“Ancaq mənəviyyatdan uzaq hökumət belə edə bilərdi” – Milli Şura Əli Kərimlinin həbsilə bağlı toplandı FOTO VİDEO

“Bu hakimiyyət tərəfindən əvvəlcədən hazırlanmış təxribat idi. Şəhidlərin ziyarətinə dövlət səviyyəsində mane olmaq heç bir mənəvi ölçüyə sığmır”, – Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarətə gedən AXCP sədri Əli Kərimli də daxil, cəbhəçilərin həbsilə bağlı toplantıda çıxışında

C.Həsənli bildirib ki, Ə.Kərimli haqqında hansı qərar qəbul olunmasından asılı olmayaraq (həbs, cərimə və s), qanunsuz qərar olacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Ə.Kərimli və cəbhəçilərin həbsilə bağlı rəsmi məlumatına toxunan C.Həsənli bildirib ki, bu tam böhtan xarakterli, öz qanunsuzluqlarına hüquqi don geyindirmək məqsədi daşıyan yalan məlumatdır.

Əli Kərimlinin həbsi ilə bağlı Milli Şura mətbuat konfransı keçirtdi

Posted by Azadlıq Qəzeti on Sunday, November 18, 2018

BŞBPİ-nin məlumatında deyilir ki, AXCP-nin 150-dən çox üzvü siyasi məqsədlərlə Parlament prospektində toplaşaraq, Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. 52 iştirakçı saxlanılıb. Onlardan 41-nə xəbərdarlıq edilib, aksiya təşkilatçısı olan 11 nəfər saxlanılıb. Onların haqqında inzibati protokol tərtib olunub, məhkəməyə göndərilib.

“Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanını ziyarətə gedəcəyimiz bir neçə gün əvvəldən məlum idi. Sosial şəbəkələrdə həm sıravi cəbhəçilər, həm də mən bu barədə yazmışdıq. Bizim müraciətlərimizdə heç bir çağırış olmayıb, yürüş-mitinqdən söhbət getməyib. Yalnız ziyarətdən söhbət gedib. Şəhidlərin məzarını ziyarət etmək üçün nə vaxtdan hökumətdən icazə almaq lazımdı? Ancaq mənəviyyatdan uzaq hökumət belə bir hadisə ilə təxribat yarada bilərdi”.

Səbail Rayon Polis İdarəsində olarkən səhhətinin pisləşməsi və təcili yardım çağrılması barədə suala cavabında C.Həsənli bildirib ki, onun həm onun, həm də Ə.Kərimlinin sağlıq durumu da, əhval-ruhiyyəsi də yaxşı olub: “Mənim təcili yardıma ehtiyacım olmayıb. Orada bir jurnalist haqqında çox nalayiq ifadələr, söyüş işlədirdilər. Ola bilsin, ona və ya bit başqasına qarşı zor tətbiq ediblər, vəziyyəti pisləşib. Mənim yanımda iki nəfərə diqtə eləyirdilər ki, icazəsiz aksiyada iştirak elədiyini yazsın. Biri jurnalist Fatimə Mövlanlı idi. Daha birini hədələdilər ki, səni təşkilatçı kimi rəsmiləşdirərik. Bizdən izahat yazmaq istəniləndə bildirdik ki, yalnız vəkilimizin iştirakıyla izahat yazacağıq. Azərbaycanda müxalifətçilər Allahın verdiyi ömrü yox, hakimiyyətin müəyyənləşdirdiyi limitə uyğun yaşayır. Bunu nəzərə alıb əvvəldən vəkil tutmuşduq”.

C.Həsənli qeyd edib ki, qanunsuz saxlanmasıyla əlaqədar vəkili ilə məsləhətləşmələrdən sonra müvafiq hüquqi addımlar atılacaq.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev bildirib ki, bu gün bölgələrdə ictimai-siyasi fəalları polis şöbələrinə çağırıb hədələyiblər: “Biz öz tərəfdarlarımıza müraciət edirik, təxribatlara uymayın, heç bir çağırışa qatılmayın”.

linkhttps://www.azadliq.info/223351.html