Dəyirman öz işindədir, çax-çax baş ağrıdır

Əbil Həsənov
Bizim məktəbimiz rayonumuzun ən yaxşı məktəblərindən biri idi. Məktəbin məzunlarının demək olar ki, hamısı ali məktəblərə qəbul olunurdu. Ona görə də rayonun yüksək rütbəli vəzifə sahiblərinin uşaqlarının hamısı bizim məktəbdə oxuyurdular. Mən sizə məktəbimizdəki təhsiln səviyyəsindən yox, bu vəzifəli şəxslərin övladlarının törətdiyi hadisələrdən danışacağam. Həmin uşaqlar dərslərə ya gəlmirdilər,ya da gələndə aləmi biri- birinə qatırdılar. Məsələn, müəllimlərin altlarına iynə qoyurdular, məktəbdə siqaret çəkirdilər, partaları qırırdılar, məktəbin şüşələrini sındırırdılar və sairə. Məktəbimizin direktoru başda olmaqla müəllimlərimiz də bu hadisələrə qorxularından “göz “yumurdular. Düzdür sonralar məktəbimizin direktoru dərsdə səs salan, parta və şüşə sındıran, məktəbdə siqaret çəkən uşaqları tənqid edə-edə sınmış partaların və şüşələrin pullarını bizim valideyinlərimizə ödətdirirdi. Çünki, məktəbimizin direktoru rayonumuzun vəzifəli şəxslərindən bərk qorxurdu.
Nə isə, bunları yazmaqda məqsədim heç də sizi öz məktəbimizlə tanış etmək deyil. Əgər bu günlərdə mətbuatda gedən bir yazını oxumasaydım, məktəbimiz heç yadıma da düşməzdi. ”Baş nazirin müavini, Qaçqınkomun sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev şərti cəza ilə həbsdən buraxılıb. Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərar Allahverdiyevin həbsinə səbəb olmuş iki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzasının bir ilinin tamam olmasına bir gün qalmış verilib.” Yadınızdadımı İsmayıllı hadisələri? Həmin hadisələrdən sonra Azərbaycanın Prezidenti İlham Əliyev qudurğan məmur balalarına barmağını silkələyərək necə hədə qorxu gəldi. Xatırladım ki, İsmayıllı hadisələri də o vaxtlar nazir işləyən Füzuli Ələkbərovun balalarının xalqı təhqir etməsi nəticəsində başlamışdı. Sonrası nə oldu? Qudurğan məmurlar və onların balaları Prezidentin onlara barmaq silkələməsindən qorxub quzu kimi sakitmi oturdular??? Yoxsa hörmətli Prezidentimizin sözünü qulaqardına vurdular? Sonrakı vəziyyətin gedişi göstərdi ki, onlar Prezidentin sözlərini heç veclərinə də almadılar. Necə deyərlər- “Dəyirman öz işindədir çax-çax baş ağrıdır”. İsmayıllı hadisələrindən sonra məmur və onların balalarının və hətta yaxınlarının törətdiyi cinayətlər mənə belə yazmağa əsas verir. İndi hələ mən bildiyim faktlardan misallar gətirəcəyəm.
1. Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu – 16 yaşlı Sadıqzadə Rahim – 65 yaşlı qadını vurub öldürüb – “Hyundai Santafe” markalı avtomobillə – cəzasız qalıb 2. Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğlu – 26 yaşlı Bəhram Əliyev – 45 yaşlı kişini vurub öldürüb – “Mercedes Galandewagen” markalı avtomobillə – cəzasız qalıb 3. Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğlu aftoşluq edərkən qəza törədib və nəticədə sürücülər xəsarət alıblar. 4. Tərtər rayonunda icra başçısının müavini Vidadi Bəylərovun 15 yaşlı oğlu Elxan Beylərli bir gənclə avtoxuliqanlıq edərkən gəncin maşını aşıb və həlak olub. – atası vəzifəsindən çıxarılıb 5. “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu avtoşluq edərkən Kamazla toqquşub. 6. Quba oliqarxlarından biri, sülhməramlı səfir Abbas Zeynalovun oğlu – 19 yaşlı Əbil Zeynalov – 13 yaşlı qızı vurub öldürüb- “Mercedes Galandewagen” markalı avtomobillə 7. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu – 38 yaşlı Xalid Mədətov – Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olub – “Mercedes Galandewagen” markalı avtomobillə – atası vəzifədən kənarlaşdırılıb, oğul 12 il həbs olundu. Lakin 3 il yatdıqdan sonra İlham Əliyev tərəfindən əfv edildi. 8. Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov “Mercedes Galandewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açıb. 9. Deputat Aydın Mirzəzadə və Elman Məmmədovun olduğu avtomobil qəza törədib. Nəticədə 55 yaşlı Bakı sakini hadisə yerində ölüb. 10. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov 2014cü ildə avtoşluq edərək piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə 4 il azadlıqdan məhrum edilir. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilir. 2017-ci ildə üzərind cinayət işi olmasına və sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra isə İlham Əliyev Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 11. Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib. Yeni müşavir general-mayordur. O, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi idi, oğlu Tamerlan Əsədullayev 2015-ci ildə “Senator” restoranında xidmətçini bıçaqlayana kimi. Hadisədən sonra Şərif Əsədullayev yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Generalın oğlu isə 4 aylıq həbsdən sonra şərti azad edilmişdi. Bu gün isə Ramil Usubov yaş həddini keçən generalı özünə müşavir təyin edib. Kosmetika və yükdaşıma yönlü şirkətlərə sahib olan Şərif Əsədullayev eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin bacısının əridir. 12. Əli Həsənovun nəvəsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsi general –mayor Elçin Quliyevin kürəkəni Nail Allahverdiyevin törətdiyi cinayətdən xəbəriniz var.
Əlbətdə mən bu siyahını genişləndirə də bilərdim. Amma əziz oxucularım, sizi yormaq istəmirəm. Belə faktları siz məndən də yaxşı bilirsiniz. Sadəcə dediyim odur ki ,məmurlar və onların balaları o qədər qudurublar ki artıq Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığına da məhəl qoymurlar. Öz bildiklərini edirlər. Sanki İlham Əliyev qudurtduğu məmurların qarşısında acizdir. Sadaladığım faktlardan belə qərara gəldim ki ,onlar heç İlham Əliyevi də saymırlar. Mənə elə gəlir ki, İlham Əliyev bizim məktəbin direktoru kimi onlardan çəkinir. Onlara qarşı qətiyyətli deyil. Yazının sona çatdırırdım ki, diqqətimi bir məlumat cəlb etdi. ”Oğlu xidmətçini bıçaqlayan general DİN-də vəzifəyə qaytarıldı.” https://www.youtube.com/watch?v=aIZnG51-9k0
Heç kəs qarantiya vermir ki sabah Növruzəli Orucovda vəzifəyə qaytarrılmayacaq.

Sonda məni bir sual düşündürür.Görəsən Prezident  onlardan niyə qorxur?