“Namiq Abbasovun əleyhinə kompromatı 5000 dollara satdım”

Polkovnik Nağıyevi ölümlə hədələyənlər kimlər idi?

«Hacı Məmmədovun banditlərindən birini yaraladım»

MTN-in sabiq polkovniki Ramin Nağıyev “Azadlıq”ın suallarına cavab verir.

əvvəli ötən sayımızda

– Sizin açıqlamalarınızdan sonra “Azadlıq”ın oxucularında da bəzi suallar yaranıb. Orada xidmət etdiyiniz dövrdə bu dəhşətli cinayət işlərinin istintaqını aparan adam kimi, sizə qarşı hansısa təzyiqlər və ya açıq təhlükələr olubmu?
– Əlbəttə olub. Həm də, təkcə xidmət etdiyim dövrdə yox, hətta ondan sonra da. Ilk dəfə belə bir hədə-qorxu, elə ilkin mərhələdə baş verib – mən Şəmsi Rəhimovun qətli ilə bağlı işin istintaqını qəbul edəndə.
1994-cü ilin oktyabrında mən işdən evə qayıdanda iki naməlum şəxs mənə yaxınlaşaraq bildirdi: “Əgər bu iş obyektiv araşdırılmasa, onda özünü ölmüş bil”. Hələ indiyə qədər də bu adamları kimin göndərdiyini bilmirəm. Ola bilər ki, bu, hətta hökumət tərəfdən təşkil edilən bir “yoxlama” idi. Bu hadisə ilə bağlı nazirin adına yazdığım raport var.

Mənim mühafizəm nazir müavininə tapşırılmışdı, amma…

Metroda ilk partlayış hadisəsinin istintaqı başa çatandan və 1996-cı ilin may ayında müttəhimlərə məhkəmənin hökmü elan ediləndən sonra nazirliyə bir xəbərdarlıq gəldi: “Mən və mənim ailəm haqqında ölüm hökmü çıxarılıb”. Bu xəbərdarlığı kimin yazdığını və kimin göndərdiyini MTN müəyyən edə bilmədi. Nazir Namiq Abbasov mənim təhlükəsizliyimi təmin etmək üçün nazir müavini Xalıqova və nazirliyin əməkdaşı X.Tağızadəyə göstəriş verdi və onların bu məsələyə tamamilə ciddi yanaşdıqlarına qətiyyən şübhə etmirəm. Il ərzində mənim heç bir problemim olmadı. Amma 1997-ci ildən başlayaraq hər şey dəyişdi. Əvvəlcə nazir müavini Xalıqov, sonra isə podpolkovnik X.Tağızadə işdən çıxarıldılar. Elə həmin ərəfədə də mənə qarşı sui-qəsd cəhdi oldu.

Istintaq Idarəsinin rəisi Rüfət Mansurov mənə dedi ki…

1997-ci ilin noyabr ayında axşam saat 19.00 radələrində Istintaq Idarəsinin rəisi Rüfət Mansurov mənə tapşırdı ki, işdə qalım, çünki “hansısa axtarış əməliyyatı nəzərdə tutulur”. Mən gecə saat 22.00-a qədər gözlədim. Bu zaman Rüfət Mansurov mənim iş otağıma gələrək bildirdi ki, mən azadam və evə gedə bilərəm. Yarım saat sonra MTN-in binasını tərk etdim. Komendaturanın önündə (binanın düz qarşısında) gözlənilmədən iki nəfər mənə hücum etdi. Onlar mənim başımdan güclü zərbə endirdilər. Amma tabel silahı ilə atəş açaraq onlardan birini çiynindən yaralamağa imkan tapdım və onlar aradan çıxdılar. 2005-ci ildə aparılan istintaq zamanı bəlli oldu ki, mənim yaraladığım həmin çeçen Hacı Məmmədovun bandasının üzvü imiş. Hacı Məmmədov onu öldürüb “Qurd qapısı”na tullayıbmış.
Bu hadisədən sonra iki ay hospitalda yatmalı oldum. Mən bunun tamam təsadüfi hadisə olduğuna inanmaq istərdim, amma bütün sonrakı faktlar bunun əksini iddia edirdi. Mən nazir Namiq Abbasova israrla sübut etmək istəyirdim ki, mənim MTN-in binasından nə zaman çıxacağım barədə məlumat quldurlara içəridən – nazirlikdən ötürülüb. Amma o, mənim sözlərimə əhəmiyyət vermirdi. Bu fakt üzrə Səbail rayon prokurorluğunda cinayət işi qaldırıldı, hətta formal olaraq, istintaq da aparıldı. Mənə hücum edən şəxslər aşkar edilmədiyindən cinayət işi üzrə istintaq dayandırıldı. Bilmirəm, təsadüfdür, ya yox, amma bu sui-qəsd cəhdi o zaman baş vermişdi ki, həmin vaxt mən Şəmsi Rəhimovun öldürüldüyü gün DIN-in Istintaq Idarəsinin hansı əməliyyatı müəyyənləşdirdiyi barədə məlumatlar toplayırdım: qətl günü DIN-in göstərişi əsasında küçə işıqları söndürülmüşdü…

