Qarabağ

Gülzirə Şaripova (Özbəkistan)
Neçə ildir ürəyində dərd, ələm,
Dadsız olub gördüyü gün, ay da həm.
Tapa bilmir əzabına heç məlhəm,
Sahibinə qaytarılsın Qarabağ!
Tutdu yurdu yağı məkri, fitnəsi,
Əlacı yox, yaralıdır sinəsi.
Dost ellərdən gəlməlidir xoş səsi,
Sahibinə qaytarılsın Qarabağ!
Qarabağsız qəlbi şöləsiz, zülmət,
Əfsus, qaçqınları çəkir əziyyət,
Qarabağ qayıtsa sevinər əlbət,
Sahibinə qaytarılsın Qarabağ!
Gözlərdə görürəm qəm dolu həsrət,
Şəhidlər rahatsız, tapmır sükunət.
Ey odlar ölkəsi, topla mətanət,
Sahibinə qaytarılsın Qarabağ!
Haqsız qənim, bir bu qədər çağlama,
Yaman niyyət ilə ülfət saxlama.
Allah, ədalətə qapı bağlama
Sahibinə qaytarılsın Qarabağ!
Vətənpərvər övladları mərd, halal,
Düşmən gülləsindən tapdılar zaval.
İnsan ömrü gördü bunca qalmaqal
Sahibinə qaytarılsın Qarabağ!
Yetər, gülsün daha əsil səadət,
Tapsın öz yerini qızıl həqiqət.
Sülh yolun bəyənsin gərək hər dövlət,
Sahibinə qaytarılsın Qarabağ!
Türk dilli insanlar bir bütöv millət,
Əl-ələ yapışın, göstərin qüvvət.
Dostluqda görünər güc ilə qüdrət,
Sahibinə qaytarılsın Qarabağ!
Azərbaycan dilinə çevirən: Şahməmməd Dağlaroğlu