Şəmsi Rəhimovun qətlində kaset müəmması

“Elçin Əliyev məhkəmədə dedi ki, ”mən siyasi oyunların qurbanı oldum…”

Qətlin icraçısı kimi ömürlük həbs cəzası alıb sonradan həbsxanada ölən Elçin Əliyevin dırnaqlarını çıxarıblarmış…

Elçin Behbudov: “Şəmsi Rəhimovda hansısa məmurların üzdəniraq qonşularımıza neft satması barədə məlumatlar olub”

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş müstəntiqi Ramin Nağıyev “Azadlıq”dakı yazılarıyla 90-cı illərdəki səs-küylü qətl hadisələrini gündəmə gətirəndən sonra bir neçə gündür ki, bu mövzu ətrafında müzakirələr davam edir. Sözügedən hadisələrlə bu və ya digər formada bağlılığı olan şəxslər də mövzu ilə bağlı fikirlərini bölüşürlər. Keçmiş istintaqçı açıqlamalarında Prezident yanında Xüsusi Idarəsinin rəisi Şəmsi Rəhimovun qətlilə bağlı müəmmalara da xeyli yer ayırmışdı. Məhz bu qətlə görə həbs olunanlardan biri Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov idi. Hüquq müdafiəçisilə budəfəki söhbətimiz məhz bu qətl və ondan sonrakı həbslərlə bağlı oldu.

 

Elçin Behbudov

– Başıma gətirilənləri yada salmaq mənim üçün çox ağırdır. Heç bir günahı olmayan insanı həbs elə, işgəncələrə məruz qoy, şərəf və ləyaqətini alçalt – bunu Allah da götürməyəcək.
Prezident Yanında Xüsusi Idarə əvvəlcə Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsi kimi fəaliyyət göstərirdi. Müstəqillikdən sonra Müdafiə Nazirliyinə nəzarət etməkdən ötrü həmin şöbəni idarə elədilər. Xüsusi şöbənin keçmiş rəisi Eldar Həsənovu da idarəyə rəis təyin elədilər. O zaman mən Dövlət Təhlükəsizlik Komitəsində zabit idim. Eldar müəllimin təklifilə Xüsusi Idarəyə getdim. Əvvəlcə idarədə baş əməliyyat müvəkkili, sonradan isə xidmət rəisi oldum.
Şəmsi Rəhimov 29 sentyabr 1994-cü ildə qətlə yetirildi – Afiyəddin Cəlilovun ölümündən bir neçə saat sonra. Mənim xidmətim birbaşa rəisin tabeliyində idi. Bizim mənzildə su saat 10-un yarısına qədər gəlir, mən də çimmək istəyirdim. Ona görə hadisə günü təxminən axşam saat 9-un yarısında Şəmsi Rəhimovdan icazə alıb evə getdim. Bir qədər sonra idarədən Habil Əliməmmədov zəng elədi ki, Şəmsi müəllimi vurublar, tez gedin ora. Dərhal Şəmsi Rəhimovun evinə getdim. Mən çatanda hüquq-mühafizə orqanlarının əməkdaşları artıq oradaydı.

“Indi gör sənin başına nələr gətirəcəklər…”

