Analarımızın xoşbəxt olduğu məmləkətin kişiləri ola bilmədik

Nəsimi Məmmədli

Vətən mənə oğul desə nə dərdim…
Böyük şairimizin bu misraları 26 ildir rayonlarımızın işğalının ildönümlərində qulaqlarımda pıçıldayır. Qarabağda yaşadığımız dəhşətli faciələrin bir-birini əvəz edən ildönümlərində də o səslər məni rahat buraxmır. Sanki öz içimdəki bu pıçıltıdan utanır, özümdən gizlənməyə çalışıram.
Bilmirəm, sizdə də belə olurmu?
Hər dəfə idarəetmədən qaynaqlanan ağır faciləri eşidəndə də oxşar hislər keçirirəm. Sanki ifadə edə bilmədiyim bir hiss məni boğur, bir-iki gün heç kimlə görüşmək istəmirəm. Yəqin siz də belə hisslər keçirirsiniz.
Çünki əksəriyyətinizi real həyatdan da tanıyıram.

Bu ağbirçək anamızın şəkilini görəndə nədənsə yenə həmin əzici hissləri yaşadım. Sanki Xocalı faciəsi, rayonlarımızın işğalı, məsuliyyətsiz məmurların təqsiri üzündən hüquqsuz vətəndaşlarımızın faciəli ölümləri yenə bir-bir beynimdə canlandı…

Bu ağbirçək qadın bizim hamımızın anasıdır. Özünü oğul bilən bütün ləyaqətli kişilərin anasıdır. İndi o evində dincələn, nəvələri ilə əylənən, övladlarının qayğısı ilə əhatə olunan bir yaşdadır.
Amma, görün nə edir?
İmkanı çatdığı məhsullarını küçənin bir kənarında bu soyuqda satışa çıxarıb. Görəsən bu milyonçular ölkəsinin ağbirçək sakini axşam evinə nə isə apara biləcəkmi?
Bu anamızın gündəlik qayğıların altında bükülən belinə, işləməkdən cadar-cadar olan əllərinə, çəkdiyi iztirablardan qırışan üzünə, soyuqdan donan halına, çarəsiz baxışlarına bu ölkədə başını dik turaraq baxa bilən oğullar varmı?
Biz əksəriyyət analarımızın üzü gülən, qayğısız, xoşbəxt yaşadıqları bir məmləkətın kişiləri ola bilmədik. Heç gənclərimizə də təminatlı ölkə yarada bilmirik.

Qardaşlar, bacılar, cənnət həm də bu anaların ayaqları altındadır. Bu anamızın ümidsiz baxışları, kədərli halı niyə bizi silkələmir? Axı bütün çarəsiz analarımızı çəkdikləri mənəvi əzablardan biz oğullar qurtarmalıyıq. Sərvətləri aşıb-daşan, özümüzdən başqa hər kəsə faydası dəyən bu ölkədə ağbirçək analarımızın bu halına biz oğullar cavabdeh olduğumuzu niyə unuduruq? Özünü oğul bilib, ancaq həlledici anlarda bir bəhnə ilə yaxasını kənara çəkənlərdən nə öz analarına, nə də vətəninə oğul olar!

PS: Bu şəkil bu gün Bərdədə çəkilib…
Hərdən taleyinə köçkünlük, didərginlik yazılan ahıl yaşlı imkansız insanlarımızın əksəriyyəti ilə söhbətdə, “…kaş Qarabağda öləydim, bu həyatı yaşamayaydım” dediklərinin ürək ağrısı ilə şahidi olmuşam. Bu anamızın çarəsiz duruşu bizə səslənir…