Ataxan Əbilov, hüquqşünas
Konstitusiyanı pozmaqla Konstitusiyaya dəyişiklik edirlər
AR Konstitusiyanın 155-ci maddəsində ağdan qaraya yazılıb ki, Konstitusiyanın III-cü fəslində (söhbət Konstitusiyanın 24-71-ci maddələrindən gedir) nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
Referenduma təklif edilən Lahiyədə həmin fəsillə bağlı 15 dəyişiklik təklif edilir. Bu fəsillə bağlı təklif edilən dəyişiliklərin əsas niyyət və motivi məhz orada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqların məhdudlaşdırmasıyla bağlıdır. Bunun dərki üçün heç hüquqşünas olmaq lazım deyil.
Sözü gedən maddələrə təklif edilən və hüquqların məhdudlaşdırılmasıyla bağlı olan aşağıdakı dörd dəyişikliyi əyani nəzərdən keçirdək.
1) 29-cü maddəyə (Mülkiyyət hüququ) iki hissə əlavə edilir:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”
Əvvəla “sosial öhdəlik” hüquqi deyil, ideoloji anlayışdır. Məzmunu bəlli olmayan və ölçüləri istək və arzula müəyyən olunan belə bir ifadənin Konstitusiyaya daşınması mülkiyyət hüququnun əsaslarının dağıdılması demək olacaq. Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarıla bağlı beynəlxalq müqavilələrdə belə bir ifadəyə təsadüf edilmir.
Digər tərəfdən təklif edilən dəyiıiklin özündə belə deyilir ki, torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Həmin qanunun müvafiq beynəlxlaq standarta zidd olub-olmaması barədə isə heç nə deyilmir.
2) 32-ci maddəyə (Şəxsi toxunulmazlıq hüququ) VI, VII və VIII hissələr əlavə edilir:
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”
Burada şəxsi toxunulmazlıq hüququ əsas gətirilərək informasiya almaq hüququnun məhdudlaşdırılmasına cəhd edilir. Özü də üçüncü şəxsin ictimai rolu, daşıdığı funksiya nəzərə alınmır. Məlumdur ki, beynəlxalq standart sıravi vətəndaşla ictimai-siyasi xadimin arasında barələrində informasiya əldə etməklə bağlı fərq qoyur. Yəni sıravi vətəndaş haqqında məlumat əldə etmə hansısa formada məhdudlaşdırıla bilər, amma bunun vəzifəli şəxslərə, ictimai-siyasi xadimlərə şamil edilməsi yol verilməz hesab edilir.
3) 49-cü maddədə (Sərbəst toplaşmaq azadlığı) təsbit olunan hüququn məhdudlaşdırılması isə lap göz oxşayır: “ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə”.
Sərbəst toplaşmaq azadlığıla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə nəzərdə tutulan məhdudiyyətin mətni isə belədir: “Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz” (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 11-ci maddənin 2-ci hissəsi).
“İctimai qayda” ifadəsini “ictimai asayiş” ifadəsinin interpretasiyası kimi hardasa qələmə vermək olar. Amma beynəlxlaq standartda “ictimai əxlaq”dan ümumiyyətlə söhbət getmir və çox ölçülü məzmuna malik olan belə bir ifadəni Konstitusiyaya gətirməklə sərbəst toplaşmaq hüququnu istənilən formada məhdudlaşdırılmasına rəvac verəcək.
4) 53-cü maddəyə (Vətəndaşlıq hüququnun təminatı) təklif edilən dəyişiklik əslində həmin maddənin əvvəlki məzmununu alt-üst edir.
Qüvvədə olan variant belədir: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.”
Təklif edilən variant isə budur: “Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.”
Artıq burada vətəndaşlıq hüququnun təminatından deyil (sözü gedən maddənin adına diqqət edin), onun birbaşa məhdudlaşdırılmasına yollar axtarılır. Motivin də hökmdarın arzuolunmaz, və yaxud üsyankar təbəələrdən yaxa qurtarmaq istəyinin olması şübhəsizdir.
Göründüyü kimi yuxarıda istinad etdiyimiz dörd təklifin hər biri Konstitusiyada nəzərdə tutulan müvafiq hüququn məhdudlaşdırılmasına yönəlib. Onlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gəlmir, müvafiq beynəlxlaq standartı aydın şəkildə məhdudlaşdırır Bu o deməkdir ki, belə təkliflərin referenduma çıxarılmasını AP Konstitusiyasının 155-ci maddəsinin tələblərinə zidd olduğu üçün ciddi Konstitusiya pozuntusudur..