Şəmsi Rəhimov

Elman Qəmbərov

Şəmsi Rəhimov qətlə yetiriləndən sonra onun yerinə Elman Qəmbərov təyin olundu. O, Moskvada xüsusi xidmət orqanlarında çalışmışdı. Rəis təyin olunandan bir müddət sonra məni yanına çağırıb dedi ki, ərizəni yaz, işdən get. Dedim ki, mən bazarda göyərti satmaqdan gəlməmişəm, bu idarəni, bu xidməti yaradanlardan biri olmuşam. Əgər pis işçiyəmsə, cəzalandırın. Hüquq-mühafizə orqanlarında kifayət qədər təcrübəm var, mən niyə getməliyəm? Bu cavabım Elman Qəmbərovu tutdu. 1995-ci il aprelin 24-də məni heç bir əsas olmadan sərəncama göndərdi. Oktyabrın 21-də o zaman Kadrlar şöbəsinin müdiri olan, hazırda isə vəkilliklə məşğul olan Rasim Verdiyev evimizə zəng eləyib yoldaşıma deyib ki, Elçin müəllimi xüsusi təyinatlı şöbəyə rəis təyin etmək istəyirik, idarəyə gəlsin. Mən şəxsi maşınımla idarəyə gəldim. Orada Rasim Verdiyev mənə bildirdi ki, “sənə dedilər ərizəni yaz get, eləmədin, indi gör sənin başına nələr gətirəcəklər”. Heç bir qərar göstərmədən Elman Qəmbərovun Xüsusi Idarədə qeyri-qanuni yaratdığı üç metr dərinlikdə, pəncərəsiz, havasız zirzəmiyə saldılar. Bir sutka orada qalandan sonra oktyabrın 22-də mənim əlimə qandal vuraraq gecə saat 12-də Bakı şəhər Baş Polis Idarəsinə gətirdilər. Məni Bakı şəhər Baş Polis Idarəsinin dördüncü mərtəbəsinə qaldırdılar – idarənin cinayət-axtarış idarəsinin rəisi Məmməd Mikayılovun (hazırda Nəsimi rayonunun polis rəisi) iş otağına. Otaqda Məhərrəm Əliyevin qudası Hüseyn Allahyarov və 5-6 nəfər də adamdöyənlər oturmuşdu. Sanki artıq hazır vəziyyətdə oturub məni gözləyirdilər. Məmməd Mikayılov yaxınlaşdı ki, “Şəmsi Rəhimovu necə öldürdüyünü danış”. Dedim ki, başınız xarab olub? Nə danışırsız? Məni vurub yıxdılar yerə. Orada “stanok Vasif” və Ramiz adlı adamdöyənlər var, onlar məni başıaşağı sallayıb, dəyənəklə, taxta parçasıyla ayaqlarımın altına, bədənimin müxtəlif nahiyələrinə vurdular…

“Məni öldürməyə hazır idilər”

Tələb edirdilər ki, Şəmsi Rəhimovu öldürənlərdən birinin də mən olduğum barədə etirafedici ifadə yazım. Dedim ki, Allahdan qorxun. Sanki döydükcə həzz alırdılar. Sonra başıma əleyhqaz keçirib nəfəsgahı bağlı vəziyyətdə məni döyməyə başladılar. Onda Məmməd Mikayılov dedi ki, özünə yazığın gəlsin, öləcəksən, deyəcəyik ki, dindirmədə ürəyi partladı. Iki dəfə huşumu itirdim. Həmin vaxt başqa otaqlardan da bağırtı səsləri eşidilirdi. Hüseyn Allahyarov dedi ki, indi elektroşok verəcəyik, buna artıq dözə bilməyəcəksən. Baxdım ki, bunlar istədiklərini eləyəcəklər, hətta məni öldürməyə hazırdılar. Beləliklə, məndən etirafedici ifadə aldılar ki, guya, mən idarədə olmuşam, Şəmsi Rəhimovun evə getdiyi vaxtı Fazil Muxtarova, Fazil Hüseynova xəbər vermişəm.

