Heydər Əliyev Surət Hüseynovu 1 milyard dollara aldı

MTN-in sabiq müstəntiqi davam edir: Orduya verilən pişik yeməyinin gizlinləri

Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər üzrə sabiq müstənqiti Ramin Nağıyevin “Azadlıq”ın sualları əsasındagöndərdiyi məlumatların dərcini davam etdiririk.

başlağıcı ötən sayımızda

Söhbətdən bəlli oldu ki, hərbi prokurorluğun xüsusilə mühüm işlər üzrə müstəntiqi Məmmədzadə Akif Vaqif oğlu Azərbaycan Milli Ordusundakı yüksək vəzifəli şəxslərin korrupsiya əməliyyatlarının izinə düşübmüş. Bundan sonra baş prokuror onu bu işlərdən kənarlaşdırıb. Bir müddət keçəndən sonra isə ona 100 dollar rüşvət ataraq 8 il müddətinə azadlıqdan məhrum ediblər, cinayət işini isə cinayəti törədən şəxslərin müəyyən edilməməsi səbəbilə bağlayıblar.

 

Neft maxinasiyaları belə başlamışdı…

Mən bu işlə və onun ətrafındakı hadisələrlə tanış ola bildim. Müəyyən edə bildim ki, 1992-ci ildə Ermənistana qarşı hərbi əməliyyatların aparılması üçün (silah-sursat alınması və s.) zəruri pullar olmayıb. Buna görə də Azərbaycan hökuməti barter sövdələşmələri haqqında qərar qəbul edib: silah-sursat əvəzinə neft. Bu əməliyyatlar üçün vergi və gömrük rüsumu müəyyən edilməyib, amma onların aparılması üçün müdafiə nazirinin yazılı razılığı olmalı imiş. 1993-cü ilin yayından etibarən isə bu razılığı şəxsən Surət Hüseynov verirmiş. Elə bundan sonra da saxtakarlıqlar tüğyan etməyə başlayıb. Hər bir əməliyyat üçün saxta firmalar yaradılıb, əməliyyatdan sonra isə bu firmalar ləğv edilib. Bu sxem yaxşı düşünülmüşdü. Neft məhsulları ölkədən çıxarıldıqdan sonra firmalar ləğv edilir, pullar isə xarici banklarda yatırılırdı. Müstəntiq Məmmədzadə 10 belə epizodu aşkar edir, bu epizodlardan hər birindən götürülən qanunsuz gəlirin 1 milyon dollardan artıq olduğu sübut edilmişdi. Pulların köçürüldüyü Kipr bankları və bu əməliyyatları təşkil edən adamlar aşkar edilmişdi. Bu cinayət əməliyyatları kapitanın təqdim etdiyi sənədlərlə də sübut edilirdi. Bu sənədlərin surəti Şəmsi Rəhimova da verilmişdi. Amma onları tapmaq mümkün olmadı. Daha doğrusu, oğurluq mexanizmi onun izini itirdi.
Mən bu kapitanı tapmağa çalışdım. Amma o, artıq MN-də işləmirdi. Eyni zamanda, bizim Respublika Prokurorluğuna göndərdiyimiz bu sənədlər də it-bata salındı. Kapitandan öyrəndiyim bu epizodlardan birini danışmaq istəyirəm. Doğrudur, bu epizod birbaşa həmin qətllərlə bağlı deyil, amma hamı üçün maraqlı olacağını düşünürəm: 1993-94-cü illərdə MN-in rəhbərliyi Pribaltikadan ordunun “quru ərzaq” rasionuna daxil edilən ət konservləri almışdı. Burada dəhşətli bir şey yoxdur, amma: birincisi, bu konservlərin istifadə müddəti başa çatmışdı və onları bütün Pribaltikadan toplayıb Azərbaycana gətirmişdilər və burada 3 qat qiymətlə sənədləşdirmişdilər; ikincisi isə “Viskas” adlanan bu konservlər pişik yemi olaraq istehsal edilmişdi.

