“Fuad Qəhrəmanlını effektiv müdafiədən məhrum edirlər”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev vicdan məhbusu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsxanada hüququnun pozulmasına münasibət bildirib. O.Gülalıyev feysbuk səhifəsində yazıb:

oktay_gyulaliev

Qanunsuz həbs həyatı yaşayan AXCP sədrinin müavini, MSŞT Koalisiyasının üzvü, “vicdan məhbusu” Fuad Qəhrəmanlının həbsxanada da hüquqları tapdanır. İbtidai istintaqın başa çatması ilə əlaqədar Fuad bəy cinayət işi materialları ilə tanış olmağa başlayıb. Lakin vəkilin ona təqdim etdiyi işin surəti təcridxana əməkdaşları tərəfindən götürülüb. Bu, qarşıdakı məhkəmə zamanı onun effektiv müdafiə hüquqlarının məhdudlaşdırılması və pozulması deməkdir.
Təcridxana əməkdaşlarının bu hərəkəti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tələblərini pozur. Qanunun 15.1.14. maddəsində qeyd olunur; məhbuslar onlar haqqında olan cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq hüququna malikdir…
Göründüyü kimi məhbus onunla bağlı qanuni maraq doğuran sənədləri özündə saxlamaq hüququna malikdir. Ondan bu sənədləri almaq, müsadirə etmək qanunvericiliyin tələblərinə ziddir. Fuad Qəhrəmanlıya qarşı həyata keçirilən bu hərəkət heç şübhəsiz onun siyasi mövqeyi və mənsubiyyəti ilə bağlıdır.
Amma təcridxana rəhbərliyi bir şeyi unudur ki, Fuad bəyə qarşı irəli sürülən ittihamlar o qədər absurd və külüncdür ki, onun kimi hazırlıqlı və təcrübəli şəxslər xüsusi hazırlıq tələb etmədən də ittiham aktını məhkəmədə darmadağın etməyə hazırdır.
Biz Fuad Qəhrəmanlının timsalında şərlənərək həbs olunmuş bütün siyasi məhbuslara azadlıq tələb edirik!
Azadlıq onların doğal haqqıdır!