– Axı sizə qarşı ittiham cinayəti bilib xəbər verməmək idi…
– Məni qanunsuz iki ay yarım Bakı şəhər Baş Polis Idarəsinin zirzəmisində saxladılar. Havanın nə vaxt açılıb qaraldığını mən bilmirdim. Evdən gələn azuqənin də yarısını mən yeyirdim, yarısını da kameradakı pişik boyda siçovullar. Bir gün Bakı şəhər prokurorluğunun şöbə rəisi Əlövsər Əliyev kameraya gəldi, ona dedim ki, mənim bu cinayətdə əlim yoxdur, görün məni nə vəziyyətə salıblar. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bədənim qançır idi. Getdi, üç gün sonra gəlib dedi ki, bilirəm sənin günahın yoxdur, sən burada Elman Qəmbərovun sifarişilə oturmusan. Bu işə nəzarət də baş prokurorun birinci müavini Isa Nəcəfovun nəzarətindədir. Elman Qəmbərovla Isa Nəcəfov qohumdular. Mən səni təmiz buraxa bilmirəm. Amma ifadəndə yazılanlar təsdiqini tapmır. Heç olmasa, cinayəti bilib xəbər verməmə ittihamını boynuna götürməlisən. Gülə-gülə dedi ki, onsuz da yaxın vaxtlarda Elman Qəmbərov milli təhlükəsizlik naziri, Isa Nəcəfov baş prokuror, mən Bakı şəhər prokuroru, Məhərrəm Əliyev də daxili işlər naziri təyin olunacaq. Sənin başqa çıxış yolun yoxdur.

Ramil Usubovla Məhərrəm Əliyev arasında mübahisə

Ssenarini də belə qurdular ki, guya, polkovnik Tofiq Qasımov sirri özündə saxlaya bilməyib, atamın yasına gələndə qulağıma pıçıldayıb ki, Şəmsi Rəhimovun ölümündə onun əli var. Mən də bunu hüquq mühafizə orqanlarına xəbər verməmişəm. Dedim ki, Əli müəllim, özünüz fikirləşin, KQB-nin peşəkar polkovniki, nəyi harada deməyi yaxşı bilən bir çekist camaatın ağlaşdığı məclisdə mənim qulağıma pıçıldayarmı ki, “Elçin, Şəmsi Rəhimovu öldürənlərdən biri mənəm, amma heç kimə demə”. Bu, ağ parçanın üzündə qara sapla tikişə oxşayır.
Işgəncə verəndən sonra məni Məhərrəm Əliyevin kabinetinə gətirdilər. Həmin vaxt Isa Nəcəfov, Elman Qəmbərov və Ramil Usubov da oradaydı. Məhərrəm Əliyevi hələ Nizami rayon Polis Idarəsində əməliyyat müvəkkili işləyəndən tanıyırdım. O vaxt mən Nəqliyyat polisində sahə müvəkkili idim. Özünü elə apardı ki, guya, məni tanımır. Mən onların diqtəsilə danışanda Ramil Usubov dedi ki, nəsə uyğun gəlmir. Məhərrəm Əliyev dedi ki, bunun ağlı başına gəlməyib, aparın döyün. Ramil Usubov qayıtdı ki, bu işgəncələri yığışdırın. Onların arasında mübahisə yarandı və məni otaqdan çıxartdılar. Amma apardılar və yenə də döydülər.

“Məni 8 gün ailəmdən gizlətdilər”

– Həmin vaxt bu iş üzrə mühakimə olunmuş digər dörd nəfəri də tutmuşdular?
– Bildiyimə görə, bəli. Mən OMON-çular Fazil Muxtarov, Elçin Əliyev, yol polisi Fazil Hüseynovun heç birini məhkəməyə qədər tanımamışam. Ylnız polkovnik Tofiq Qasımovu tanıyırdım. Tofiq Qasımov bizim idarədə sərhəd qoşunlarına nəzarət üzrə şöbə rəisi idi. Məhkəmədə də sual verəndə dedilər ki, Elçin müəllimi birinci dəfədir görürük.
Ümumiyyətlə, bu işdə çoxlu qanun pozuntuları var. Mənim harada kimlər tərəfindən tutulmağım barədə iş materiallarında protokol yoxdur. Məni ağır cinayətlərdə şübhəli şəxs kimi tutublar, amma cinayəti bilib xəbər verməmə ilə hökm çıxartdılar. Vəkilim Ramiz Məmmədov istintaqa order təqdim elədiyi halda 6 gün vəkili mənim yanıma buraxmayıblar. Məndən istədikləri ifadəni alandan sonra vəkili yanıma buraxıblar. Məni 8 gün ailəmdən gizlədiblər. Həyat yoldaşım bu müddətdə məni xəstəxanalarda, meyitxanalarda axtarıb.
Tofiq Qasımov məhkəmədə dedi ki, dəhşətli işgəncələr altında məndən Elçinin əleyhinə ifadə alıblar. Ittiham aktında yazılanlar yalandır.