1 milyard dollarlıq “əzabkeş”

Mənim “Dövlət nökərləri” (“Qosudarevı sluqi”) adlı məqaləm bir çoxlarının xoşuna gəlməmişdi. Onlar belə hesab edirdilər ki, Əliyev rejiminin qurbanı olan “əzabkeş” Surət Hüseynovun obrazına toxunmaq olmaz. Amma çoxları fərqində deyildi ki, bu “əzabkeş” elə həmin rejimin əlində bir alət idi, ondan sadəcə, istifadə etdilər. Surət belə hesab edirdi ki, qoca prezident öləcək və o, Prezident kürsüsünü tutacaq. Amma dərk eləmirdi ki, Heydər Əliyev oğlu üçün alternativ sayılacaq hər kəsi sıradan çıxarmaqla məşğuldur. Indi 1994-cü il oktyabr hadisələrinin əsas təşkilatçıları olan Surət Hüseynov, Nəriman Imranov azadlığın dadını çıxarırlar, amma o hadisələrin sıravi iştirakçılarını əfv edən yoxdur, onlar hələ də həbsxanalarda çürüyürlər.
2000-ci ildə mən Moskvada olarkən Rusiyanın Surət Hüseynovu Azərbaycan hökumətinə təhvil verməsi ilə bağlı bəzi təfərrüatları öyrənə bildim. Yəqin hamının yaxşı yadındadır ki, o ərəfədə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi. Bu faktın üstünü general Roxlin açmışdı. Azərbaycan hökuməti bu faktla bağlı Avropa strukturlarına və BMT-yə müraciət etməyə hazırlaşırdı: Avropada adi silahların yerləşdirilməsi ilə bağlı Müqavilənin, eyni zamanda döyüşən tərəflərə (Azərbaycan və Ermənistan) silah-sursat verilməməsi ilə bağlı razılaşmanın şərtləri pozulmuşdu.   Amma Azərbaycan heç yerə müraciət etmədi. Prezident Əliyev bu müraciətin əvəzində Surət Hüseynovun Azərbaycana verilməsini tələb etdi, Rusiya da onun tələbini təmin etdi.
Surət Hüseynov nə qədər qiymətli adam idi ki, Heydər Əliyev Azərbaycanın milli maraqlarının əleyhinə gedərək onu istəyirdi? Axı, Ermənistan 1 milyard dollarlıq silah əldə etmişdi… Mən “12-lər”in işinin istintaqında iştirak etməsəm bu sualın cavabını da bilməzdim. Əliyev rejiminə Surət Hüseynovun 1 il ərzində mənimsəyə bildiyi pulları lazım idi. Istintaqın gedişində onun 600 min dollarlıq qızılının olduğu aşkarlandı. Əməliyyatçılar nə qədər dəridən-qabıqdan çıxsalar da başqa pulların yerini öyrənə bilmədilər. Surət Hüseynov özünü günahkar saymadı və istintaqa da ifadə vermədi, amma buna baxmayaraq onu bütün maddələr üzrə günahkar çıxararaq ömürlük azadlıqdan məhrum etdilər. Bir neçə ildən sonra ömürlük həbs, səhv etmirəmsə, 20 illə əvəz edildi, bundan sonra azadlığa buraxıldı. Hamı çox yaxşı bilir ki, Əliyev öz düşmənləri ilə necə rəftar edirdi: heç bir aman və güzəşt ola bilməzdi. Amma birdən-birə onu bağışladılar. Cavab isə çox sadə idi: Surət Hüseynov mənimsəyə bildiyi pulları verərək azadlığını satın aldı. Onun nə qədər mənimsədiyini isə Heydər Əliyev çox yaxşı bilirdi. Maliyyə naziri Fikrət Yusifov prezidentin tapşırığı ilə bir neçə il ərzində Müdafiə Nazirliyindəki əməliyyatları nahaq yerə saf-çürük etməmişdi ki…
Isgəndər Həmidovla bağlı da eyni qərar verilmişdi, amma onun pulu aşkar edilmədi və əvəzində də ona verilən cəza müddətini oturub azadlığa çıxdı. Inanmayanlar Isgəndər Həmidovun özündən soruşa bilərlər.

