmiləri və qohumlarının rəsmi maaşlarından dəfələrlə baha saatlar taxdıqlarını“ yazmışdı. Həmin təşkilat SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığını qeyd etmişdi. Bunlardan təkcə birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Və bu adamın Rövnəq Abdullayevin ən yaxın qohumu, dayısı oğlu olduğunu artıq bilirsiniz. Şübhəsiz ki, Abdullayevlərin cinayətləri təkcə “xoş təsadüf”lər nəticəsində üzə çıxarılan faktlarla bitmir. Onların şirkətin xarici ölkə filiallarında nə hoqqalardan çıxdığı, yaratdıqları lobbi təşkilatları ilə çirkin işlərin içində yer aldığı, bu ölkələrdə agentura şəbəkəsi yaradıb insanları necə izlətdiyi də çoxlarına məlumdur. Deyilənlərin həqiqət olduğuna inanmaq üçün son illər Gürcüstan və Ukraynada Azərbaycan hakimiyyətinə qarşı müxalif olan insanlarla bağlı baş verən rüsvayçılıqları xatırlatmaq yetər. Abdullayevin böyük pullar bahasına yaratdığı kibercinayətkar şəbəkəsi də vaxtaşırı onun haqqında tənqidi yazan saytlara hücum edir, media qurumlarının fəaliyyətinə əngəl olmaq üçün əlindən gələni edir. Artıq aydın deyilmi Azərbaycan dövlətinin adını daşıyan neft şirkətinin milyardları kimin əliylə, hansı yollarla, kimlərin cibinə axıb gedir və o şirkət də borc bataqlığında çabalayır? Sualın cavabını SOCAR vasitəsiylə ofşorlara yatırılmış milyardlarda və Rəşadın dəyəri 25 milyon manatı aşan lüks saatlarında axtarın!

azerbaycansaati.tv