“Şəmsi Rəhimovun OMON-a görə qətlə yetirildiyi ağ yalandır”

– Yəqin ki, Ramin Nağıyevin bu qətllə bağlı açıqlamalarıyla tanışsınız…
– Ramin Nağıyevlə şəxsi tanışlığım olmayıb. Hər ikimiz xüsusi xidmət orqanlarında çalışdığımızdan bəlkə də nə vaxtsa haradasa üz-üzə gəlmişik. Ramin Nağıyevin MTN-in mühüm işlər üzrə müstəntiqi olduğunu və bu iş materiallarının onun əlindən keçdiyini nəzərə alaraq, dediklərinə qeyri-ciddi yanaşmaq olmaz.

Qətl günü rəisin iki sürücüsü harada olub?

– Siz, eləcə də digər dörd nəfərin barəsindəki hökmdə bu qətlin səbəbi kimi göstərilənlərlə razılaşırsınız?
– Belə hökm çıxarıldı ki, Şəmsi Rəhimov OMON-un ləğvi barədə məsələ qaldırdığına görə qətlə yetirilib. Bu, ağ yalandır. Çünki OMON Daxili Işlər Nazirliyinə tabe idi. Şəmsi Rəhimovun OMON-a aidiyyəti yox idi.
Bu işdə xeyli müəmmalar var. Məsələn, Şəmsi Rəhimovun iki sürücüsü olub və ikisinə də mən xidməti silah vermişdim. Maraqlıdır ki, həmin gün Şəmsi Rəhimov evinə gedəndə o sürücülərin heç biri idarədə olmayıb. Növbətçi xidmətinin maşınıyla gedib, onu da xidmətdə olan əsgər sürür. Onun sürücüləri harada olub?
Şəmsi Rəhimovun qonşusu Rauf Abbasov məhkəmədə bildirdi ki, hadisə yerində gördüyüm burada yoxdur.
Guya, qətl səsboğucu silahla törədilib. Şəmsi Rəhimovun həyat yoldaşı Rəfiqə xanım və qonşu binanın sakinləri isə bir neçə atəş səsi eşitdiklərini bildirirdilər.

– Bu qətli törətməkdə günahlandırılan dörd nəfərin ifadəsi də maraqlıdır…
– Onların vəkili olmasam da, hüquq müdafiəçisi kimi bunu deməyə borcluyam. Hadisə baş verərkən bu adamların Sumqayıtda toyda olduğunu təsdiqləyən şahidlər, sübut edən videokaset var. Maraqlıdır ki, müstəntiq Əlövsər Əliyevə təqdim olunan kaset sonradan yoxa çıxdı. Indi də o kasetin yeri-yurdu bilinmir.
Qətlin birbaşa icraçısı sayılan Elçin Əliyev məhkəmədə son sözündə dedi ki, “mən bu cinayəti törətməmişəm, mən siyasi oyunların qurbanı oldum”. Yeri gəlmişkən, Elçin Əliyevə ömürlük həbs cəzası verildi və o, müəmmalı şəkildə Qobustan qapalı həbsxanasında dünyasını dəyişdi.
Fazil deyirdi, məni o qədər döymüşdülər ki, yerə yıxılıb qalmışdım, onlar da dayanıb başımın üstündə araq içirdilər. Tofiq Qasımov dedi ki, hətta Vlad Listyevin də qətlini boynuma götürməyə hazır idim.
Elçin Əliyev mənə dırnaqlarını göstərdi, onun bütün dırnaqlarını çıxarmışdılar.
Bu işin istintaqını əvvəlcə MTN aparıb. Fikrimcə, onların bu cinayətdə əlinin olmadığı üzə çıxandan sonra onları buraxıblar.
Şəmsi Rəhimovun həyat yoldaşı Rəfiqə xanım da məhkəmədə dedi ki, bu uşaqların heç birinin günahı yoxdur.

