Tanınmış vəkildən gərgin müzakirələrə səbəb olacaq açıqlamalar…
Hacı Məmmədovun işində adı keçən çeçenlərdən biri Ziya Bünyadovun yaşadığı binada bir müddət kirayə qalıb
Milli Təhlükəsizlik Nazirliyinin sabiq müstəntiqi Ramin Nağıyev və Daxili Işlər Nazirliyinin keçmiş əməliyyatçısı Salman Əliyevin 90-cı illərdə baş vermiş səs-küylü qətl hadisələrilə bağlı “Azadlıq”dakı açıqlamaları ətrafında müzakirələr, görünür, hələ uzun müddət davam edəcək. Bu çıxışlarda, əsasən, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, akademik Ziya Bünyadovun qətlilə bağlı cəmiyyət üçün indiyədək qaranlıq qalan məqamlardan söhbət gedir. Hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarının açıqlamalarından belə anlaşılır ki, bu ölüm işləri üzrə hazırda həbsxanalarda bir xeyli adam cəza çəksə də, əslində, bu cinayətlərin üstü açılmayıb, gerçək cinayətkarlar və həmin qətllərin sifarişçiləri isə məsuliyyətdən kənarda saxlanılıb. Bu çıxışlarda diqqət çəkən məqamlardan biri də sözügedən qətl hadisələrinin Hacı Məmmədovun bandası tərəfindən törədilməsinə dair açıq işarələrin olmasıdır.
“Adisad” hüquq firmasının rəhbəri, tanınmış vəkil Adil Ismayılovun Hacı Məmmədovla bağlı cinayət işini dərindən bildiyini nəzərə alaraq, bu mövzu ətrafında onunla söhbətləşdik. Adil müəllimə ilk sualımız isə keçmiş istintaqçı Ramin Nağıyev və keçmiş əməliyyatçı Salman Əliyevin açıqlamalarıyla bağlı oldu:
– Bu adamların yazdıqlarını mətbuatdan oxumuşam. Onların dediklərinə mütləq reaksiya verilməlidir. Bu reaksiyanı da Adil Ismayılov və ya “Azadlıq” qəzeti yox, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Prokurorluğu kimi mühüm dövlət qurumları verməlidir. Ictimaiyyət üçün aydınlaşmalıdır ki, bu adamların dedikləri nə dərəcədə həqiqətdir. Faktiki bu adamlar hüquq-mühafizə orqanları, dolayısıyla ölkənin hazırkı və keçmiş rəhbərliyinə qarşı çox ciddi ittihamlar irəli sürürlər. Odur ki, mütləq dövlət səviyyəsində reaksiya verilməlidir. Nəzərə alınmalıdır ki, bu cür çıxışların müəyyən müddətdən sonra mütləq partlayışı ola bilər. Əlaqədar qurumlar reaksiya verməsə, artıq cürbəcür söz-söhbətlər başlanacaq. Çünki ayrı-ayrı şəxslərin bütün bunlara verdiyi reaksiyalar obyektiv də ola bilər, subyektiv də.
– Hər iki çıxışdan belə anlaşılır ki, bu qətl hadisələri üzrə istintaq və məhkəmə materialları zibil qutusuna atılmalı kağızlardan başqa bir şey deyil. Çünki əslində, bu cinayətlərin üstü hələ də açılmayıb və əsl günahkarlar məsuliyyətdən kənarda qalıb. Ümumiyyətlə, bu qətl hadisələri barədə siz nə düşünürsünüz?
– Ziya Bünyadovun qətlilə bağlı cinayət işi üzrə müdafiəçi kimi mənə müraciət edənlər olub. Ona görə də o iş üzrə həm ittiham aktını, həm də hökmü oxumuşam. Bu, mənim subyektiv fikrimdir və istəmirəm ki, sabah kimsə desin ki, Adil Ismayılov kimisə ittiham edir. Mən hesab edirəm ki, hazırda cəza çəkən adamların bu işlə bu və ya digər dərəcədə əlaqəsi var. Amma bu işin üstü açılıb, ya yox – bu artıq başqa məsələdir. Şəxsən mən hesab edirəm ki, bu iş sonadək açılmayıb.
