İqtidarın müxalifətlə “dialoq siyasəti” nə ilə başa çatır?

Nəsimi Məmmədli, politoloq

Ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar gündəmdən düşüb. İndi bu mövzuda nə aktiv diskussiyalar nə də təşəbbüslər diqqət çəkir. Sanki “dialoq” iqtidarın cari maraqlarına xidmət edən ötəri siyasi aksiyalardan biri kimi öz mövsümi missiyasını başa vurub.

Avtobus müxalifəti

Davamlı olaraq müxalif təşkilatlardan “dialoq” çağırışları səslənsə də iqtidar adətən bu çağırışlara reaksiya vermirdi. İqtidar müxalifətin bütün spektri arasında məsafə saxlamaqla onları cəmiyyətin siyasi həyatından sıxışdırmaq xətti yürüdürdü. Müxalifətə yönəlik strategiyasının mahiyyətində cəmiyyətlə müxalifətin təmasını maksimum məhdudlaşdırmaq və müxalifəti bir siyasi institut kimi faktiki olaraq ortadan qaldırmaq idi.

Nə dəyişdi, niyə iqtidar dialoqa zərurət hiss etdi? Məqsəd nə idi?

Son illər sosial şəbəkələrin yaratdığı ictimai-siyasi mühit, pandemiyanın doğurduğu sosial-iqtisadi problemlər, müharibədən öncə Ermənistan-Azərbaycan arasındakı hərbi-siyasi münasibətlərin kəskinləşməsi və nəticəsi hələ də bilinməyən geosiyasi çalxanmalar iqtidarın müxalifətə yönəlik siyasətində bəzi dəyişikliklərə səbəb oldu.

Uzun fasilədən sonra müxalifətlə dialoqun vacibliyi barəsində iqtidar düşərgəsindən mesajlar verildi. Prezident Adminstrasiyası 2020-ci ilin əvvəlindən etibarən siyasi partiyalarla fərdi görüşlər keçirməyə başladı. Görüşlər barəsində ətraflı məlumatlar verilməsə də cəmiyyətdə ilkin müzakirələr üçün müəyyən əsaslar yarandı. Prezident administrasiyası 49 partiya təmsilçisi ilə iqtidar nümayəndəsi Ədalət Vəliyev arasında görüş keçirildiyini açıqladı. Xüsusilə də son dövrlər 9 yeni siyasi partiyanın qeydiyyata alınması bu istiqamətdə müzakirələri intensivləşdirdi.

Əslində iqtidarla müxalifətin gerçək təmasları, açıq dialoqu cəmiyyətdəki siyasi münasibətlər sisteminə müsbət təsir edə bilərdi. Siyasi hüquqlarla bağlı məhdudiyyətlərin götürülməsinə zəmin yaranardı. Sərbəst toplaşmaq azadlığı, siyasi məhbus problemi öz həllini tapa, demokratik seçkilər üçün siyasi şərait yarana bilərdi. Odur ki “dialoq müzakirəsi” haqlı olaraq cəmiyyətdə müəyyən gözləntilərə də səbəb oldu.

Dialoqda kimlər iştirak edib? Hansı ümumi problemlər müzakirə edilib? Siyasi problemlərin həllində nəyə nail olunub?

İqtidarın varlığını hüquqi, siyasi və faktiki qəbul edən 45 partiya öncədən heç bir şərt irəli sürmədən bu prosesdə olduqlarını bəyan etmişdi. Əslində onların fərqli davranması təəccüblü olardı. Bundan əlavə, ölkədə fəaliyyət göstərən 58 siyasi partiyanın mütləq əksəriyyəti müxtəlif şəkildə bu prosesdə iştirak etdi.

Ölkənin 45 siyasi partiyası ilə prezident adminstrasiyasının rəsmiləri arasında 9 sentyabr 2021-ci ildə keçirilən görüşdə siyasi partiyaların cəmiyyətdəki rolu, proporsional seçki sistemi, siyasi məhbus məsələsi, söz və mətbuat azadlığı kimi məsələlər müzakirə olunub. Lakin bu problemlərin həlli ilə bağlı heç bir əməli addım atılmadı. Ölkədə siyasi məhbus problemi və siyasi hüquqlarla bağlı böhranlı vəziyyət olduğu kimi davam edir.

Müşahidələr göstərir ki, iqtidarın marağından kənar hər hansı məsələlərin müzakirə edilib həll olunması mümkün olmayıb. Bütün təmaslar məhs iqtidara lazım olduğu halda gerçəkləşib. “Dialoq” təşəbbüsü ölkənin gələcəyinə strateji baxışdan deyil, əsasən hakimiyyətin cari maraqlarından doğub.

Bir neçə nüansa diqqət çəkmək istərdik.  BMT Baş Assambleyasının 75-ci sessiyası ərəfəsində iqtidar-müxalifət dialoqu bütün iqtidar mediasının əsas gündəm mövzusu idi. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT-nin 75 illiyinə həsr edilmiş iclasında videoformatda çıxışında bildirdi ki, “Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi 

Bundan sonra 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin respublikamıza qarşı genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiya bəyanat imzalayaraq prezidentə dəstəyini ifadə etdi. Həmçinin fərdi təbrikləri nəzərə almasaq, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə yenidən 50 siyasi partiya prezidentə birgə təbrik ünvanladı. İqtidar partiyaların işğaldan azad olunmuş ərazilərə birgə səfərini təşkil etməklə əksər partiyaların öz yanında olduğunu cəmiyyətdə göstərməyə çalışırdı.

