Tiranlığa xidmət edən bütün bütlərin və büstlərin acı sonu

Rumıniyada Heydər Əliyevin heykəli təhqir olundu

Heykəlin altında maraqlı və sarkazm ilə dolu yazı da goyulmuşdur: “İlham, mənim Buxarestdə nə işim var?”. Dünyanın hər yerində pul və zor gücünə ayaqda dayanan heykəllər yıxılır. Yaşadığımız tarixin özü də buna canlı şahiddir. Yaxın günlərdə belə bir qəza da Buxarest şəhərində ucaldılmış Heydər Əliyevin heykəlinin başına gəlib. Naməlum şəxslər gecə saatlarında Rumıniyanın paytaxtındakı heykəlin başına ağ qarışıq məhlul töküb aradan çıxıblar. Sosial şəbəkədə yayılan bu şəkil qısa vaxtda minlərlə adam tərəfindən paylaşılıb. Əslində, bu, xarici ölkələrdə “ümummilli diktator”un heykəli ilə bağlı baş verən ilk hadisə deyil. Bənzər etiraz aksiyaları bundan əvvəl də dəfələrlə baş verib. Onlardan ən yaddaqalanları isə Kanada və Meksikada diktatorun heykəllərinin nümayişkaranə götürülməsi olub.

7 il əvvəl də Kanada o heykəllərdən imtina etmişdi

Xatırlayırsınızsa, 2012- ci ildə bunda betəri baş vermişdi. Kanadanın Niagara-on-the-Lake şəhərində qoyulmuş Heydər Əliyevin və Mehriban Əliyevanın büstləri götürülmüşdü. Məsələyə aydınlıq gətirən meriya rəhbərliyi “biz onları Azərbaycan mədəniyyət təşkilatından nümayiş üçün borc almışdıq, sonra qaytardıq” demişdi. Yayılan xəbərlərdə büstlərin götürülməsinin Kanadada yaşayan mühacirlərin müraciətindən sonra baş verdiyi bildirilmişdi. Şəhər hakimiyyətinin sözçüsü isə bunu inkar edərək, keçmiş merin dövründə icra hakimiyyətinin Azərbaycan mədəniyyət qrupu ilə yaxşı münasibətləri olduğunu, həmin büstlərin onun zamanında qoyulduğunu etiraf etmişdi. O, həmin münasibətlərin “keçmiş merin dövründə” qaldığını və hazırkı Merin hakimiyyəti zamanı belə münasibətlərin olmadığını vurğulamışdı.

Meksika fəalları da heykələ qarşı üsyan etmişdi

Kanadadan sonra növbəti addımı Meksika hökuməti atmışdı. 2013-cü ildə Heydər Əliyevin Mexikodakı heykəli şəhərin “Dostluq” parkından yığışdırılmış və böyük hay-küyə səbəb olmuşdu. Heykəl gecə saatlarında götürülsə də, media heykəlin qaldırılmasının video görüntüsünü yaya bilmişdi. O zaman Associated Press agentliyində gedən məqalədə müəllif qeyd etmişdi ki, “Azərbaycan parkın təmiri üçün 5 milyon dollar verdiyinə görə, şəhər heykəli gizlədə bilməz”. Həmin məqalədə siyasi fəal və yazıçı Homero Aridjisin dedikləri də yer almışdı. Heykələ qarşı fəal etirazçılardan biri olan Aridjis demişdi ki, “Meksika pul alıb digər ölkələrdən tiranları idxal etmək məcburiyyətində deyil”. Bu hadisə ABŞ mediasında da geniş yer almışdı. “Ola bilsin ən qızğın reaksiya Azərbaycanın özündən gəlib. Orada keçmiş prezidentə abidələr poçt qutuları və işıq dirəkləri qədər tez-tez rast gəlinəndir. Mexiko heykəlin həmin nöqtədə 99 il saxlanılması üçün müqavilə imzalamışdı; əslində altı aydan az davam etdi” deyilirdi belə məqalələrin birində.
Əlbəttə, zaman dəyişir və tiranlar nə qədər dirəniş göstərsələr də, axına qarşı dayana bilməyib aşırlar. Dünyanın hər yerində insanlığa xidmət etməyən bütlər və heykəllər aşacaq. Bizdə də o günə çox az qalır. Buna kimsənin şübhəsi olmasın!