– “Siyasi oyunların qurbanı” dedikdə nəyi nəzərdə tuturdu?
– Təəssüf ki, mən bunu bilmədim.

“Hüquq-mühafizə orqanları rəhbərlərinin hamısı bunu bilirdi”

– Cinayətin niyə məhz Elçin Əliyev, Fazil Muxtarov, Fazil Hüseynov və Tofiq Qasımovun üzərinə qoyulmasının səbəbilə bağlı sizdə hər hansı məlumat varmı?
– Burada Əli Ömərov faktoru da rol oynaya bilər. Çünki onun Mahir Cavadovla münasibətləri çox gərgin idi. Belə bir məlumatım var ki, Elçin Əliyev, Fazil Muxtarov, Fazil Hüseynov maşınla gedəndə Əli Ömərovun maşınına pivə bankası atıblar, onları Yasamal polisinə aparıblar. Mahir də oradan onları buraxdırıb. Odur ki, bu adamların Mahir Cavadovla münasibətlərinin olmasından istifadə eləyib bu versiyanı düzüb qoşdular. Şəxsən mən hesab edirəm ki, tutulan dörd nəfərin günahı yox idi.
Yeri gəlmişkən, Əli Ömərov çıxışlarının birində deyirdi ki, 15 yanvar 1995-ci ildə qonağını hava limanında yola salanda orada Mahir Cavadovu görüb. Mahir Cavadov deyib ki, mən öldürtdürmüşəm Şəmsi Rəhimovu. ANS-də Əli Ömərovla polemikada ona dedim ki, belədirsə, cinayətkarın Azərbaycandan qaçmasına imkan verdiyinizə görə ilk növbədə siz özünüz məsuliyyətə cəlb olunmalısınız. Çünki Əli Ömərov bunu Mahir Cavadov Azərbaycanı tərk eləyəndən sonra demişdi. Mənim sualıma belə cavab verdi ki, bu barədə hüquq-mühafizə orqanlarının rəhbərlərinin hamısı bilirdi.
Yeri gəlmişkən, mənim həbsimdən sonra Elman Qəmbərov prezidentə yalan məlumat verdi ki, beşinci adamı da tutmuşuq. Uşaqlarım evdə gözüyaşlı qaldığı bir vaxtda Elman Qəmbərov mənim hesabıma general rütbəsi aldı.

– Şəmsi Rəhimovun qətlinin səbəbilə bağlı sizin özünüzün hər hansı qənaətiniz varmı?
– Dəqiq fikir söyləməkdə çətinlik çəkirəm. Amma Şəmsi Rəhimov idarədən çıxandan sonra Rəsul Quliyev hökumət telefonuyla idarəyə zəng eləyib, deyiblər ki, Şəmsi müəllim çıxdı.
Məndə olan məlumata görə, Şəmsi Rəhimovda hansısa məmurların üzdəniraq qonşularımıza neft satması barədə məlumatlar olub.
Şəmsi Rəhimov xasiyyətcə çox ağırtəbiətli insan, peşəkar çekist idi. O vaxt Rəhim Qazıyev, Baba Nəzərli və digərləri MTN-in istintaq təcridxanasından qaçanda dedi ki, bəlkə sizə də mühafizəçi ayıraq. Istəmədi, dedi ki, mən kimə neyləmişəm ki…

Aytən Məmmədova

 

linkhttps://www.azadliq.info/8075.html