“İndi bildinizmi İlham Əliyev “böhrandan şərəflə çıxmışıq” deyərkən, nəyi nəzərdə tutub?”

Əli Kərimli: “Devalvasiyadan bütün millət itirsə də, İlham Əliyevin ailə biznesi xeyli qazanıb”

AXCP sədri Əli Kərimli hakim ailənin nəzarətində olan PAŞA Bank-ın ötən il aktivlərini 80% artırması, bunun 41%-nin isə devalvasiyalardan sonra yeni məzənnə qiymətləndirməsi sayəsində olduğu haqda rəsmi açıqlamaya münasibət bildirib. AXCP lideri feysbuk səhifəsində yazıb:

İlham Əliyev deyəndə ki, böhrandan şərəflə çıxa bilmişik, onu başa düşməmişdik. Hamı sual verirdi ki, camaatın aldığı maaş, əldə etdiyi qazanc bir ildə 2 dəfə qiymətdən düşübsə, insanlar bank kreditlərini ödəyə bilmədiyi, dolana bilmədiyi üçün intihar etməli olursa, böhrandan şərəflə çıxmaqdan necə bəhs etmək olar? Bu gün PAŞA Bankın rəsmisi Xəyalə Nağıyeva dövlət başçısının sevincək bəyanatının sirrini açıb. Xəyalə xanım bildirib ki, 2015-ci ildə PAŞA Bankın cəmi aktivləri 80% artaraq ilin sonuna 2.3 milyard manat təşkil edib. Üstəlik, Xəyalə xanım təsdiq edib ki, bu artımın 41%-i devalvasiyalardan sonra aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsindən əldə edilib. Yəni devalvasiyadan bütün millət itirsə də, İlham Əliyevin ailə biznesi xeyli qazanıb. İndi bildiniz ki, İlham Əliyev “biz bu böhrandan şərəflə çıxa bilmişik” deyərkən, nəyi nəzərdə tuturmuş?