Əli Kərimli
Xalq Cəbhəsi Partiyasının sədri
Ordumuzun Qarabağ uğrunda başlatdığı aprel hücumunu ermənilərin xahişi ilə dayandıranlar AXCP və Milli Şuraya qarşı başlatdıqları hücumu dayandırmaq fikrində deyillər. 11 sentyabr mitinqindən qorxuya düşən hakimiyyət son 2 həftə ərzində 170 nəfər AXCP funksionerini polisə aparıb, müxtəlif müddətlərdə qanunsuz olaraq polis idarələrində saxlayıb, siyasi fəaliyyətlərilə bağlı onları hədələyib (siyahı şərh bölümündə), bəzilərini də inzibati qaydada həbs edib. Açığı əvvəlcə bu məlumatları ictimailəşdirməyə xeyli tərəddüd etdik. Potensial mitinq iştirakçılarının bu repressiyalardan qorxa biləcəyindən narahat olduq. Amma sonra fikirləşdik ki, rejimin bu qeyri-insani rəftarını gizlətmək də düzgün deyil. Həm də istəsən, hətta bu pis xəbərin də hansısa yaxşı tərəflərini tapmaq olar. Əvvəla, müxtəlif polis bölmələrinə aparılıb, hədə-qorxu gəlinmiş şəxslər siyasətdən kənar, sadə mitinq iştirakçıları deyil, AXCP funksionerləridir. Əksəriyyəti təcrübəli partiya fəalları olan bu funksionerlər də qanunsuz saxlamalardan və hədə-qorxulardan qorxmayıblar, əksinə, polisin qanunsuz hərəkətlərindən məhkəmələrə müraciət edirlər ki, sonra Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə rejimi ciddi şəkildə cərimələtdirsinlər, onlara vurulmuş mənəvi və (bəzi hallarda) fiziki zərərə görə hakimiyyətdən maliyyə kompensasiyası tələb etsinlər. İkincisi, AXCP-yə qarşı bu qədər iri miqyaslı polis əməliyyatı onun etirafıdır ki, hakimiyyət özü qorxu içindədir. 11 sentyabrda müxalifətə azacıq dəstək verdiniz, qorxudan şoka düşüblər. İndi təsəvvür edin ki, həmin dəstəyi çox demirəm, 2-3 dəfə artırsanız bu korrupsionerlərin halı necə olar.
P.S. Dostlar, imkanınız olsa, bu məlumatları “ölkədə müxalifət var ki?” yersiz sualı ilə istənilən mövzuya müdaxilə edən adamların da nəzərinə çatdırın.