Mikonosda xalqın milyonları ilə kef çəkən qudurğan deputat övladları kimlərdir?

Onlar 19 günə 2 milyon xərcləyiblər

Yenə dünyanın gündəmindəyik. Azərbaycan insanına çatmayan neft milyonlarının sorağı yenə uzaq ölkələrdən gəlir. Bu dəfə azərbaycanlı məmur övladlarının 19 günlük istirahətə 2 milyon avro xərclədiyi dünya mediasında! Yunanıstan televiziyası Azərbaycanın yüksək vəzifəli şəxslərin övladlarının harınlığı haqqında ayrıca reportaj hazırlayıb. Reportajda deyilir ki, onlar kurort şəhəri olan Maykonosda 19 gün lüks istirahət ediblər. İstirahətə qrup şəklində gələn gənclər bu müddətdə xəsislik etmədən düz iki milyon avro pul xərcləyiblər. Xəbərdə bildirilir ki, gənclər Azərbaycanın böyük neft-qaz şirkətinin, SOCAR-ın yüksək vəzifəlilərinin övladları olub. Qrupdakı gənclər adada bahalı villalarda qalıb və günə 25 min avro xərcləyiblər. Adada dincəldikləri müddət üçün təkcə mənzil haqqına 475 min avro ödəyiblər. Onları hər addımda izləyən 12 cangüdən olub. Həmin cangüdənlərin hər biri gündəlik 700 avro maaş alıb. Cangüdənlər gənclərin yanınca onların gündəlik xərclikləri – 50 min avro olan çamadanlarla gəziblər. Məlumatda bildirilir ki, keçən il də həmin qrup bu adada dincəlib. Onların ötən il bir aya xərclədikləri pul daha çox olub, nə az, nə çox, düz 3 milyon. O vaxt onların bir günlük kirayə pulu 50 min avro olub. Xəbərdə gənclərin kimlikləri bildirilmir. TV-nin obyektinə sadəcə onlardan və cangüdənlərdən bəzilərinin üzü düşüb…

Bu quldarlardan qurtulmaq zamanı gəlmədimi?

Azərbaycan insanı, bildinmi, bu gün nədən meydanlarda olmalısan? Bildinmi, bu gün çıxıb haqını tələb etməyin nədən bu qədər önəmlidir? Bildinmi, illərlə susduğun üçün haqqını kimlərə yedirmisən? Bildinmi, sənin yoxsulluqdan, qidasızlıqdan yüz cür xəstəlik tapan balalarının haqqını uzaq ölkələrdə hansı qudurğanlar kefə xərcləyir? Bildinmi, sənə neft milyardlarından çatan payı hansı quldurların yaramaz övladları uzaqlarda havaya sovurur? Anladınmı, artıq bu ölkənin sahibi yoxdur? Nə qədər susacaqsan, başda oturan bir qrup talançı xalqın sərvətini sümürüb qurtardı, axı. Oyan Azərbaycan xalqı, bu ölkəyə sahib çıxmaq sənin öhdənə düşür! Sən, əslində, SOCAR prezidentinin 25 yaşlı bivec oğlu İspaniya çimərliyində 2 milyon avroluq saatı oğurladanda ayağa qalxmalıydın. Sən Rövnəq Abdullayev SOCAR-ı 11 milyarda borclandırdığını deyəndə etiraz səsini ucaltmalıydın. Sən parlamentdə oturanların mandat alverini pozmaq üçün yumruq olmalıydın. Sən milyardların sorağı ofşorlardan gələndə küçələrə axışmalıydın. Sən MTN qalmaqalı zamanı ölkənin oğurluq milyardlarının davası gedəndə sözünü deməliydin. Sən çoxdan ölkənə sahib çıxmalıydın, Azərbaycan insanı! Bu, SOCAR-ın oğurluq milyonları ilə dillərə düşdüyümüz birinci, ikinci, üçüncü macəra deyil axı. Daha bəs olmadımı? Bu kriminal oğruları durdurmağın zamanı deyilmi? Onlar sənə insan gözü ilə baxmırlar. Onlar öz meşşan balalarına xərclədikləri milyonların yüzdə birini belə sənə çox görürlər. Bu ölkəyə sahib çıxmağının zamanı çatmadımı, Azərbaycan xalqı? Qalx, əl-ələ ver, birlik ol, haqqına sahiblən! 19 oktyabr mitinqini bu quldarlardan qurtulmaq üçün tarixi günə çevirməyin məqamıdır!