MTN-in sabiq müstəntiqi: “Fətulla Hüseynov məxfi istintaq aparırdı”

“Heydər Əliyev müşavirədə deyib: “Usubov nə edirsə, mənim əmrlərimlə edir”

Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər üzrə sabiq müstənqiti Ramin Nağıyevin “Azadlıq”ın sualları əsasında göndərdiyi məlumatların dərcini davam etdiririk.

2011-ci ilin iyul ayının 20-də Azərbaycan mətbuatı vasitəsilə prezident Ilham Əliyevə müraciət etdim ki, mənim milli Təhlükəsizlik Nazirliyində tutduğum vəzifədən qanunsuz olaraq işdən çıxarılmam qiymətləndirsin və bu məsələyə yenidən baxılsın. Təəssüf ki, heç bir reaksiya olmadı və buna görə də, mən 1999-cu ilin dekabr ayında işdən qanunsuz olaraq çıxarılmağımımn əsas motovləri haqqında danışmağa məcburam.

əvvəli ötən sayımızda

1994-95-ci illərdə Şəmsi Rəhimovun qətli ilə bağlı istintaqın gedişində mənim əlimdə yalnızca bircə həlqə çatışmırdı: mənə imkan vermədilər ki, Azərbaycanda muzdlu çeçen killerlərin mövcudluğunu sübut edim. Yalnız 2005-ci ildə “Qara kəmər” əməliyyatını aparan MTN əməkdaşları özləri də bilmədən bu həlqəni mənə verdilər.

Onların hər ikisi bu istintaqa görə öldürüldülər

Bəli, zərrə qədər də şübhə yoxdur ki, bunlar mənim 1994-cü ildə axtardığım çeçenlər idi. 2001-ci ilin noyabrında Bakıda fotoşəkillər üzərində məxfi tanınma aparılıb. 1994-cü ildə Şəmsi Rəhimovun ölüm işi üzrə şahidə 2006-cı ildə Hacı Məmmədovla birlikdə məhkəməyə çıxarılan 6 çeçenin fotoşəkli təqdim edilib. Şahid 7 il əvvəl Şəmsi Rəhimovu öldürən çeçenin şəklini ayıraraq tanıyıb.
Bu fotoşəkil üzləşdirməsini öz həyatını risqə atan Fətulla Hüseynov və kriminalist Rövşən Əliyev aparmışdı. Bundan bir neçə ay sonra Fətulla Hüseynov mənə – Moskvaya zəng edərək dedi: “Rövşən bizim məsələ ilə bağlı sənədləri də götürüb Birincinin yanına getdi. O, indi məndən qaçır, sonra nə olacağını deyə bilmərəm. Ümid edək ki, hər şey yaxşı olacaq…”. Bundan sonra Fətulla mənə zəng etmədi. Bir neçə gün sonra isə Rusiya televiziyası Rövşən Əliyevin öldürüldüyü barədə xəbər yaydı. 2004-cü ilin iyun ayında isə Fətulla Hüseynovun özünü də öldürdülər.

Şəmsi Rəhimovun rahat öldürülməsi üçün küçə işıqlarını söndürmüşdülər

Bu iki qətl hadisəsini şərh etmək istəməzdim, amma bu, lazımdır deyə düşünürəm. Belə ki, Rövşən Əliyevə etibar etməkdə yanıldığımı hesab edirəm. Üzləşmə ilə tanınan çeçeni həbs etmək və sənədləri qaydasına salmaq əvəzinə, o, Hacı Məmmədovun yanına gedərək onunla hansısa danışıqlar aparmağa başlamışdı. Sonra da Zakir Nəsirovun yanına getmişdi və nəticədə də öldürüldü. Yalnız onu əlavə etmək istəyirəm ki, mən həmişə Fətulla Hüseynova səcdə etmişəm, o, zabit şərəfinin nə demək olduğunu həmişə dəyərləndirməyi bacaran insan idi. Bu, onun həyat tərzi idi. O, mənə zəruri olan çoxlu informasiyalar verib. Məhz, o, dəqiq məlumatlarla mənim təxminlərimi təsdiq etmişdi ki, Bakıda “poqonlu əcinnələr” bandası yaradılır. Məhz, o mənə demişdi ki, hələ Şəmsi Rəhimovun qətlindən 3 gün əvvəl DIN Cinayət Axtarış Idarəsi Ş.Rəhimovun yaşadığı küçədə işıqların söndürülməsi göstərişini verərək, bunu hansısa əməliyyat şəraiti ilə əsaslandırmışdı. Bunu Yasamal rayonu üzrə BAQES əməkdaşları da ifadələrində təsdiq etmişdilər və s. və i.a..
Rövşən Əliyev öldürüləndən sonra Fətulla Hüseynov həmin fotoşəkli tanıyan adamın ailəsi ilə birlikdə Azərbaycandan çıxmasının xərcini də özü çəkmişdi. Indi həmin ailə Qərbi Avropa ölkələrindən birində siyasi sığınacaq alaraq yaşayır.

