Adam oğurluqlarını Abbas Abbasova bağlamaq istəyirmişlər…

“Hacı Məmmədovun bir sıra cinayətləri hələ də açılmayıb”

Adil İsmayılov: «Onların arasında ölüm işləri də var»

Milli Təhlükəsizlik Nazirliyinin sabiq müstəntiqi Ramin Nağıyev və Daxili Işlər Nazirliyinin keçmiş əməliyyatçısı Salman Əliyevin 90-cı illərdə baş vermiş səs-küylü qətl hadisələrilə bağlı “Azadlıq”dakı açıqlamaları ətrafında müzakirələr görünür, hələ uzun müddət davam edəcək. Bu çıxışlarda əsasən, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, akademik Ziya Bünyadovun qətlilə bağlı cəmiyyət üçün indiyədək qaranlıq qalan məqamlardan söhbət gedir. Hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarının açıqlamalarından belə anlaşılır ki, bu ölüm işləri üzrə hazırda həbsxanalarda bir xeyli adam cəza çəksə də, əslində, bu cinayətlərin üstü açılmayıb, gerçək cinayətkarlar və həmin qətllərin sifarişçiləri isə məsuliyyətdən kənarda saxlanılıb. Bu çıxışlarda diqqət çəkən məqamlardan biri də sözügedən qətl hadisələrinin Hacı Məmmədovun bandası tərəfindən törədilməsinə dair açıq işarələrin olmasıdır. “Adisad” hüquq firmasının rəhbəri, tanınmış vəkil Adil Ismayılovun Hacı Məmmədovla bağlı cinayət işini dərindən bildiyini nəzərə alaraq, bu mövzu ətrafında onunla söhbətləşdik.

əvvəli ötən sayımızda

– Ramin Nağıyev çıxışında Rövşən Əliyev və Fətulla Hüseynovun da qətlinə toxunur. Yazır ki, Fətulla Hüseynov 90-cı illərdəki qətl hadisələrilə bağlı müstəqil araşdırma aparmasının qurbanı olub. Amma istintaq və məhkəmə materiallarından belə çıxır ki, o, Hacı Məmmədovla şəxsi mübahisə zəminində qətlə yetirilib. Siz hansı fikirdəsiniz?
– Həm Rövşən Əliyevlə, həm də Fətulla Hüseynovla şəxsi münasibətlərimiz olub. O fikirdəyəm ki, nə Fətulla Hüseynov, nə də Rövşən Əliyevin qətli sonadək araşdırılıb.
Fətulla Hüseynovla bağlı gülünc bir motiv atdılar ortaya. Guya, Fətulla Hüseynovun oğlu ilə Hacı Məmmədovun bacısı oğlunun şərikli bir obyekti olub və bu zəmində aralarında mübahisə yaranıb. Əlbəttə ki, bütün bunlar boş söhbətlərdir. Nəyə görə öldürüldüyünü Hacı Məmmədov gözəl bilir. Eyni zamanda, bu işi araşdıranlar doğrudan da istintaq aparıblarsa, onlar da bilirlər.
Rövşən Əliyevin qətlilə bağlı məsələ də axıra qədər açılmadı.
Ramin Nağıyevin yazılarında Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması məsələsinə də toxunulub. Bu məsələ də axıra qədər araşdırılmadı ki, bu oğurluğu kim sifariş verib, niyə sifariş verib. Ola bilsin ki, sonradan Cahangir Hacıyev özü bildi. Amma nə ibtidai istintaqda, nə də məhkəmədə bu məsələnin axırına çıxmadılar.
Hacı Məmmədovun həbsindən bir neçə gün sonra niyə məhz Cahangir Hacıyevin həyat yoldaşını oğurlaması və niyə məhz o qədər pul tələb etməsilə bağlı maraqlı bir ifadəsi olub. Hacı Məmmədov əvvəlki oğurluqda istədiklərindən bəlkə də on dəfə yuxarı məbləğ tələb etmişdi Cahangir Hacıyevdən. Səhv eləmirəmsə, bazarlıq 20 milyondan başlamış və bir qədər aşağı düşmüşdü. O zaman Hacı Məmmədov demişdi ki, “bizim əlimizdə Cahangir Hacıyevi şantaj eləmək üçün məlumatlar var idi”. Məlumatlar da ondan ibarət idi ki, Cahangir Hacıyevin Tacikistanda alüminium zavodunun direktoruyla iş birliyi olub və o, Beynəlxalq Bankın külli miqdarda pulunu ora göndərib. Həmin pul da batmışdı. Sonradan məlum oldu ki, həqiqətən də həmin zavodun direktoru külli miqdarda pulu mənimsəyib Ingiltərəyə qaçıb.
Bu məsələ iş materiallarında öz əksini tapsa da, təəssüf ki, nə istintaq bu məsələnin axırına çıxdı, nə də məhkəmə.