Azərbaycanı tərk etməmişdən əvvəl…

Işdən tam xidməti yararsızlıq maddəsilə çıxarılandan sonra, mən hər halda, bu barədə Yasamal rayon Məhkəməsinə müraciət etməyə qərar verdim. Sədrin işdə olmadığını bəhanə gətirərək hətta iddia ərizəmi də qəbul etmədilər. Məsləhət gördülər ki, bir neçə gün sonra gəlim. Elə həmin gün naməlum bir adam küçədə mənim həyat yoldaşıma “ilişməyə” cəhd etmişdi. Daha bir gün sonra xarici markalı bir avtomobil Qaqarin küçəsində həyat yoldaşımı və oğlumu vurmağa cəhd etmişdi və onları səkinin bir qədər hündür olması xilas etmişdi.  Bütün bunlar təsadüf ola bilməzdi və mən bundan sonra öz doğmalarımın həyatı ilə risk edə bilməzdim. 1999-cu ilin dekabr ayının 30-da mən ailəmlə birlikdə Azərbaycanı tərk etdim.
Murtuz Ələsgərov Seleznyova deyib: “Ramin Böyükağa oğlu Nağıyev…”
2002-ci ildə Fransada Rusiya Dövlət Dumasının deputatı, jurnalist Şexoçinlə görüşdüm. O, mənə Dumanın spikeri G.Seleznyovun rəhbərlik etdiyi deputat qrupunun tərkibində özünün Azərbaycana səfəri barədə danışdı: “Biz, Azərbaycan parlamentinin spikeri Murtuz Ələsgərovla görüşdük. Söhbətin gedişində Murtuz Ələsgərov Azərbaycan prezidenti adından bir xahiş etdi: Rusiya KIV-ində, konkret olaraq ”Virtual Monitor” adlı elektron qəzetdə Nağıyev Ramin Böyükağa oğlunun Azərbaycan rəhbərliyi haqqında təhqiramiz yazıları yayılır və biz buna son verilməsini istərdik. Seleznyov söz verdi ki, Rusiyaya qayıdan kimi bu məsələ ilə maraqlanacaq”.

Onu Azərbaycana gətirmək üçün verilən 1,5 milyon dollar necə batdı?

Həmin vaxt mənimlə “maraqlanmağa” başlamışdılar. Əvvəlcə FSB və Rusiya Daxili Işlər Nazirliyinin ələ alınmış adamları vasitəsilə məni gizli şəkildə Azərbaycana qaytarmaq istəyirdilər. Amma şərait buna imkan vermədi: ekipajın komandiri qeyri-leqal, üstəlik, əlləri qandallı sərnişini Bakıya aparmaqdan qəti olaraq imtina etdi. Aeroportda mənim “mühafizəçilərim” nə etmək lazım olduğu barədə qərar qəbul etməyə çətinlik çəkdikləri zaman mən çox doğru və kəsə bir addım atdım: qaçdım. Səhəri gün isə dostlarımın yardımı ilə Fransaya uçdum.
Azərbaycan hökumətinin bu əməliyyat üçün 1,5 milyon dollar verdiyi barədə məndə dəqiq məlumat var.
Mən aradan çıxmağı bacarandan sonra mənim yazılarımın “Virtual Monitor”da çap edilməsinə yardım edən jurnalist Iradə Hüseynovanı Azərbaycana aparmaq istədilər. Amma bu dəfə də alınmadı: dövrəyə hüquq müdafiəçiləri girdilər. Daha sonra isə “Virtual Monitor” saytı bağlandı.
Namiq Abbasova qarşı iki səhifəlik arayış üçün mənə 5000 dollar verdilər
Bütün bu hadisələr baş verməzdən əvvəl, 2002-ci il yayın əvvəlində Moskvaya mənimlə görüşmək üçün Azərbaycan hökumətinin emissarları gəlmişdilər. Onlar böyük mükafat əvəzinə milli təhlükəsizlik naziri Namiq Abbasovun əleyhinə olan kompromatlar istəyirdilər. Əvvəlcə müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edrdim. Amma sonra fikrimi dəyişdim və onların təklifinə razılıq verdim. Həm işsiz və tam bekar idim, həm də əlavə 5000 dollar mənim kasıb ailəmin büdcəsinə artıqlıq etməzdi.
Mən onlara 2 səhifəlik arayış təqdim etdim və buraya 1999-cu ilin 5-6 noyabr tarixində Namiq Abbasova yazdığım raportun surətini də əlavə etdim. Bu sənədlərin hamısının Heydər Əliyevə şəxsən çatdırıldığına da qətiyyən şübhəniz olmasın: Abbasovun ətrafında bu kompromat hərracından sonra Sərhəd Qoşunlarının MTN-dən alınaraq prezidentin tabeliyinə keçirilməsi də təsadüfi deyildi. Buna görə də Heydər Əliyevin Şəmsi Rəhimov, Afiyəddin Cəlilov və Ziya Bünyadovun kimlər tərəfindən, nə üçün öldürüldüyü barədə məlumatlı olması tamamilə şübhəsizdir.
Bu sənədləri məndən götürərək Heydər Əliyevə çatdıran adamın kimliyini də yazmaq istəmirəm: o, sadəcə olaraq göstərişləri icra edən “kuryer” idi və bütün bu məsələlərə aidiyyəti olmayan adamdır.

Gələcək üçün planlarınız…

20 iyun 2011-ci ildə mən Azərbaycan KIV-i vasitəsilə Azərbaycan respublikası Prezidenti Ilham Əliyevə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən qanunsuz olaraq çıxarılmağımla bağlı şikayətimə baxması üçün açıq məktubla müraciət etmişəm (Müraciətin surəti Baş Prokuror Zakir Qaralova və MTN rəhbəri Eldar Mahmudova ünvanlanıb). Ancaq rəsmi şəxslərdən bugünədək hər hansısa reaksiya yoxdur…

linkhttps://www.azadliq.info/7935.html