Milli Şura Peterburq məğlubiyyətinə, SOCAR-ın müflis edilməsinə və can alan səhiyyəyə görə izahat istədi

Milli Şura Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkənin ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm məsələlər müzakirə olunub.

Milli Şuradan verilən məlumata görə, Koordinasiya Mərkəzi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Qarabağ problemi ilə bağlı Sankt-Peterburqda keçirdikləri görüşün nətiələrini dəyərləndirib. Koordinasiya Mərkəzi bu qənaətdədir ki,  görüşdən sonra yayılmış rəsmi məlumatlar dövlət başçılarının iki mühüm məsələ barədə razılığa gəldiyini göstərir. Bunlardan biri Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının mütamadi görüşlərinin keçirilməsi barədə razılaşmadı və bu razılaşma ilə faktiki, ATƏT-in Minsk Qrupuna paralel olaraq danışıqların yeni bir formatı müəyyənləşir. Milli Şura bunu regionda, o cümlədən Qarabağ münaqişəsinə təsir baxımından Rusiyanın rolunun artması kimi dəyərləndirir və Azərbaycanın maraqlarına zidd hesab edir. Əldə olunan ikinci razılaşma təmas xəttində müşahidəşilərin sayının artırılması barədədir ki, bu da Azərbaycanın öz üzərinə işğal altında olan torpaqlarını azad etməmək öhdəliyi götürməsilə bağlıdır. Milli Şura hesab edir ki, aprel döyüşləri zamanı əsgər və zabitlərimiz canları bahasına kiçik də olsa, hərbi uğur qazanmışdı və dövlət başçısı bu hərbi uğuru diplomatik uğura çevirməyi bacarmalı idi. Təəssüf ki, Peterburq görüşünün nəticələri Azərbaycanın milli maraqlarına ziddir. Milli Şura bildirir ki, aprel döyüşlərinin nəticəsi heç bir halda Rusiya planlarının regionda həyata keçməsinə və Rusiyanın mövqeyinin gücləndirilməsinə xidmət etməli deyil.

Milli Şura son illərdə həvəslə beynəlxalq idman yarışlarına sponsorluq edən, elə bu günlərdə Avropa Çempionatına 120 milyon manat xərcləyən SOCAR-ın küllü miqdarda borclanması ilə bağlı məlumatlardan öz narahatçılığını ifadə edib. Yalnız son iki ildə SOCAR-ın 5 milyard dollardan artıq borc almasından narahat olan Milli Şura hesab edir ki, Azərbaycan hakimiyyəti özünün ənənəvi bədxərclik siyasətini davam etdirir, ölkənin hansı sosial-iqtisadi böhranın içində olmasının məsuliyyətini dərk etmir və böhrandan çıxmaq üçün təcili tədbirlər görmək əvəzinə, dövlət vəsaitlərini səbatsızcasına dağıtmaqla məşğuldur. Milli Şura Azərbaycan hakimiyyətindən bu bədxərcliyi, ölkə sərvətlərinin talanmasını dayandırmağı və təcili şəkildə ölkədə anti-böran tədbirlərinə başlamağı tələb edir.

Koordunasiya Mərkəzi son günlər ölkənin səhiyyə sistemində baş vermiş faciəli hadisləri də müzakirə edib və bundan narahatlığını ifadə edib. Milli Şura təəssüf edir ki, Azərbaycanın səhiyyə sistemi çox sayda vətəndaşımızın qatilinə çevrilməklə (qəsdinə durmaqla və ya ölümünün səbəbkarına çevrilməklə) məşhurlaşıb. Yenicə doğulmuş körpələrdən tutmuş yaşlı insanlara qədər Azərbaycanın natamam səhiyyəsinin qurbanları olur. Milli Şura hesab edir ki, bütün bu səhvlər təsadüfi deyil və ölkənin səhiyyə sisteminin panlı şəkildə iflas etdirilməsi siyasətinin nəticəsidir. Milli Şura bildirir ki, ölkənin səhiyyəsində yaranmış bu acınacaqlı duruma görə də bütövlükdə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır. Milli Şura Azərbaycan hökumətindən səhiyyədəki acınacaqlı durumla bağlı izahat verməyi, insan həyatna son qoyan, cinayətkarcasına baş verən səhlənkarlıqları təcili şəkldə durdurmağı tələb edir.

Koordunasiya Mərkəzinin iclasında həmçinin, qurumun üzvü, tanınmış hüquq müdafiəçisi, Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülaliyevi, bir neçə il bundan qabağ barəsində başlanılmış əsassız cinayət işini bəhanə edərək, polisin saxlaması da müzakirə olunub. Koordinasiya Mərkəzi bunu Oqtay Gülalıyevə təzyiq kimi dəyərləndirib.

İclasda siyasi məhbuslarla bağlı vəziyyət də müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra tanınmış siyasi məhbusların azadlığa çıxmasından sonra bu problemə diqqət qətiyyən zəiflədilməməlidir. Hazırda əsassız şəkildə həbsxanalarda saxlanılan bütün siyasi məhbuslar azad edilənə qədər bütün onların müdafiəsi əsas istiqamət kimi müəyyənləşməlidir.

Koordinasiya Mərkəzi son günlər Amnesty International təşkilatı tərəfindən bir qrup AXCP üzvünün və siyasi girovların vicdan məhbusu kimi tanınmasını təqdirəlayiq hesab edib və digər siyasi məhbuslarla bağlı da müvafiq araşdırmaların aparılmasını məqsədə uyğun sayıb.