Onlar danışana qədər çox vahiməli görükürlər, danışmağa başlayanda isə daha vahiməli olurlar
Qənimət Zahid
Həmişə hamı təəccüb eləyib ki, niyə Milli Məclisdə oturan deputatların səsi çıxmır, onların yüzdə yetmişindən çoxunu heç kim tanımır. Azərbaycan parlamenti bütün 5 illik fəaliyyəti boyu spikerlə bir neçə deputatın mənasız məsələlər üstündə çənə savaşı ilə yadda qalır. Məsələn, Zahid Orucla Oqtay Əsədov arasında motivi bəlli olmayan bir mübahisə kimi. Ən «şəffaf» halda hansısa deputatın çaşıb dediyi onuncu dərəcəli bir doğru kimi. Məsələn, deputat Qalib Salahzadənin «bələdiyyələr yalannandur» açıqlaması şəklində. Azərbaycan parlamenti dövlət hakimiyyət orqanı şəklini və məzmununu itirib, təbiidir, çünki, ölkədə seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı haldan yaranan parlamentin başqa keyfiyyəti olmamalıdır.
Parlament lal və ya anlaqsız mandat sahiblərinin məclisi kimi yaradılır. Amma hərdən danışmaq lazım gəlir.
Sözsüz…
İndi Azərbaycanda icra hakimiyyətinin təmsulçiləri arasında danışıq qabiliyyəti olanlar yoxdur. Lap son zamanlara qədər İcra hakimiyyətinin mövqeyini sözə çevirib səsləndirmək işi ilə 3 nəfər məşğul olurdu. Onlardan ikisinə vəzifə verildi. Biri baş nazirin müavini oldu, o biri də Dini İşlər Komitəsinin sədri. Üçüncüsünün isə səhhətində problemlərin olduğu görükdü. Bu müstəvidə daha heç kim yoxdur. Əslində, əvvəldən də yox kimi idilər və bu 3 nəfərin təbliğat-təşviqat carçıları kimi çıxışları insanları hakimiyyətin nə qədər düşük arqumentlərlə silahlandığına inandırmaqdan başqa heç nəyə yaramırdı.
Ölkə hakimiyyətinin mövqelərinə qulluq edən mətbuat da yoxdu, əvvəldən də yox idi. Bu mövqedən yayılan qəzetlər əvvəldən populyar deyildi və pomidor yeşikləri üçün buraxılırdı. Televiziyalar, televiziya proqramları ciddi söhbətlərin təhrif edilməsinə də yox, cəmiyyəti ciddi söhbətlərdən yayındırmaq üçün işlədilirdi. Şou- biznes və rəhmətlik KVN liderinin «bütün hallarda qeyri- ciddi teleməkan» doktrinası qəbul edilmişdi və cəmiyyəti siyasi proseslərdən, ictimai müzakirələrdən yayındırmaq medianın əsas vəzifəsi elan edilmişdi. Son bir ildə isə telesiqnalların verilməsində hansısa yeni məzhəbin müəyyənləşdirilməsi əhalini Azərbaycan televiziya məkanından qoparıb. Bu, bir tərəfdən yaxşıdır ki, insanlar zərərli informasiyanın təsiri altına düşmürlər, amma bir tərəfdən də çox təhlükəlidir ki, Azərbaycan əhalisi yad ölkələrin təbliğat vasitələrinin təsiri altına düşür. Yaxşı ki, yerli təşəbbüslər var… Bu mənada, son illər televiziya məkanında ölkə əhalisinin informasiya təminatının ödənilməsi üçün müstəsna xidmətlər göstərən Azərbaycan Saatı televiziya proqramını və son aylar həmin koordinat üzərində qurulan Turan TV- nin xidmətlərini qeyd etməli olacağam. Təvazökarlıqdan kənarda sayılsa da… Amma bu resursların da hakimiyyətə dəxli yoxdur, ümumiyyətlə, Azərbaycana dəxli var.
Parlament «Məzahir metodikası»dan doğulur
Azərbaycan hakimiyytinin növbəti budanmış qolu olan parlamentin isə ictimai rəyə təsir imkanları əvvəldən yox idi, indi bu imkanlar sıfrın altına düşüb. Yəni, bu dövlət orqanı istər- istəməz, hakimiyyətin imicinə mənfi təsir göstərməyə başlayıb.
Bu, parlamentin formalaşdırılması zamanı istifadə edilən «Məzahir metodikası»nın fəsadlarıdır. Əsasında saxtakarlıq və köləlik dayanan bir seçimin nəticələri bu qədər eybəcər olmalı idi. «Seçki»nin yox, «seçim»in, yəni bu parlament xalqın seçkisi deyil, hakim zümrənin seçimidir.
