Heydər Əliyev onların günahsız olduqlarını bilirdimi?

«Şəmsi Rəhimovun xidməti seyfindəki sənəddə yazılırdı…»

MTN-in xüsusilə mühüm işlər üzrə müstəntiqi Ramin Nağıyev «Azadlıq»ın suallarına cavab verir

Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər üzrə sabiq müstənqiti Ramin Nağıyevin “Azadlıq”ın sualları əsasında göndərdiyi məlumatların dərcini davam etdiririk.

əvvəli ötən sayımızda

Fazil Muxtarovu azadlığa buraxanda mənə qarşı hansı basqıların ola biləcəyini ağlıma da gətirməmişdim. Yanvarın 2-də bu barədə hamı bildi və nəhəng bir hay-küy qalxdı. Baş prokuror Eldar Həsənov və Ramil Usubov tələsik prezident Heydər Əliyevin qəbuluna getdilər və MTN əməkdaşlarından şikayət etdilər: “Belə işləmək olmaz, biz cinayətkarları tuturuq, MTN onları azad edir”. Amma onların hər ikisi, özəlliklə də Baş prokuror yaxşı bilirdilər ki, bu adamı həbsdə saxlamaq üçün heç bir əsas yox idi. Baş prokuror istintaq qrupunun tərkibinə daxil edilmiş prokurorluq müstəntiqlərini nahaq yerə geri çağırmamışdı.

O zaman MTN-də istintaq vicdanla aparılırdı

Elə həmin gün bütün istintaq materialları məndən alındı. 5-6 ay ərzində MTN-in Istintaq Idarəsi başda polkovnik R.Mansurov olmaqla bütün sübutları təkrar-təkrar yoxladılar, amma yenə də həmin nəticəyə gəldilər ki, OMON-çuları Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətl işinə bağlamaq üçün heç bir sübut, heç bir dəlil yoxdur. Bundan sonra prezidentin göstərişi ilə iki cinayət işinin materialları MTN-dən alınaraq istintaqın davam etdirilməsi üçün Prokurorluğa verildi. Yeri gəlmişkəın, o zamanlar MTN-də istintaq hələ vicdanla aparılırdı (“səmimi etiraflar” üçün işgəncələr tətbiq edilmirdi) və ölkə rəhbərliyi tərəfindən xüsusi aqressiv təzyiqlər olmurdu.
Fazil Muxtarov, Elçin Əliyev və Fazil Hüseynov MTN-dən “qorotdel”in zirzəmisinə köçürülən kimi onlar bircə həftə ərzində ağır və dəhşətli işgəncələr altında “səmimi etiraf”lar edərək Şəmsi Rəhimovu və Afiyəddin Cəlilovu öldürdüklərini dedilər. Üstəlik, Fazil Muxtarov “etiraf” etmişdi ki, o, Afiyəddin Cəlilovu və onun sürücüsünü tapançadan açdığı atəşlə öldürüb. (Baxmayaraq ki, istintaq materiallarında bu iki nəfərin avtomat silahdan açılan atəşlə öldürüldüyü faktı təsbit edilmişdi). Ramil Usubov bu “səmimi etirafları” da götürərək məruzə üçün Heydər Əliyevin yanına qaçmışdı, amma ondan xüsusi bir muştuluq ala bilməmişdi, çünki artıq, Isa Nəcəfov ona məlumat vermişdi ki, Usubovun “cəlladları” hansı etirafları ala bilib.

Namiq Abbasova qarşı tələ

Bu “etiraf” ifadələri məhv edildi. Dərhal sonra isə, nəyə görəsə, Fazil Muxtarovdan başqa bir “etiraf” alındı ki, guya onun MTN-in istintaq təcridxanasından buraxılması üçün Rüfət Mansurova pul verilib. Prokurorluq dərhal cinayət işi qaldırdı, Mansurovun həbs edilməsi barədə qərar çıxarıldı. Ancaq nazir N.Abbasov öz əməkdaşını müdafiə edə bildi, belə ki, o, bu kampaniyanın ona qarşı hesablandığını tamamilə düzgün olaraq qiymətləndirdi. Həmin cinayət işi isə dayandırıldı və hələ də Bakı şəhər prokurorluğunun arxivində saxlanılır…
Prokurorluq istintaqı sürətlə yekunlaşdırdı və F.Muxtarov, E.Əliyev və F.Hüseynov sadəcə olaraq, “səmimi etiraf”lar zəminində azadlıqdan məhrum edildilər. Məhkəmə, hətta onu da nəzərə almadı ki, hadisənin şahidləri hadisə yerində bu adamları yox, tamam başqa adamları görüblər. Hərçənd, mən hakimi də başa düşürəm, onun yalnızca iki seçim imkanı vardı: vicdanlı qərar çıxararaq hakimlikdən getmək, yaxud da vicdansız qərar çıxararaq işinə davam etmək və günahsız insanları mühakimə etməyə davam etmək. O, ikinci variantı seçdi – əclafcasına və qorxaqcasına yaşamağı.  Eynilə belə bir hakim də 1999-cu ildə başqa OMON-çuları mühakimə etdi: Afiyəddin Cəlilovu və onun sürücüsünü öldürdüyünü “səmimi etiraf” edənləri.

