«Ramin Nağıyev açıqlasın ki, mən kimin sifarişilə işləyirdim, onda mən də fikir bildirəcəm»
Milli Təhlükəsizlik Nazirliyinin(MTN) xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətli ilə bağlı açıqladağı faktlarrezonansa səbəb olub. Ramin Nağıyev bu faktları ilk dəfə “Azadlıq”ın sualları əsasında ictimaiyyətin diqqətinə çatdırıb. Onun açıqlamalarında kifayət qədər maraqlı məqamlar var.
Ən diqqət çəkən məqam isə təbii ki, qətlin motivi ilə bağlıdır. Ramin Nağıyev iddia edib ki, Afiyəddin Cəlilovla, Şəmsi Rəhimov Müdafiə Nazirliyindəki iri miqyaslı korrupsiya əməliyyatlarının qurbanı olub: “Bu qətlin əsas motivi Müdafi Nazirliyi sistemində baş verən iri korrupsiya əməliyyatlarının üstünü örtmək cəhdi olub. Belə ki, Şəmsi Rəhimov Xüsusi Idfarənin rəhbəri kimi özünün birbaşa vəzifə səlahiyyətlərini yerinə yetirərkən Azərbaycan Müdafizə Nazirliyində iri miqyaslı korrupsiya əməliyyatlarının olduğunu üzə çıxarıb və bu əməliyyatların Surət Hüseynovun nəzarəti altında aparıldığını dəqiqləşdirib. O bu korrupsiya əməliyyatları barədə Heydər Əıliyevə məruzə edib. Bu məruzə qanunsuz maliyyə vəsaitlərinin yönəldildiyi xarici banklar və on milyonlarla dollar vəsaitin saxlandığı bank hesablarının siyahısı idi. Şəmsi Rəhimov prezident Heydər Əliyevə bu əməliyyatların aparılma sxemini detallı şəkildə izah etmişdi. Bu məruzədən sonra Heydər Əliyev Şəmsi Rəhimova göstəriş verir ki, bu əməliyyatlara aidiyyatı olan şəxslərin, eləcə də adına bank hesabı açılanların siyahısını müəyyənləşdirib ona təqdim etsin. Eyni zamanda, o, Afiyəddin Cəlilova tapşırmışdı ki, etibarlı deputatlardan ibarət komissiya yaradarq MN-dəki maliyyə maxinasiyalarını yoxlamaq üçün hazırlıqlara başlasın. Akademik Ziya Bünyadovun adı da həmin komissiya üzvlərinin siyahısına əlavə edilmişdi. Komissiyanın işləməsi üçün zəruri hesab edilən bütün sənədlər Afiyəddin Cəlilova verilmişdi və o, həmin sənədləri (”qara qovluq”) iş yerindəki seyfdə saxlayırdı. Amma bu komissiya öz işinə başlaya bilmədi, çünki adı çəkilənlərin hamısı bir-birinin dalınca öldürüldü”.
Hərbi ekspert Üzeyir Cəfərov Ramin Nağıyevin qətlin motivi barədə dediklərini inandırıcı sayır. Onun sözlərinə görə, o zaman həqiqətən də Müdafiə Nazirliyində iri miqyaslı korrupsiya əməliyyatları həyata keçirilib. Eyni zamanda başqa cinayətlər də törədilib ki, hələ də açılmamış qalıb: “Ramin Nağıyev bu qətllə bağlı təfərrüatları bizdən daha yaxşı bilər. MTN-nin xüsusilə mühüm işlər üzrə müstəntiqi kimi işin içində olub. Necə ki, biz Müdafiə Nazirliyində o zaman və indi baş verənlərdən məlumatlıyıq. Və ordu sistemində məndə olan məlumatlar Ramin Nağıyevin açıqlamasını inandırıcı saymağa əsas verir. Mən hələ bu məlumatları açıqlamaq istəmirəm. Ona görə ki, bu faktlar araşdırılmayacaq. Əksinə, bununla bağlı mənə qarşı təzyiq və təhdi kampaniyasına start veriləcək. Elə indinin özündə baş qərargah rəisi Nəcməddin Sadıqovla bağlı açıqladığım faktlara görə təhdid olunuram. Lakin məni narahat edən təhdid olunmağım deyil, açıqlanan faktların qulaqardına vurulmasıdır. Misal çəkim: Təxminən 5-6 il əvvəl Natiq Bağırov adlı bir zabit dünyasını dəyişdi. Onun ölümü avtoqəza kimi rəsmiləşdirildi. Doğrudur, Natiq Bağırov qəzaya düşmüşdü. Amma bu qəzanın səbəblərini araşdırılmadı. Əslində isə onun ölümünə general Mahmud Həmzəyev bais olmuşdu. Mahmud Həmzəyev gecə saatlarında Natiq Bağırovu ciddi əsas olmadan təcili yanına çağırıb. Ona çox az vaxt qoyaraq, bu vaxt ərzində yanında olmağı tapşırıb. Natiq Bağırov Mahmud Həmzəyevin qəzəbinə gəlməmək üçün deyilən vaxtda özünü onun yanına çatdırmağa çalışıb və nəticədə qəza baş verib. Təsəvvür edin, bir generalın kaprizi üzündən Azərbaycan ordusunu zabiti dünyasını dəyişir. Amma heç kim bu məsələni araşdırıb həmin generala demir ki, axı sən nə üçün gecə vaxtı, heç bir ciddi əsas olmadan zabiti məhdud vaxtla yanına çağırmısan? Yaxud Rövşən Əkəbrovu götürək. Bu adamın Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməsi bəlli bir məsələdir. Amma Rövşən Əkbərov bu gün azadlıqdadır. Ona görə də düşünürəm ki, digər cinayət faktları da açıqlansa heç bir tədbir görülməyəcək”.
Ramin Nağıyev Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli barədə açıqlamalarında bildirib ki, bu olayın mərkəzində dayanan və ən dolğun məlumatı olan şəxslərdən biri sabiq baş prokuror Əli Ömərovdur. Sabiq müstəntiq deyib ki, Əli Ömərov bu olayla bağlı özü də bilmədən başqa funksiyanı yerinə yetiririb: “Rövşən Cavadovun qardaşı Mahir Cavadovun çılğın və ölçüsüz xarakterini bilərək Ömərova onu özündən çıxarmaq vəzifəsi həvalə edilmişdi. Bu da alınırdı: 20-ci polis bölməsinə hücum, OMON-un Respublika prokurorluğunu götürməsi kimi hadisələr baş verirdi. Demək olar ki, qətldən cəmi iki gün sonra baş prokuror TV-də elan etdi ki, qatillər ələ keçirilib, qətlin təşkilatçıları isə Cavadov qardaşlarıdır”.
Ramin Nağıyevin bu fikirlərinə sabiq baş prokurorun münasibətini bilmək maraqlı olardı. Lakin Əli Ömərov bizimlə söhbtində sabiq müstəntiqin dediklərinə şərh verməyərək yalnız bunu deyib: “Qoy Ramin Nağıyev açıqlasın ki, o dediyi funksiyanı yerinə yetirməyi mənə kim həvalə etmişdi, mən kimin sifarişilə işləyirdim. Bundan sonra mən də fikir bildirərəm. Indisə mən onun dediklərinə şərh vermək istəmirəm”.
Seyid
linkhttps://www.azadliq.info/7829.html