Banlamağı unutmuş xoruzlar

 

Əbil Həsənov

Aclıqdan və susuzluqdan əziyyət çəkən xoruzlar soyuq və qaranlıq hinə yığışıb tülkünün zülmündən danışır, xilas olmağın yollarını tapmaq üçün baş sındırırdılar. Bəziləri tülkünün yuvasının qarşısında zülmə etiraz əlaməti olaraq fasiləsiz banlamağı, bir neçəsi isə gecəykən tülkünün yuvasına hücum edib onun gözlərini dimdikləyib çıxarmağı təklif edirdilər. Təklif edənlər çox, təklifi həyata keçirənlər isə yox idi. Hər gecə beləcə danışıb yuxuya gedər, səhər açılar- açılmaz var gücləri ilə banlaya-banlaya hinin həyətinə çıxıb künc- bucağında eşələnərək torpağın içindən yeməyə bir şey axtarardılar. Xoruzların sübh tezdən belə ucadan banlaması meşənin şərqində qonur ayının, qərbində isə pələngin yuxusuna haram qatdığı üçün ,onlar tülküyə xoruzların səslərinin kəsilməsinə bir tədbir görməsini əmr etmişdilər. Tülkü də xoruzların vəziyyətindən hali idi. Ona görə də xoruzları ələ almaq üçün müxtəlif hiylələr fikirləşirdi. Gecə xoruzlar yatandan sonra tülkü bir ovuc sapsarı buğda gətirərək hinin həyətinə səpdi. Qoca xoruzun səhərin açıldığını xəbər verən banından sonra xoruzlar yem axtarmaq üçün hinin həyətinə çıxdılar. Hinin həyətinə tökülən qızılı rəngdə buğda dənələrini gördükdə əvvəlcə gözlərinə inanmadılar sonra buğda olduğunu bildikdə qoca xoruzlarla beçələr dən üstündə bir birlərinin pipiklərini al qana qərq etdilər. Artıq gecələr xoruzlar tülküyə qarşı savaşdan yox, səhər hamıdan tez durub çox dən yeməyi düşünürdülər. Tülkü hər səhər hinin həyətinə buğda tökdükcə xoruzlar arasında münasibət daha da sərtləşirdi. Tülküyə də elə bu lazım idi. O, artıq xoruzlarla məzələnərək buğdanı artıq hinin həyətinin kənarındakı çirkli su ilə dolu arxa səpməyə başlamışdı. Xoruzlar artıq buğdanın haraya səpilməsinin fərqinə varmırdılar-təki yemək olsun. Peyinin içindən, çirkli suların axdığı arxdan da buğdanı tapıb yeyirdilər. Get-gedə tülkü buğdanı öz yuvasının həyətinə qədər səpdi. Xoruzlar buğdanı yeyə – yeyə tülkünün həyətinə qədər gəlir və geri qayıdırdılar. Xoruzlar o qədər buğdaya aludə olmuşdular ki, artıq banlamaq yaddan çıxmışdı. Tülkü artıq buğdanı hinin həyətindən öz yuvasının daxilinə qədər səpmişdi. Beləliklə, xoruzlar dən üstündə bir -birlərini dimdikləyə – dimdikləyə gəlib tülkünün yuvasının içinə girdilər. Tülkünün hiyləsi baş tutmuşdu. Xoruzlar işəri girən kimi o, qapını bağladı. Xoruzlar bir daha geri qayıtmadılar.Tülkü öz yuvasında xoruzlar üçün hər şərait yaratmışdı.Hər gün onlara bolluca dən və su verirdi. Xoruzlar isə o qədər yeyib işirdilər ki, artıq banlaya da bilmirdilər. Arada bir banlamaq istəyəndə öz hinlərinə tərəf baxıb bir günlük cücələr kimi civildəşirdilər..  Beləliklə də qonur ayı və şir səhərlər rahat yatırdılar.