– Ramin Nağıyev bu qətl hadisələrinin də Hacı Məmmədovun bandası tərəfindən törədilməsinə işarə vurur…
– Hacı Məmmədovun işilə əlaqədar həm istintaqda, həm də məhkəmədə sonadək iştirak eləmişəm. Yəqin ki, Azərbaycanda bu cinayət işini mənim qədər dərindən bilən çox az adam var. Hacı Məmmədovun işi üzrə istintaq çox bərbad olub, demək olar ki, istintaq aparılmayıb. Bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri istintaqın yarıtmaz olması, yəni, onu aparan müstəntiqlərin peşəkarlıq baxımından bu işin istintaqına hazır olmamalarıdır. Dəfələrlə demişəm və bir daha təkrar edirəm ki, bu işin istintaqının Milli Təhlükəsizlik Nazirliyində aparılması doğru deyildi. Çünki MTN müstəntiqləri ölüm işlərinin istintaqında peşəkar deyil. Bu, istintaq prosesində, o cümlədən tövsiflərdə – şəxslərə verilən ittihamlarda da özünü göstərdi.
Istintaqı MTN aparır, istintaqa nəzarəti isə baş prokuror edirdi. Hər halda, xətrinə dəyməz, baş prokurorun da ümumiyyətlə, ölüm işlərinin istintaqından məlumatı yox idi və o, istintaqdan çox-çox uzaq adam idi. Hacı Məmmədovun işi üzrə istintaqı aparanlar Respublika Prokurorluğunun müstəntiqləri olsaydı, bəlkə vəziyyət çox yaxşı olmasa da, bir az başqa cür olardı. Hərçənd, bu gün Respublika Prokurorluğunun Istintaq Idarəsinin özü də bərbad vəziyyətdədir və bu da ayrıca bir söhbətin mövzusudur.
Digər bir səbəb odur ki, Hacı Məmmədovun işi üzrə istintaq sonadək aparılmayıb, istintaqçılar müəyyən bir mərhələdə dayanmağa məcbur olub. Bu da ola bilərdi ki, istintaqı sona qədər aparmağa onlara imkan verməyiblər. Ümumiyyətlə, Hacı Məmmədovun işi üzrə istintaq qarşısındakı 100 sualdan heç olmasa, 50-nə nəinki cavab verməyib, əksinə, özü suallar yaradıb.
– Salman Əliyev bildirir ki, o, Ziya Bünyadovun qətlini araşdıran istintaq qrupunun üzvü olub və…
– Yeri gəlmişkən, Hacı Məmmədov da məhkəmədə bildirdi ki, o, Ziya Bünyadovun qətli üzrə istintaq qrupunun üzvü olub. Bu, dəqiq faktdır. Yadınızdadırsa, Hacı Məmmədov məhkəmədə onu da demişdi ki, “mən istədiyim vaxt prokurorluğa qapını təpiklə açıb girirdim. Heç bir maneçilik olmadan, kimin yanına istəsəydim, gedib gəlirdim”. Bu da faktdır. Hacı Məmmədov əməliyyat-istintaq qrupunun üzvü kimi tez-tez prokurorluğa gedib-gəlirdi. Qrupun rəhbərisə, mərhum Rövşən Əliyev idi. Hacı Məmmədovun da Rövşən Əliyevlə münasibətləri yaxın olub.
– Ramin Nağıyev bildirir ki, Ziya Bünyadovun qətlində istifadə olunmuş silah Hacı Məmmədov həbs olunarkən onun gizli saxlanc yerindən tapılıb. Iş materiallarında bu barədə məlumata rast gəlmisinizmi?
– Ramin Nağıyevin bu haqda dedikləri araşdırılmalı məsələdir. Hacı Məmmədovun dəstəsi həbs olunan zaman mən də bu barədə eşitmişdim. Səhv eləmirəmsə, hətta rəsmi məlumatlarda da bildirilirdi ki, Hacı Məmmədovun bu qətllə əlaqəsi araşdırılır. Amma sonra birdən-birə bu məsələlər dayandırıldı.
Cinayət işinin materiallarında tapılan silahların siyahısı var. Tapılan silahların Ziya Bünyadovun qətlilə əlaqəsinin olması barədə isə iş materiallarında heç nə yoxdur. Amma bu, o demək deyil ki, əlaqə yoxdur. Hacı Məmmədovun işilə bağlı artıq istintaq başa çatıb, iş məhkəməyə göndəriləndən sonra haradasa bir cild düzəldib gətirib qoydular ortaya. Yaxud elə sənədlər vardı ki, onlar əvvəl işin içində olmalıydı, amma yoxa çıxdı. Odur ki, hansısa sənədin bilərəkdən işə tikilib-tikilməməsi halı ola bilər.
– Deməli, mümkündür ki, sözügedən silah tapılsın, amma rəsmiləşdirilməsin…
– Bəli.
– Bir qədər əvvəlki suala qayıdaq. Ramin Nağıyevin dediklərindən belə çıxır ki, Ziya Bünyadovun qətlində Hacı Məmmədovun dəstəsindəki çeçenlərin iştirakı olub. Siz Hacı Məmmədovun işində Ziya Bünyadovun qətlilə bağlı hər hansı izə rast gəlmisinizmi?