Azərbaycan nazirləri nədən qorxu içindədirlər?

Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərləri hələ də qorxurlar ki, onların müxtəlif cinayət əməliyyatları və həbs edilmiş günahsız insanlarla bağlı əməlləri günün birində ictimaiyyətə bəlli ola bilər. Və onlar ciddi-cəhdlə çalışırlar ki, bu, baş verməsin. Onlar yaxşı bilirlər ki, ən yaxşı halda general titullarından məhrum edilə bilərlər. Pis halda isə arzu etmədikləri ünvanlara göndərilə bilərlər. Bununla yanaşı, illər boyu kriminal yollarla mənimsədikləri sərvətdən məhrum ola bilərlər. Elə buna görə də Hacı Məmmədov bütün mümkün şahidləri aradan götürmək sifarişləri alırdı və onları yerinə yetirirdi. O cümlədən, Rövşən Əliyevi, Fətulla Hüseynovu. Azərbaycan hakimiyyəti mənim Moskvada Rövşən Əliyevlə məxfi görüşüm barədə məlumat əldə edəndən sonra, nəyin bahasına olursa-olsun, məni Rusiyadan almaq və özünəməxsus şəkildə haqq-hesab çəkmək istəyirdi.

Prezident baş prokuroru qəbul etdi və…

Rövşən Əliyevin həyat yoldaşı Iradə Quliyevanın ifadəsinə görə banda üzvlərinin siyahısı hazır imiş. 2006-cı ilin noyabr ayının 1-də, məhkəmə baxışı zamanı, o, deyirdi: “Qətldən bir gün əvvəl Rövşən dedi ki, bu gün Zakir Qaralovu prezident qəbul edəcək və ondan sonra qatillərin həbsi üçün sanksiya veriləcək”. Yəni, qatillər haqqında bütün informasiyalar bəlli idi. Amma Rövşənin ölümündən sonrakı üç ildə də bu qatillərlə kimsənin işi olmadı.
Bu sualın cavabını axtaranlar öldürülürlər!
Hacı Məmmədova aid edilən bu bandanın həqiqi başçısı kimdir? Bu seriyalı qətllərin sifarişçisi kim ola bilər? Uzun illər boyu özünün yüksək vəzifə səlahiyyətlərindən yararlanaraq bu banditləri himayə edən, onları yaxınlaşmaqda olan bütün təhlükələrdən sovuşduran kimdir?
Rövşən Əliyev bu suallara cavab axtarırdı. Tapa bilmədi və onu öldürdülər. 2003-cü ildə Rəna Nəsibova hüquq-mühafizə orqanlarına inanaraq və Respublika Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun (bu adam 1994-cü ildə Şəmsi Rəhimovun ölümünü mənim rəhbərliyimlə araşdıran istintaq qrupuna daxil idi) şəxsən verdiyi təhlükəsizlik təminatına güvənərək Hacı Məmmədovun cinayətləri barədə Baş Prokurorluğa məlumat vermişdi. Dərhal sonra onu da öldürdülər. Cinayətlərin izini itirmək üçün, hətta cinayətkar qrupun bəzi üzvlərini də öldürdülər.

