Yazıçı striptiz deputatın cinayətkar oğlu

Xalqa zidd bütün mürtəce təklifləri dəstəkləyən xalq yazıçısı

Saxtakar parlament qvardiyasının siyahısı üzrə gəlib çıxdıq Masallıdan üç çağırış deputat mandatı alan Elmira Axundovanın hekayəsinə. Siyasi karyerasına jurnalist kimi başlayan Elmira Axundova Heydər Əliyevlə olan yaxınlığı sayəsində bu mərtəbəyə qədər yüksələ bilib. “Ümummilli öndər” haqqında kitab yazaraq xalq yazıçısı adını da alıb. Deputatlığı dövründə adı böyük borc qalmaqallarından tutmuş, adam ölümünə qədər bütün çirkli işlərdə hallanıb. O, həm də parlamentdə ən mürtəce qərar və təklifləri müdafiə edən deputat kimi tanınır. Bir vaxtlar da Nazirlər Kabinetinin meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə səfeh qərarını dəstəkləməklə gündəmə gəlib: “İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər. Uşaqlar meşədə bitən qoz ağaclarının üzərinə çıxıb onun budaqlarını kəsirlər, sonra da qozu, fındığı aparıb satırlar. Bir qoz ağacı neçə ilə bar verir. Bunu belə etmək olmaz axı! Ona görə də mən Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm”. Bu çıxışından sonra sosial şəbəkə istifadəçiləri xanım deputatı ağ yuyub, qara sərmişdilər. Onun oğlunun kriminal hadisələrlə dolu dosyesini xatırladıb, “sussan yaxşıdır” mesajı vermişdilər. Doğrudan da, o meşədə meyvə yığan uşaqları hardan anlasın Elmira Axundova kimi göydəndüşmə deputat olanlar? O məsum kənd uşaqlarının meşədən topladığı meyvələri satıb, ailəsinə çörək pulu apardığını necə anlasın o? Anlasaydı, böyüyüb tərbiyə etdiyi oğlu bu qədər harınlayıb dillərə dastan olmazdı ki…

Axundovanın kriminal oğlu Həbib

Axundovanın oğlu Həbibin adı kriminal film qəhrəmanları kimi illərdir dillərdən düşmür. Allahın verən günü mətbuatda onun hoqqaları haqqında yazı tapıb oxuya bilərsiniz. Onunla bağlı ilk böyük qalmaqal zərərçəkənin iddiası əsasında məhkəməyə gedib çıxan borc məsələsi idi. Hekayət belə olmuşdu ki, Elmira Axundova 2 dəfə onun səlahiyyətli nümayəndəsi olan Fərman Məmmədovdan külli miqdarda pul alıb. Pulu oğlunun biznesə yatıracağını və ona da xeyir verəcəklərini vəd edib. Sonra Həbib bu pulun külünü göyə sovurunca, anası həmin 575 min manatlıq borcdan 250 minini qaytarıb, qalanını verməyib. Məsələ şişəndə məsuliyyəti Axundovanın ailə dostu, Həbibin şəriki Elnur İbrahimovun boynuna qoyub, bədbəxti göndəriblər 9 illik həbsə. İbrahimova vəd ediblər ki, Əfv Komissiyasının üzvü Elmira Axundova onu qısa zamanda həbsdən çıxaracaq. Onun dələduzluq ittihamı işində 8 milyon manatdan söhbət gedir.
Pulu kim alıb, kim yeyib, kim havaya sovurub, məlum. Həbib Axundov o pullar hesabına hələ də kefində, damağındadır. Amma cinayət boynuna yüklənən və həbsə girən tamam başqa biri olub, qurbanlıq quzu kimi…

Hələ bundan betəri də var-Həbib Axundovun üstündəki müəmmalı ölüm hadisəsi. Xatırlayırsınızsa. iki il əvvəl “Miss Lafarella” gözəllik yarışmasının qalibi Günel Mirzəyeva Həbibin gəzinti katerindən müəmmalı şəkildə suya düşüb ölmüşdü. Bu sirli ölümdən sonra məlum olmuşdu ki, Günel Mirzəyeva hamilə imiş. Qızın sirli ölümündən sonra o da ortaya çıxdı ki, onun Həbib Axundovla çox yaxın münasibətləri olub. Sübut olundu ki, deputat oğlu faktiki olaraq gününü onunla keçirib, özünə məxsus maşını da ona verib. Amma bizdə toxunulmazlıq imtiyazı verən deputat mandatı ilə ölüm işini də batırmaq olurmuş. Necə ki, Elmira Axundova mandatı ilə o ölüm hadisəsini də ört-basdır etdi, getdi.

Ailənin dodaq uçuqladan biznes şəbəkəsi

Axundovlar ailəsinin mediada siyahısı verilən biznes şəbəkəsi və var-dövləti dodaq uçuqladır. Ana deputat olduqdan sonra ailə görmədiyi günlərə düşüb, Həbib əvvəlcə “Favorit” marketlər şəbəkəsini açıb və sonra biznes imkanlarını genişləndirib. Mətbuatda dəfələrlə onların böyük biznes obyektlərinin, şəxsi mülklərinin, bahalı maşın kolleksiyalarının siyahısı yayılıb. Əgər parlamentdə oturanların hamısı toxunulmazlıq imtiyazı ilə özlərinə biznes imperiyası yaradacaqdısa, nəyə lazım idi qanuna deputatların bizneslə məşğul olmasını qadağan edən maddəni salmaq? O parlamentdə həmin maddəyə əməl edən bircə adam varmı? Yoxdur və hamısının məqsədi saxta yollarla əldə etdikləri mandatı toxunulmazlıq pasportu kimi istismar etməkdir. “Bu adamlar deputat olan kimi övladları nədən varlanıb, pullanıb qudurur” sualının cavabını da həmin nöqtədə axtarmaq lazımdır. Elmira Axundova da, Rövnəq Abdullayev də oğlunun çıxardığı hoqqalara görə parlamentdə cavab verməliydi. Amma dediyimiz kimi, adamlar toxunulmaz! Əllərində konstitusiyadan daha keçərli mandat, arxalarında dağ boyda adamları! Ukrayna prezidenti Zelenski o üzdən vəzifəyə çatan kimi, deputatların toxunulmazlığını ləğv etmişdi. İlham Əliyevin belə addım atacağını nə qədər gözləyək? Yəni gözləməyə dəyərmi?

Rəşad Əliyev