ƏLİ KƏRİMLİNİ SUSDURMAQ!

Eldəniz Quliyev

Mən Əli Kərimlini susdurmaq, yəni onu sıradan çıxarmaq planınının reallaşması üçün şanlı hökumətimizə təmənnasız kömək etmək istəyirəm. Təəccüblənməyin…
Neçə illərdi ki, hörmətli-izzətli iqtidar mənsubları nə illah eləsələr, nə fənd işlətsələr də Əli Kərimlini susdura bilmirlər. Onlar bu məsələdə, həqiqətən, hüdudsuz fantaziya və ağılagəlməz “orjinallıqlar” nümayiş etdiriblər… və indinin özündə də bu işlərdən bezmiyiblər heç. Amma çifayda! AXCP lideri susmur ki, susmur! Sıradan çıxmır ki, çıxmır!.. Neçə illərdi ki, hökumət ona qarşı sağdan,soldan,yuxarıdan,aşağıdan- bir sözlə,hardan gəldi,-qaydasız döyüş zərbələri endirir,amma nə illah eləsələr də Əli Kərimlini yıxa bilmirlər ki, bilmirlər.
Səlahiyyət sahibləri bu döyüşü udmaq, “hurrey” deyibən qələbə çalmaq üçün, qeyri-insani bir inadkarlıqla gah nala, gah da mıxa vurur və bir an belə olsun düşünmürlər ki, axı ortada nə nal var, nə də ki, mıx!.. Hərdən hətta, onu Pusiyaya,İrana, sonra Turana,daha sonra Amerikaya, Qərbə, Şərqə,erməni dəyirmanına, tərs-məssəb asılmış İŞİD bayrağına,canım sizə desin, Aya,Marsa və sair və ilaxıra bağlamağa cəhdlər də eləyirlər… bunlardan bir şey çıxmadıqda isə, hücum çəkirlər qaranlıq otaqda qara pişik axtarmağa. Orada da, əlbəttə, nəinki qara pişik, heç boz siçandan-filandan da əsər-əlamət yoxdu… Əli Kərimli bunların halına acı-acı ağlayanda,- tələsik onu radikal dindarlara-özü də gah şiələrə, gah da sünnülərə (simbioz!) yapışdırır,əksinə,yəni bunların hoqqalarına baxıb acı-acı güləndə isə,-Gülənçilərə calağ edirlər.Ya əllərini İslama, ayaqlarını xristianlığa bağlayıb onu çarmıxa çəkmək xülyasına düşür, ya da ağzını,gözünü,qulaqlarını bağlayıb zəlil gününə qoymağa can atırlar… Bir sözlə, Ə.Kərimlini hər yamanlığa və özlərinə xoş gəlməyən hər şeyə və zada bağlayaraq çamura batırmaq, gözdən,nüfuzdan salmaq arzusuyla alışıb yanırlar!.. Bir də gördün çoxlu sayda dəyyus dəstəsini sürü kimi toparlayıb, Kərimlinin evi qarşısında “damba-drum”- etiraz aksiyası keçirir, onun ətrafında sıx birləşmiş əqidəli gənc cəbhəçiləri, fəalları bir-bir şərləyib-dənləyib dustaqxanalara doldururlar ki, iş bilmişik!.. Təki, harasa bədxah bir yerə bağlasınlar. Bircə, XALQDAN başqa! Xalqdan başqa hara oldu bağlayıb,yapışdırıb,kilidləmək istəyirlər.
Kərimli isə,- və mən buna bütün səmimyyətimlə inanıram- Milli Şuranı və AXCP-ni təmsil edərək Xalqın sözünü deyir, Xalqın arzu-istəklərini səsləndirir,Xalqın ağrı-acısını dilə gətirir. Korrupsiyaya, rüşvətə,monopoliyaya, harınlamış məmurların özbaşınalığına, Xalqın var-yxunun talan edilməsinə YOX deyir!
Əgər bizim şanlı-şöhrətli hökumətimiz hisli-hirsli eynəyini silib, təmiz,qərəzsiz və vicdanla baxa bilsəydi (kaş,bunu bacaraydılar!…), görərdilər,eşidərdilər və dərk edərdilər ki, bu adam öz vətəni üçün, ölkəsində sivil və hüquqi dövlət,azad və demokratik cəmiyyət quruculuğu uğurunda mücadiləyə qalxıb. Görərdilər, bilərdilər və anlayardılar ki, zərrə qədər də utanıb-qızarmadan şəhidin “qan pulu”nu yeyən, qazisini polisə kötəklədən,haqq sözünü deyən, vicdanının diqtəsi ilə fəaliyyət göstərənləri,məmləkətinin taleyini düşünən işıqlı insanları qandalladan, əzib-sındıran siyasi rejimin qüsurlarını çəkinmədən ifşa eləyən bir lideri aşağılamaq, şər-böhtan atəşinə tutmaq, qorxutmaq və s. yox, qorumaq,dəyərləndirmək,ona “çox sağ ol” demək, minnətdar olmaq lazımdı.
Hə, indi gələk Ə. Kərimlini susdurmaq, sıradan çıxartmaq məsələsinə… Yuxarıda dediyim kimi, bu məsələdə hökumətimizə məmnuniyyətlə kömək etməyə hazıram. Buyurun. Bunun bircə yolu var: təcili şəkildə Əli Kərimlinin dediklərini etmək! Yəni yubanmadan onun tələblərini yerinə yetirmək,müvaffiq olaraq, onun istək və arzularını reallaşdırmaq! Bu deyilənlər ediləcəyi təqdirdə, inanın ki, Əli Kərimli susub lal olacaq və istər-istəməz sıradan çıxıb “avsaytda” qalacaq.
Ağzı bağlı olduğu üçün gülə də biməyəcək və… təbii ki, Gülənçi də ola bilməyəcək!..
“Vsyo!” Yəni, vəssalam,üstəgəl şüttamam!