Heydər Əliyev onların günahsız olduqlarını bilirdimi?

Hamı üçün maraqlıdır: Heydər Əliyev mühakimə edilən OMON-çuların günahsız olduqlarını bilirdimi? Əlbəttə, o, bilirdi ki, bu adamlar Afiyəddin Cəlilovu və Şəmsi Rəhimovu öldürməyiblər. Amma o, bu adamların azadlığa çıxması üçün heç nə etmədi. Tam əksinə, özünün ən yaxın və ən sədaqətli iki adamının ölümündən öz düşmənlərini məhv etmək üçün istifadə etdi.
Amma ən dəhşətlisi budur ki, prezident Heydər Əliyev də, Ramiz Mehdiyev də, Daxili Işlər Naziri, Prezident Aparatında güc strukturları üzrə kurator Fuad Ələsgərov da, Baş prokuror Eldar Həsənov da, Milli Təhlükəsizlik naziri Namiq Abbasov da nəinki OMON-çuların günahsızlığını bilirdilər, üstəlik, tam 16 il ərzində öz silahdaşlarının qatillərini himayə etdilər. Qatillər isə, praktik olaraq, “dövlət qulluğunda” idilər.

Afiyəddin Cəlilovun qovluğu hara qeyb oldu?

Bir daha, Afiyəddin Cəlilovda olan sənədlərə qayıdıram. Onun ölümündən bir saat sonra oğlu onun kabinetinə gələrək seyfdən həmin “qara qovluğu” və başqa əşyaları götürüb. Onun bu sənədləri neylədiyi mənə bəlli deyil. Bunu yalnız ehtimal edə bilərəm. Biz onu ağıllı başlı dindirə də bilmədik. Heydər Əliyevdən birbaşa gələn göstərişə görə ona xoşagəlməz suallar vermək olmazdı. Amma mən Afiyəddin Cəlilovun oğluna sırf insani bir məsləhət vermək istərdim: “Hələ də yolu keçəndə svetoforun işığına diqqətlə baxın”.

Ziya Bünyadovu nə üçün öldürdülər?

Surət Hüseynovla haqq-hesab çürüdüləndən sonra Heydər Əliyev Səfər Əbiyevi Müdafiə naziri təyin etdi və Maliyyə naziri Fikrət Yusifova MN-in maliyyə fəaliyyətinin tam və əsaslı təftişini aparmaq göstərişi verdi. 5-6 il davam edən bu komissiyanın hansı nəticələri əldə etdiyini kimsə bilmir.  Mən istisna etmirəm ki, həmin komissiya orada olan bütün maliyyə saxtakarlığı izlərini məhv etməklə məşğul oldu.
1996-cı ilin iyun ayında Milli Məclisin qapalı iclasında deputat Ziya Bünyadov çıxış etdi və Azərbaycanda ilk dəfə olaraq, Müdafiə Nazirliyindəki korrupsiya faktlarını ifşa etdi. Amma bundan sonra da heç nə dəyişmədi. Bunu görən Ziya Bünyadov bu məsələlər barədə KIV-ə açıq danışmağa başladı. Son çıxışlarının birində, o, hökuməti aşkar şəkildə hədələyərək bildirdi ki, əgər ciddi tədbirlər görülməzsə, o, MN-dəki korrupsiya faktlarını mətbutda dərc etdirəcək. Bundan sonra, 1997-ci ilin fevral ayında Ziya Bünyadov vəhşicəsinə qətlə yetirildi. Bu dəfə isə bu qətli islamçıların üstünə yıxdılar. (ABŞ-a göstərmək lazım idi ki, Azərbaycan islamçı terroristlərin hədəfindədir). Baxmayaraq ki, Hacı Məmmədov həbs ediləndən sonra onun gizli saxlanc yerindən Ziya Bünyadovun öldürüldüyü tapança (ballistik ekspertizanın nəticələrinə əsasən) aşkar edildi, bu cinayət işinə yenidən baxılmadı. (Bu pistolet haqqında ilk dəfə “Realnıy Azerbaydjan” qəzetində məlumat verilib).
“Exo” qəzetinin 2002-ci il, 14 mart tarixli sayında isə yazılırdı: “…kriminalistlər Rövşən Əliyevin və Ziya Bünyadovun öldürülməsində qatilin izlərinin oxşar olduğunu bildirirlər…”. Öz tərəfimdən isə bunu əlavə etmək istərdim ki, Şəmsi Rəhimovun, Afiyəddin Cəlilovun və onun sürücüsünün, “Çinar” firmasının direktorunun qətlləri, Afiyəddin Cəlilovun oğlu Nizami Cəlilova sui-qəsd cəhdlərinin arasında oxşarlıq şübhəsizdir. Bu cinayətlərdə imzalar eynidir, çünki onlar eyni adamlar tərəfindən həyata keçirilib. Bilavasitə icraçılar isə bir zamanlar muzdlular kimi istifadə edilən, Surət Hüseynovun nəzarətində olan çeçen killerlərdir. O zamanlar bu qrupa Andi adlı çeçen rəhbərlik edirdi. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün cəhdlərin heç bir nəticəsi olmadı. Bu adamlar heç bir yerdə qeydiyyatda deyildilər və aydın deyildi ki, onlar nə zaman, hansı döyüşlərdə iştirak ediblər və kimdən maaş alıblar.