“Məndən göz yummaq tələb olunurdu ki…”

Cinayət işinə qayıdaq. Istintaqın ilkin mərhələsindəcə bəlli oldu ki, “səmim etiraf”lara baxmayaraq, OMON-çuların bu işlə heç bir əlaqəsi yoxdur. Mənə hökm edilirdi ki, bu saxtakarlıqlara göz yumaraq təqsirləndirilən şəxslərdən etiraf ifadələri almaqda davam edim. Daha döğrusu, göz yummalı idim ki:
– mənim istintaq qrupuma daxil olan və şahidlərin gəlməsini təmin edən cinayət axtarış əməkdaşları şahidləri hər cür vasitələrlə qorxutmaqla onlara “artıq şeyləri danışmamağı” məsləhət görürdülər. Bu işlə konkret olaraq, cinayət axtarış idarəsinin rəis müavini polkovnik Şərifov məşğul olurdu. Bu iş “partlayanda” isə Ramil Usubov onu Bakıdan Gəncəyə xidmətə göndərdi;
– şahidlərdən birinin məlumatına görə, Şəmsi Rəhimovun yaşadığı blokun yaxınlığında, axşam saat 19 radələrində özünü şübhəli aparan bir gənc görünüb, bir neçə dəfə bloka girib-çıxıb. Gözə girdiyini hiss edincə isə təcili aradan çıxıb. Bir müddət Şimali Qafqazda yaşayan bu şahid şübhə etmirdi ki, həmin adam sifət cizgiləri, geyim stili, davranış manerası etibarı ilə Şimali Qafqazdan olan birisidir;
– Şəmsi Rəhimovun həyat yoldaşı bildirirdi ki, ərinin dediyinə görə, son günlər onu izləyirmişlər, hətta MTN onun telefon danışıqlarını da izləyirmiş. Şəmsi Rəhimv bu narədə aeroportda Heydər Əliyevə məlumat verib, o isə vəd edib ki, qayıdan kimi bu məsələ ilə məşğul olacaq;
– Şahid ifadəsində israr edirdi ki, o, mərhumu axşam saat 19-da blokun qarşısında görüb. Bu zaman maşından enənə Ş.Rəhimovun yaxınlığında qırmızı rəngli, tünd şüşəli bir “Jiquli” dayanıb. Maşının salonu qaranlıq olsa da, içəridəki siqaret işığında onların 4 nəfər olduğu aydın görünüb. Onların hamısı siqaret çəksələr də, maşının şüşələri bağlı olub.
– Şahid ifadələri ilə təsdiq edilirdi ki, MTN-in qarajında tünd şüşəli, qırmızı rəngli “Jiquli” yoxdur. DIN isə sorğuya cavab verməkdən imtina etdi. Amma əməliyyat yolu ilə müəyyən edilmişdi ki, DIN-in 7-ci idarəsində belə bir avtomobildən istifadə edilir.
– Şübhəli şəxslərin və şahidlərin ifadələrindən bəlli olmuşdu ki, DIN və MTN Andi adlı çeçenin, eləcə də zahirən ona oxşayan şəxslərin saxlanılması, şəxsiyyətinin müəyyənləşdirilməsi barədə əməliyyat göstərişi varib. Amma bir neçə gün sonra DNI bu əməliyyat göstərişini ləğv edib. Bu barədə istintaqa cəlb edilən Yol Polisi əməkdaşı, baş leytenant Hüseynov məlumat vermişdi. O bildirmişdi ki, Andi adlı çeçeni Şıxov çimərliyi tərəfdə görüb, amma onun axtarıldığı barədə məlumatı olmayıb. Sonradan naməlum səbəblərə görə baş leytenant Hüseynovu prokurorluq həbs etdi, onu 10 gün “Qorotdel”in zirzəmisində saxladılar və bundan sonra əvvəlki ifadələrindən imtina etdi.
– Istintaqa təqdim edilən videokassetdən görünürdü ki, qətldə ittiham edilən hər üç şəxs – F.Muxtarov, E.Əliyev və F.Hüseynov hadisə baş verən zaman Sumqayıtda toyda olublar!!! Onlarla şahid təsdiq edirdi ki, onlar toy məclisinin sonuna qədər orada iştirak ediblər, hətta Fazil Muxtarov toy məclisi qurtarandan sonra da keflənmiş qohumlarını Bakıda öz avtomobili ilə evlərinə daşıyıb.
– və ən başlıcası, qətlin baş verdiyi zaman blokdan qaçan qatili görən şahid F.Muxtarovu, E.Əliyevi və F. Hüseynovu üzləşdirmə zamanı tanımadı və bildirdi ki, bu adamların heç biri hadisə yerində onun gördüyü adam deyil.
Bütün bunları nəzərə alaraq 1994-cü ilin dekabr ayının 31-də Fazil Muxtarovdan yaşadığı yeri tərk etməmək haqqında iltizam alaraq onu azad etdim…

ardı var

linkhttps://www.azadliq.info/7825.html