– “Azadlıq”a yazan keçmiş istintaqçı ilə keçmiş əməliyyatçı arasında bir məsələdə fikir ayrılığı yaranıb. Bu da hüquqlarını müdafiə etdiyiniz Zakir Nəsirovla bağlı məsələdir…
– Çox dərinə getmədən bircə faktı qeyd eləmək istəyirəm. Ramin Nağıyev yazır ki, Rövşən Əliyev icraatındakı cinayət işlərilə əlaqədar Zakir Nəsirovun yanına gedib, nələrisə müzakirə ediblər və s. Bildiyimə görə, o vaxt faktiki Rövşən Əliyevin Zakir Nəsirovun yanına getməsi mümkün deyildi. Çünki münasibətlər tamamilə korlanmışdı.
Məhkəmədən sonra da bu barədə dedim və indi də bu fikrimdə qalıram: Rövşən Əliyev adam oğurluqlarını səhv və ya düz, Abbas Abbasova bağlamaq istəyirdi. Abbas Abbasovu da Daxili Işlər Nazirliyilə əlaqələndirmək istəyirdi. Iş o istiqamətdə gedirdi ki, nazirlikdə Abbas Abbasova bağlı bir qrup var. Bunun da kökündə dağıstanlı Abuzər Abuzərovla bağlı məsələ vardı. Bütün bu məsələlərlə əlaqədar Rövşən Əliyevlə Daxili Işlər Nazirliyi arasında müəyyən toqquşma yaranmışdı.
Əgər doğrudan da Hacı Məmmədovla Abuzər Abuzərovun əlaqəsi varsa, tamam başqa bir iş ortaya çıxa bilər. Mən əlim çatan məlumatlara əsaslanaraq, hesab edirəm ki, onların heç bir cinayət əlaqəsi olmayıb. Amma onların arasında əlaqə olub. Abuzərovun qaçırılmasında iştirak edən iki adamdan biri Hacı Məmmədov, digəri də Kamil Sədrəddinov olub və hər ikisi də həbsdədir.

– Hacı Məmmədovla bağlı iş materiallarında da var, Ramin Nağıyev də yazır ki, həyat yoldaşı oğurlanandan sonra Cahangir Hacıyevin kabinetində ona deyilib ki, bu məsələni Zakir Nəsirovdan soruşsun. Zakir Nəsirov bu olaylardan kənarda qalıbsa, niyə məhz onu işarə veriblər?
– Həmin vaxt Cahangir Hacıyevin kabinetində kimlərin olduğu sirr deyil. Orada Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Məhərrəm Əliyev, onun müavini Cavadağa Sultanov, əməliyyatçı Aydın Rzayev və Cahangir Hacıyevin orada işləyən qohumu Nizami adlı şəxs olub. Yəni, söhbət bu adamların arasında gedib. O ki qaldı belə bir söhbətin hansı səbəbdən ortaya çıxmasına, o zaman Bakı şəhər Baş Polis Idarəsilə Daxili Işlər Nazirliyi arasında münasibətlərin gərgin olması heç kim üçün sirr deyil.

– Niyə məhz Zakir Nəsirov işarə verilir?
– Söhbət təkcə Zakir Nəsirovdan getmirdi, ümumiyyətlə, Daxili Işlər Nazirliyindən gedirdi.

– Ramin Nağıyevin yazdıqlarından belə anlaşılır ki, Ziya Bünyadov, Şəmsi Rəhimov, Afiyəddin Cəlilovun qətlinin motivləri eynidir və onlarda Müdafiə Nazirliyində baş vermiş irimiqyaslı korrupsiya əməliyyatları barədə müfəssəl məlumatlar olub. Ziya Bünyadovun qətlilə bağlı materiallarda bu barədə nə isə vardımı?
– Ziya Bünyadovun işində ortada Müdafiə Nazirliyilə bağlı məsələ var idi. Versiyalardan biri də o idi ki, Ziya Bünyadovda Müdafiə Nazirliyilə bağlı müəyyən materiallar olub. Ali Hərbi Dənizçilik Məktəbinin sabiq rəisi Canmirzə Mirzəyevin dediyinə görə, o, şəxsən özü Ziya Bünyadovun qəbulunda olub və ona müəyyən materiallar vermişdi.

– Ramin Nağıyev yazır ki, 90-cı illərdə Azərbaycanda cinayətlərin icrasında çeçenlərdən istifadə olunub…
– Doğrudan da həmin dövrdə Azərbaycanda çeçenlər tərəfindən törədilən cinayətlər olub. Bu işlərin açılanı da var, açılmayanı da. Hacı Məmmədovun dəstəsinin tərkibində həbs olunan çeçenlərin haqqında hətta Hacı Məmmədovdan əvvəlki dövrə aid olan cinayətlər var. Hazırda da həmin cinayətlərlə əlaqədar Azərbaycanın rayonlarında cinayət işləri var. Bu adamlar həbs olunublar, amma o cinayət işləri açılmamış qalıb. Yəni, vaxtilə cinayət işləri qaldırılıb, amma həmin adamlar müəyyən olunmadıqlarına görə istintaq dayandırılıb.

