İnterpol diktatorlardan rüşvət alırmı?

Əlövsət Əliyev

Sizi ilk olaraq Azərbaycan Respublikasının İnterpol tərəfindən axtarılan bəzi vətəndaşlarının işləri ilə tanış etmək istəyirəm. Bu vətəndaşların hər biri barədə İnterpol tərəfindən axtarış, onlar müxtəlif ölkələrdə qaçqın statusu aldıqdan sonra başladılıb. Onlar 1951-ci il Konvensiyasının tələblərinə uyğun olaraq qaçqın statusu aldıqdan sonra barələrində İnterpol tərəfindən axtarış elan edilib.

1. Belə ki, Azərbaycan parlamentinin keçmiş spikeri, Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev 1996-cı ilin sentyabrında MM sədri vəzifəsindən istefa verib , ABŞ-a mühacirətə gedib və orada qaçqın statusu alıb. ABŞ-da “Demokratiyaya gedən yol” kitabını yazdıqdan sonra Azərbaycanda onun haqqında külli miqdarda əmlakı talama, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma və s. “əməllərinə” görə cinayət işi başlanılıb. 10 oktyabr 2000-ci il tarixdə – yəni ölkəni tərk edəndən 4 il sonra barəsində həbs qəti imkan tədbiri seçilməklə axtarış elan olunub. Bundan sonra isə İnterpolun xətti ilə onun axtarışına start verilib. Rəsul Quliyev 17 oktyabr 2005-ci ildə Ukraynanın Simferopol şəhərində İnterpolun elan etdiyi axtarış əsasında saxlanılıb. Elə həmin gün Rəsul Quliyevin Azərbaycan hüquq mühafizə orqanlarına verilməsi barədə Ukrayna Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubovun başçılığı ilə nümayəndə heyəti Ukraynaya səfər etdi.
2. 2003-cü il oktyabrın 15-də prezident seçkiləri zamanı səsvermə başa çatandan az sonra Müsavat Partiyasının qərargahına güc nazirliklərinin əməkdaşları basqın etmişdilər. Guya Müsavat pariyasının binasında bir jurnalist döyülmüşdü. Hüquq-mühafizə orqanlarının versiyasına görə, jurnalistin döyülməsində Müsavat partiyasının fəalı Mehdi Xəlilbəyli də iştirak edibmiş. Belə olan halda M. Xəlilbəyli Almaniyaya qaçaraq qaçqın statusu almışdı. Qaçqın statusu aldıqdan sonra onun barəsində İnterpol vasitəsilə axtarış elan edilmiş və o iki dəfə: birinci dəfə Yunanıstanda, ikinci dəfə isə İsveçrədə saxlanılmış və Almaniyanın Xarici İşlər Nazirliyi məsələyə qarışandan sonra azad edilmişdi.
3. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istədi və onu deputatlığa namizəd kimi qeydə almadılar. Belə olan halda o hakimiyyəti daha sərt tənqid etməyə başladı. O “Susma!” əsərini yazandan sonra özü ilə yanaşı ailə üzvlərinə qarşı da təzyiqlər başladı. Bundan sonra, o, Almaniyaya qaçdı və 1951-ci il Konvensiyasının tələblərinə uyğun qaçqın statusu aldı. Bundan sonra isə Azərbaycanda onun haqqında vergidən yayınma cinayətini törətmə faktına görə cinayət işi başlanıldı və o, İnterpol vasitəsi axtarışa verildi.
4. Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləmiş, sabiq diplomat Arif Məmmədov Facebook səhifəsində hakimiyyətin siyasətini tənqid edən bir statusa görə vəzifədən kənarlaşdırıldı. Daha sonra isə onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə cinayət işi başlanıldı, daha sonra o təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi və İnterpol vasitəsilə beynəlxalq axtarışa verildi.