Qısa müddət sonra dialoq müözusu yaddan çıxdı. Sanki belə bir məsələ heç olmayıbdır. Mövzuları təklif edən, təşəbüsləri irəli sürən tərəf yalnız iqtidar olduğundan ondan yeni təklif gəlmədi və müzakirələr də dayandı.

15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan-Türkiyə prezidentləri “Şuşa Bəyannaməsi” imzalayarkən yenidən dialoq prosesində iştirak edən siyasi partiyalar yada düşdü.  48 siyasi partiya yenidən birgə sənəd imzaladı. Faktiki olaraq dialoq prosesində iştirak edən siyasi partiyalar məhz iqtidara lazım olduqda siyasi səhnədə göründü.

Qeyd etməliyik ki, dialoq prosesində iştirak edən partiyaların əksəriyyəti öz şəxsi problemlərini həll etmək baxımından fürsət əldə etsə də ümumi problemlərin həllinə nail ola bilmədilər. Hətta iqtidarın təmsilçisi bəzi partiya sədrlərinin şəxsi problemlərini həll etdiklərini açıq deməkdən belə çəkinmədi.

Dialoq prosesində iştirak etməyən əsas təşkilat AXCP oldu. AXCP dialoqda müzakirə olunacaq mövzuların açıq olmasını, cəmiyyətdəki siyasi münasibətlər sisteminə hansı müsbət təsir göstərəcəyini öncədən aydınlaşdırmağa çalışdı. Yanaşmalardan aydın oldu ki, iqtidarın açıq dialoq aparmaq niyyəti yoxdur.

Ölkə prezidenti dəfələrlə bəyan etmişdi ki, “AXCP-Müsavat partiyaları tarixin arxivinə gedib. Onlar siyasi müstəvidə yoxdur”. Xüsusilə də 2015-ci ilin parlament, 2018-ci ilin prezident seçkilərindən sonra bu istiqamətdə açıq siyasi iradə sərgiləndi. İqtidarın dialoq prosesində AXCP-ni arzulamadığı öncədən məlum idi. Nə qədər təzadlı görünsə də AXCP-də iqtidarla belə bir formatda dialoq müzakirəsində olmamağı daha əlverişli sayırdı. AXCP dialoqda iştirak etsə də etməsə də onun üçün nəticə dəyişməyəcəkdi. İqtidarın siyasi iradəsi bu təşkilatı sıradan çıxarmaq idi. Ümumiyyətlə iqtidar öz tənqidçilərini əsasən tam zəiflətməyi və ya mümkün olarsa zərərsizləşdirməyi düşünür.

Sosial şəbəkələrin yaratdığı ictimai-siyasi mühit müxalifətin, əsasən də AXCP-nin ictimai rəydə tamamilə sıradan çıxarılmasına imkan vermədi.  İnzibati resurslarla müxalifətin zəiflədilməsi cəhdləri sonadək effektli olmadı. 2019-cu ildə AXCP kütləvi mitinqlərlə yenidən meydanların əsas lokomotivi olduğunu göstərdi. 19 yanvar mitinqi, 8 oktyabr piketi, 19 oktyabrda razılaşdırılmayan mitinq cəhdi nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvilərdə də diqqət çəkdi. Xalqın siyasiləşmiş fəal hissəsinin alternativ siyasi qüvvə kimi AXCP-ni görməsini zorla əngəlləmək mümkün olmadı.

Cəmiyyətdə ara-sıra müəyyən suallar səslənir. İqtidar dəyişirmi? Müxalifətin yeni dövrü başlaya bilərmi? Dialoq nəyə səbəb olacaq?

Mövcud siyasi sistem qalmaqla prezident administrasiyasında və digər dövlət qurumlarında əsaslı kadr dəyişiklikləri baş verir. Ölkənin idarəetmə sistemində güc nazirlikləri və hüquq-mühafizə orqanları istisna olmaqla digər sahələrdə yeni və gənc kadrlar idarəçiliyə gətirilir. 

“Dialoq” cəmiyyətdaxili münasibətlər sisteminə heç bir nəzərə çarpan dəyişiklik gətirmədi. Siyasi islahatlara olan ümid tükənmək üzrədir. Dialoq prosesində iştirak edən partiyalar ictimai rəydə üstünlük əldə edə bilmədi. Bu təşkilatlar nə cəmiyyətdən mənəvi dəstək qazana bilir, nə dialoqa getməyənlərə yaxınlaşa bilir, nə də iqtidara əlavə siyasi dvident qazandırmaq imkanındadırlar.

Müxalifətin yeni dövrünün başlanması üçün yerli və regional şərtlər tədricən əlverişli istiqamətə dəyişə bilər. Ölkədəki real sosial-siyasi vəziyyətin analizi göstərir ki, müxalifət qüvvələri öz fəaliyyət strategiyalarını yenidən nəzərdən keçirməlidir. Cəmiyyətdəki virtual siyasi canlanmanı real təşkilati prosesə çevirmək yolları tapılmalıdır. Qarşıdakı illərdə ölkədə köklü siyasi-hüquqi dəyişikliklərin baş verməsi ehtimalı getdikcə real görünməkdədir.

Nəsimi Məmmədli