– Söhbət hansı cinayətlərdən gedir?
– Əsasən, quldurluqdan.
Hacı Məmmədovun işilə bağlı istintaq zamanı müəyyən maraqlı faktlar vardı. O işdə konkret elə cinayətlər vardı ki, həbs olunan şəxslər tərəfindən törədilmişdi, amma bu və ya digər səbəblərdən o işlərin üstü açılmadı. Hacı Məmmədovun özünün də törətdiyi bir sıra cinayətlər açılmadı.

– Hansı cinayətlərdən söhbət gedir?
– Onların arasında ölüm işləri də vardı.
Yeri gəlmişkən, Hacı Məmmədovun məhkəməsi başa çatandan bir xeyli sonra Milli Təhlükəsizlik Nazirliyi məlumat yaydı, Hacı Məmmədov televiziyaya çıxarıldı. Bildirildi ki, Hacı Məmmədov Abşeron rayonu ərazisində Məmmədəli Əliyevlə birlikdə Piriyev soyadlı bir nəfər iş adamını öldürüb. Bəs bu işin sonu necə oldu? Məmmədəli Əliyevin işini tamam başqa ittihamla məhkəməyə göndərdilər və o, məhkum edildi. Milli Təhlükəsizlik Nazirliyindən də bizim sorğumuza cavab verdilər ki, bu işdə o olmayıb.

– Söhbətin əvvəlində Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanılması məsələsinə toxundunuz. Bir çoxları hesab edir ki, onu kənara buraxmamaqda məqsəd Hacı Məmmədovun elədikləri və bildiklərinin yayılmasının qarşısını almaqdır. Siz necə düşünürsünüz?
– Hacı Məmmədovun MTN-də saxlanılması tamamilə qanunsuzdur. Heç bir qanunda belə bir müstəsna hal nəzərdə tutulmayıb ki, ömürlük həbs cəzası alan şəxs istintaq təcridxanasında saxlanılsın. Saxlamaq mümkündür, o halda ki, şəxsin barəsində istintaq gedir, hansısa iş üzrə şahiddir və s. Mətbuatda oxumuşam ki, Hacı Məmmədov özü də oradan köçürülmək istəyir, amma yenə də saxlayırlar. Hətta tutaq ki, özü orada qalmaq istəyir. Onda elə bütün məhkumlar harada istəyirlərsə, orada qalsınlar. Hamı bilir ki, Kürdəxanıdakı istintaq təcridxanasında vəziyyət cəzaçəkmə müəssisələrindən daha yaxşıdır. O zaman məhkumlar bir ərizə yazsınlar ki, mən burada qalmaq istəyirəm və bununla da məsələ həll olunsun…
Hacı Məmmədovun altı ildən çoxdur ki, MTN-də saxlanılmasıyla bağlı hamı kimi mənim də gümanlarım ola bilər. Amma müvafiq orqanlar bu gümanlara yol verməməlidir.

– Dediniz ki, müvafiq qurumlar Ramin Nağıyevin yazdıqlarına reaksiya verib nəyin doğru, nəyin yalan olduğuna aydınlıq gətirməlidir. Ramin Nağıyev əvvəldə qeyd edib ki, ona məlum olan bütün bu hallar barədə prezidentə yazıb, amma reaksiya olmadığından mətbuat vasitəsilə bildiklərini açıqlamaq qərarına gəlib. Bundan sonra da dövlət strukturlarından reaksiya gözləyirsiz?
– Hesab edirəm ki, bu tipli çıxışlar bir müddətdən sonra işə düşə biləcək partlayıcı minalardır. Odur ki, bunlara indi reaksiya verilməlidir. Bəzilərində elə fikir formalaşıb ki, qəzetdir də, nə qədər istəyir yazsın. Bu, yanlışdır. Əvvəl müxtəlif məmurların adları mənimsəmələrdə, vətəndaşların əmlakını ələ keçirməkdə hallanırdı. Indi isə daha ağır ittihamlar ortaya çıxıb. Kim düşünürsə ki, cəmiyyət bütün bunları udur, yanılır. Bunların hamısı toplanır və nə vaxtsa ani qığılcım nəticəsində partlaya bilər. Ona görə də hesab edirəm ki, mütləq reaksiya verilməlidir. Mən demirəm ki, dərhal kimlərsə tutulmalıdır və yaxud yazılanların hamısı düzdür. Amma reaksiya verilməyəcəksə, belə bir deyim var ki, susmaq razılıq əlamətidir. Deməli, bunu qəbul edirlər.

Aytən Məmmədova

linkhttps://www.azadliq.info/8031.html