Qubad İbadoğlu yeni büdcəni “xırdaladı”

İqtisadçı alim Qubad İbadoğlu 2020 ilin büdcəsinin zəif bəndlərini belə xarakterizə edib.

1) Növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Beləliklə də gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.
2) Gələn il dövlət büdcənin kəsiri böhran həddini keçəcək. Çünki, 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Digər narahatlıq yaradan tendensiya gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olmasıdır.

Cərimə və sanksiyalar artacaq.

2020-ci ilin büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən 839,5 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 212,9 milyon manat və ya 34 faiz çoxdur. Bu daxilolmaların artımına səbəb vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının, gömrük yığımlarının, dövlət rüsumlarının və inzibatı xətalara görə cərimələrin artımla proqnozlaşdırılmasıdır. Odur ki, növbəti ildə sahibkarları daha çox sanskiyalar, vətəndaşları da inzibatı xətalara görə cərimələr gözləyir.

Büdcənin strukturundakı manatlar

2020-ci ilin büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyi güc strukturlarına, 18 manat 20 qəpiyi tikintiyə, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi isə elmə xərclənəcək.

2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpiy müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək.

azerbaycansaati.tv