Nazirlər də hazırdırlar
İndi yeni situasiya yaranıb. İqtisadi böhrandır. Nazirlər danışa bilmirlər, onlar danışmaq üçün təyin edilməyiblər. Onların vəzifəsi korrupsiyanı təşkil etməkdən ibarət olub və həmin işlə də məşğul olurlar. Hətta nazirliklərin mətbuat xidmətlərində də düz-əməlli danışa biləcək adamlar yoxdur. Oradakı adamlar ya gerçək faktları bilməyən adamlardır, ya da gerçək faktları bilən ağıllı adamlardır və bu faktları izah edə bilmirlər.
Hakim partiyanın rəhbərliyində danışa biləcək korpus yoxdur. Bu partiya İdarə etmək üçün deyil, hakimiyyətə kontrol imkanı yoxdur, əvvəldən olmayıb, bundan sonra da olmayacaq.
Yerdə qalır parlament. Orada bir- iki nəfər danışa bilən adam vardı. Sizə xatırlada biləcəyim ən azı ikisinin adını çəkə bilərəm. Mərhum Ziya Bünyadov vardı, mərhum Sirus Təbrizli vardı…. İndi daha yoxdur və bundan sonra da olmayacaq.
Amma parlamentin həniri gəlməlidir axı… Qayda belədir. Orada adamlar nəsə danışmalıdırlar. Deputatlların şüurunun altındakı hisslər də onlara pıçıldayır ki, mütləq nəsə danışmaq lazımdır. Bu, məsuliyyət hissi deyil, adicə qaydadır. Məsuliyyət hissi kimi dərk olunsa, heç kim cınqırını çıxarmazdı. Amma hansısa sıyıq bir qayda var ki, deputat danışmaqdan ötrüdür və buna görə də danışmağa təşəbbüs göstərənlər var. Bu təşəbbüslərin nəticəsində bu zamana qədər sirrli- müəmmalı obrazı olan Azərbaycan parlamentinin üzərindən duman götürülür…
Dumanı dağıdanlar
Dumanı dağıdanılara minnətdar olmalıyıqmı? Məncə yox. Çünki bunlar da olmasa o birilər olacaqdı. Bəlkə bunlar olmasa bu duman daha tez dağılacaqdı. Belə görünür ki, indi danışmağa başlayanlar Azərbaycan parlamentinin ən ağıllı təmsilçiləridir.
Sıralayaqmı?
1. Hadı Rəcəbov. Komissiya sədridir. «Müəllimlər boş vaxtlarında qoyun- quzu saxlasınlar, bənnalıq eləsinlər»…
2. O qəbildən bir Musa Urud da vardı. «Dünyanın heç bir ölkəsində sosial yardımlar verilmir, bizdə də sosial yardımlar kəsilməlidir».
3. Bahar Muradova. Parlament sədrinin müavinidir. «Ayağınızı yorğanınıza görə uzadın, hökumətdən heç nə gözləməyin».
4. Hüseynbala Mirələmov. Ağıllı deputatlardan sayılmalıdır, çünki roman- zad yazdığı da iddia olunur. Restoranları da var, buna görə bərkə- boşa düşmüş adam da sayıla bilər… «Azdır az yeyin, ayağınızı yorğanınıza görə uzadın. Ət yeməyin. Ət yemək insanı qocaldır».
5. Aqil Abbas. Yazıçı- jurnalist. Şübhəsiz, parlamentin ən dərrakəli adamlarından biridir. «Mən saymışam, facebookda atamın goruna 932 dəfə söyüş yazıblar»
6. Ziyafət Əsgərov. Vitse spikerdir. Dünyanın hələ düz vaxtı idi, böhran zamanları başlamamışdı. «Avropada İlham Əliyev kimi lider olmadığına görə onlar bizim paxıllığımızı çəkirlər».
7. Oqtay Əsədov. Parlamentin sədridir. Bütün iclaslarda danışdığı bütün sözləri fərqləndirə bilərsiz. Bundan iqtibas etməyəcəm.
8. Lap sonuncunu nəzərdə tutmuş olarsız. Astan Şahverdiyev adlı deputatı. «Onlar cəmiyyətin tör-töküntüləridir. Onlar qudurğandır. Onlar otxoddurlar». Deputat bu sözləri Azərbaycan əhalisi haqqında deyir. Ya da əhalinin çox böyük qrupları haqqında…
9. Yevda Abramov. Yəhudi millətindən olan deputatdır. Kimsə ona deyib ki, yəhudilərin hamısı çox ağıllı olurlar və o da inanıb. «2018- ci ildən başlayaraq iqtisadi möcüzələr başlayacaq» hökmünü verir.
10…
Hələ çox davam edəcək. Bu prosesin qarşısını kəsə bilmədiyiniz kimi bu deputatların da ağzını yuma bilməyəcəksiniz. Onlar danışacaqlar və danışdıqca da ölkəni məyus edəcəklər. Danışmayanların da haqqında danışacaqlar. Məsələn, Elxan Süleymanov adlı deputat kimi. Avropada payladığı rüşvətin soraqları prokurorluqlardan yağır…