Bütün hakimiyyət bu qanlı cinayətin içindədir

Azərbaycan hakimiyyəti bu sualların cavabını vermir, verə də bilməz.  Çünki bu hakimiyyət bütövlükdə bu cinayətlərin içindədir. Hətta məhkəmə prosesi zamanı da hakim Əli Seyfəliyev əlindən gələn hər şeyi etdi ki, bu suallar ortalıqda olmasın.
Vəkillər dəfələrlə vəsatət qaldırdılar ki, Zakir Qaralov, Ramil Usubov və başqaları ifadə vermək üçün məhkəməyə dəvət edilsinlər, amma hakim bu vəsatətləri rədd etdi. Bütün davranışlarından görünürdü ki, Əli Seyfəliyevin qarşısına konkret vəzifə qoyulub: məhkəməni mümkün qədər tez başa çatdırmaq, Zakir Nəsirovla Hacı Məmmədovu isə bütün cinayətlərin təşkilatçısı elan etmək. Amma onların hər ikisi də icraçı idi.
Məhkəmənin gedişində Hacı Məmmədov bildirdi: “Zakir Nəsirov mənə dedi ki, Rövşən Əliyevi öldürdüyünə görə çox adamlar sənə minnətdar olacaqlar”. Və onlar həqiqətən də, Hacı Məmmədova minnətdar idilər. Bundan sonrakı tam üç ildə də bu banda soyğunçuluq edir, öldürür, adamları oğurlayaraq girov pulu müqabilində buraxırdılar. Bütün hallarda da hüquq-mühafizə orqanlarının rəhbərləri onların əməllərinə tamaşa edirdilər, hətta KIV-ə də bəyan edirdilər ki: “Sakitçilikdir, qurd quzu ilə otlayır”. Amma deyəsən, mən səhv edirəm. Baş prokuror Zakir Qaralov  özünü sığortalamaq haqqında düşünübmüş. MTN-ə Hacı Məmmədovun bandası haqqında bir arayış göndərməklə işini bitmiş sayıb. Namiq Abbasov da həmin sənədi bir qovluğa qoyaraq “yaman günün yarağı” kimi saxlayıb. Eynilə, bir vaxtlar (noyabr 1999) mənim raportumu saxladığı kimi. Və həmin vaxtlarda Ramil Usubov bir az da qabağa gedərək Zakir Nəsirovu “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdi.

Usubov bu qətllərin sifarişçisi deyil

Hacı Məmmədovun məhkəmə materiallarından bir epizoda baxın: “”Qorotdel”də Məhərrəm Əliyevin kabinetində Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması ilə bağlı əməliyyat müşavirəsi gedirdi. Nəhayət, bizlərdən birinin əsəbləri dözmədi və Cahangirə dedi ki, bu oğurluğun arxasında Zakir Nəsirov dayanır, amma biz ona heç nə edə bilmərik. Yaxşısı budur, MTN-ə müraciət et”.
Bandanı himayə edənləri isə cəzalandırmadılar, çünki onlar çox şeyləri bilirdilər. Məsələn, 2006-cı ildə Ramil Usubovun istefası məsələsi gündəmə gələndə, o, KIV-də müsahibə yaydı və dedi: “Bir vaxtlar prezident Heydər Əliyevin göstərişi ilə onlar Rusiya vətəndaşı və Rusiya milisi tərəfindən axtarışa verilən bir azərbaycanlının qaçışını təşkil etmişdilər”.
Bu, Usubovun şantajı idi. Başqa tərəfdən, bütün bu müddət ərzində bu banda Azərbaycan hakimiyyətinə lazım idi.
Son olaraq, bir mühüm detalı qabartmaq istəyirəm. Nə Namiq Abbasov, nə Eldar Həsənov, nə Məhərrəm Əliyev və nə də ki, başqaları Ramil Usubovdan qorxmurdular. Amma buna görə də çox maraqlı bir sual yaranır ki, nəyə görə, onlar polisin içindəki bu bandanı aşkar etmək istəmirdilər? Cavab çox sadədir:

Prezident aparatında müşavirə

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin qəbulunu təsəvvür edin. Burada Ramiz Mehdiyev, Fuad Ələsgərov, bütün güc nazirləri öz müavinləri ilə və Baş prokuror özünün birinci müavini ilə əyləşiblər. Fuad Ələsgərov məruzə etməyə başlayır. Məruzə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin içində və ətrafında törədilən cinayətlərə həsr edilib. Heydər Əliyev Fuad Ələsgərovun sözünü sərt şəkildə kəsir. Orada oturanların hamısına acıqla baxaraq eynilə bu sözləri deyir: “Mən sizə neçə dəfə deməliyəm ki, Ramil Usubov haqqında şikayətləri eşitmək istəmirəm. Ramil nazir olaraq necə işləyibsə, elə də işləməyə davam edəcək. Əgər bundan sonra Ramil haqqında kiminsə şikayətini eşitsəm həmin adamın özünü cəzalandıracağam. Siz yaxşı bilirsiniz, mən necə cəzalandıraram. Açın qulaqlarınızı eşidin: Ramil Usubov nə edirsə, mənim əmrlərimlə edir”…

linkhttps://www.azadliq.info/7908.html