– Bu işdə maraqlı bir məqam var. Ziya Bünyadov qətlə yetirilən vaxt Ülvan Bağırov adlı şəxs Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanıb. Yəni, oğurluqdan dərhal sonra Ziya Bünyadov qətlə yetirilib və bütün diqqətlər artıq o istiqamətə yönəlib. Hacı Məmmədovun sonuncu cinayəti – Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasından az sonra isə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirildi.
Bundan başqa, Hacı Məmmədovun işində adı keçən, lakin özü müəyyən edilməyən çeçenlərdən biri Ziya Bünyadovun yaşadığı binada bir müddət kirayə qalıb. Amma təəssüf ki, bütün bu maraqlı məqamların heç biri sonadək araşdırılmadı. Halbuki, Hacı Məmmədovun işilə bağlı çoxlu sayda suallar var və mütləq onlara aydınlıq gətirilməlidir. Məsələn, bu gün çoxlarını maraqlandırır ki, Hacı Məmmədov kimdir və ya nədir ki, indiyə qədər Milli Təhlükəsizlik Nazirliyində saxlanılır? Bircə nümunə göstərsinlər ki, belə bir hal başqa yerdə də olub və ya başqa bir şəxsə də aid edilib. Məgər şəxs özü seçir ki, onu harada saxlasınlar? Əgər bu adama ömürlük həbs cəzası verilibsə, bu cəzanın çəkilməsi üçün xüsusi yerlər müəyyən olunub. Hacı Məmmədov üçün niyə bu şərait yaradılmalıdır?
– Belə başa düşdük ki, Hacı Məmmədovun dəstəsinin bu qətl hadisələrinə aidiyyətinin olmasıyla bağlı sizin özünüzdə də müəyyən ehtimallar var.
– Istintaq və məhkəmə ondan ötrüdür ki, hər hansı iş üzrə sualların hamısına da olmasa, əksəriyyətinə cavab tapılsın. Amma bu işlərdə istintaq və məhkəmə elə gedib ki, nəticədə indiki söhbətlər ortaya çıxıb.
Vaxtilə Ziya Bünyadovun qətlini Nizami Qocayev və Murtuz Ələsgərova bağlamaq istəyirdilər. Bu versiyanın haradan qaynaqlandığını da çox adam bilir. Ziya Bünyadov demişdi ki, “əgər Murtuz Ələsgərov parlamentin sədri olsa, kül olsun mənim başıma…”. Guya, bu sözə görə Murtuz Ələsgərov bu qətli sifariş vermişdi, Nizami Qocayev də həyata keçirilməsində iştirak etmişdi. Nizami Qocayevin işində bu versiya var idi, hətta adam da tapmışdılar. Həmin adamın kimliyi də, onun ifadəsi də mənə məlumdur. Bir sıra başqa adamlardan da ifadələr almışdılar. Yəni, bunun üzərində iş gedirdi. Hətta o vaxt bu məsələ ortaya çıxanda Respublika Prokurorluğunda işləyən müstəntiqlərlə söhbətim olmuşdu.
Axı Nizami Qocayevə qarşı ittihamlardan biri də bu idi ki, Ənvər Mustafayevin öldürülməsini sifariş verib. Dedim ki, Nizami Qocayevi Ənvər Mustafayevə qarşı sui-qəsdə görə tuta bilərsiz. Ən azı, meyit yoxdur ortada. Amma Ziya Bünyadovla bağlı işdə belə olmayacaq, çünki ortada meyit var. Adam olmalıdır, deməlidir ki, Ziya Bünyadovu harada öldürüb, necə öldürüb və s. Yəni, bunu düzüb-qoşmaq sizin üçün çox çətin olacaq.
Bu gün də o fikirdəyəm ki, çox qurama bir məsələ idi və bu qətlin Nizami Qocayevə, Murtuz Ələsgərova heç bir aidiyyəti yox idi. O vaxt mən maraqlananda məlum oldu ki, Ziya Bünyadovun qətlilə əlaqədar ən azı, beş müxtəlif qrup adamların üzərində iş gedirdi. Hətta bildiyimə görə, “etiraf eləyənlər” də olmuşdu, amma sonra görmüşdülər ki, heç cür düz gəlmir. Başqa sözlə, bu cinayəti ayrı-ayrı adamların üzərinə qoymağa cəhdlər olmuşdu. O adamları məhz Ziya Bünyadovun qətlilə əlaqədar tutmuşdular, amma sonra başqa maddələrlə məhkum eləmişdilər.
ardı var
Aytən Məmmədova
linkhttps://www.azadliq.info/8001.html