5. Başqa bir maraqlı məlumat. 24 noyabr 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Fərid Yusub Fərid Rəhim oğlu 2008-ci ildə Azərbaycan Respublikasının ərazisini qanuni əsaslarla tərk edib. O, DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski tərəfindən özünə və digər ailə üzvlərinə verilən işgəncələrə əsasən BMT QAK –ın Qahirə ofisi tərəfindən 1951-ci il Konvensiyasına uyğun olaraq 22 yanvar 2012-ci ildə qaçqın statusu alıb. 2008-ci ildən sonra o, heç vaxt Azərbaycan Respublikasına qayıtmayıb. Buna baxmayaraq, Emin Şəkinskinin göstərişi ilə Fərid 2014 cü ildə Azərbaycanda Şəkinskinin ikinci həyat yoldaşına məxsus seyfdən 60 000 dollar oğurlama faktına görə Azərbaycan Respublikasının adından axtarışa verilib. Interpol xətti ilə axtarışda olduğuna görə, 2015-ci ilin may ayının 13-dən Moskva şəhərində polis tərəfindən saxlanılıb və 04 may 2016-cı ilə kimi həbsdə qalıb. Bu insan heç zaman etmədiyi və hətta bunu etməsinin mümkün olmadığı əməllərə görə, bir məmurun istəyi ilə bir il həbsdə saxlanılıb və hal-hazırda onun Azərbaycana verilməsi ilə bağlı prosedurlar davam edir.
Bu kimi işlərin sayını kifayət qədər artırmaq da olar. Belə axtarışda olanların siyahısı bir müddətdən sonra, yəni Avropada məskulaşan siyasi mühacirlərin hər birinin, xüsusilə sükutu pozacaqları gözlənilən vətəndaş cəmiyyəti təmsilçiləri Leyla və Arif Yunuslar, habelə, vətəndaşlıqdan məhrum edilən Emin Hüseynov, keçmiş konsul Nahid Hacıyev, Azadlıq qəzetinin direktoru Faiq Əmirovun barəsində başlanılan cinayət işinin istintaqı yekunlaşandan dərhal sonra vergidən yayınma faktına görə Qənimət Zahidin, son illər ayağı Azərbaycana dəyməyən Emin Millinin, Həbib Müntəzirin, Orduxan Teymurxanın, Natiq Adilovun, BDU-da müəllim işlədiyi zaman rüşvət alma faktına görə Ataxan Əbilov haqqında, Tural Sadıqlı və Tural Həsənzadə, Cavid Nəbiyev və adını çəkmədiyim digər mühacirlər haqqında başlasa və onların da adları dərhal İnterpolun mərkəzi bürosunun axtardığı şəxslərin siyahısına əlavə edilsə, təəccüblənmərəm. İnterpol bu gün Cinayətkarlığa qarşı mühüm mübarizə orqanlarından biri olsa da, o eyni zamanda bəzən məndə müxtəlif ölkələrdə işləyən yüksək çinli məmurların təsiri altında olan təşkilat fikrini yaradır.
Ümumiyyətlə, qaçqın statusu almış şəxsin vətəndaşı olduğu ölkəyə qaytarılması üçün İnterpol tərəfindən axtarışa verilməsi yolverilməzdir. Çünki həmin şəxslər istintaq orqanından gizlənmirlər. Onların yaşayış yeri və ya olduğu yerlər məlumdur. Axtarış – gizlənmiş şəxsin yerinin müəyyən edilməsi və onun tutularaq istintaq orqanına təqdim edilməsi üçün həyata keçirilir.
Hesab edirəm ki, dövlətlər bu kimi hallar üçün həmin şəxslərin yaşadıqları ölkələrə birbaşa müraciət edə və maraqlı şəxsin qaytarılması prosedurunu status verən ölkə ilə mübahisələndirə bilərlər.
Bu kimi şəxslərin İnterpol vasitəsi ilə axtarılması onların hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqla yanaşı, həm də səlahiyyətli orqanların iş yükünü artırır, əlavə xərclərə şərait yaradır.