Şəmsi Rəhimov Surət Hüseynov haqqında dosye yığırdı

Şəmsi Rəhimovun xidməti seyfinə baxış keçirərkən, orada mərhumun öz əli ilə yazdığı bir qeyd gözümə dəymişdi: “1993-cü ildə ”Qırmızı körpü”də çeçen mafiyasının nümayəndələri Surət Hüseynovla görüşüblər. Mövzu: çeçenlərin un biznesi ilə məşğul olan Azərbaycanlılara qarşı basqılarıdır. Çeçenlər öz faizlərini tələb edirlər. Onlar unun Surət Hüseynova məxsus olduğunu biləndə mübahisəni kəsirlər. Barışıq əlaməti olaraq Surətə ağ rəngli “Mersedes” bağışlayırlar və öz qulluqlarını da təklif edirlər”. Sonra Ş.Rəhimov qeyd edir: “Bunlar bu adamın nəyinə lazımdırlar. Tam kriminal”.
Mən Şəmsi Rəhimovun sözləri ilə tam razıyam. Azərbaycana gələn çeçenlərin mütləq əksəriyyəti kriminalla məşğul idilər. Əvvəlcə kişilər gəlir, kriminal bizneslə pul toplayır, sonra isə ailələrini gətirirdilər. Amma kriminal bizneslə məşğul olmaq üçün “krışa” lazımdır. Və onlar Azərbaycanın hüquq-mühafizə orqanlarının simasında bu “krışa”nı tapa bilirdilər. Elə, Surət Hüseynovun himayəsi altında olan, yeni zamanda DIN-in Cinayət axtarış Idarəsinə iş verməklə məşğul olan həmin Andini götürək. Bu sözlərimi təsdiq etmək üçün balaca bir faktı misal göstərmək istəyirəm: 1993-cü ilin yayında həmin bu Andi DIN-in 4 əməkdaşı ilə birlikdə Şıxov çimərliyindəki bir restorandan şəhərə qayıdarkən, Azneft meydanında bir taksi ilə toqquşur. Taksi alışır və ətrafdakı adamların köməyi ilə maşından sürücünü və huşsuz vəziyyətdə qadını çıxarmaq mümkün olur. Yanğınsöndürənlər gəlib çıxanda məlum olur ki, hay-küyə düşən adamlar maşına yaxşı baxmayıblar və orada 10 yaşlı bir uşaq da yanaraq ölüb. Ciddi xəsarət alan Andi xəstəxanaya çatdırılıb. Amma səhəri gün, o, xəstəxanadan qeyb olub. Andinin palatasına keşik çəkən polisin və tibb işçilərinin ifadəsindən bəlli olur ki, onu DIN Cinayət Axtarış Idarəsinin əməkdaşları götürüb aparıblar. Sonradan Andi Dərbəndə keçirilərək orada xəstəxanaların birinə yerləşdirilib, sağalandan sonra isə yenidən Azərbaycana qayıdıb. Bu fakt üzrə cinayət işi isə bu vaxta qədər də Səbail polisinin arxivində tozlanmaqdadır. Inanmayanlar gedib yoxlaya bilərlər…

ardı var

linkhttps://www.azadliq.info/7860.html