Öz prezidentinə bənzəyən parlament

Rüsvayçı və gülünc tutuquşu xoru

Sizi əmin edirəm, belə parlamenti olan prezidentə başqa düşmən lazım deyil. Elə bil, bu adamları hansısa küllüyün içindən quş dimdikləyib toplayıb bir yerə. Ağzını açan ölkənin gündəminə məsxərə olur. Hakimiyyətin müdafiəsinə qalxan, çoxluğun aqressiyasını üstünə çəkib söyüş qabına çevrilir. Ölkə rəsmilərinin dilinin əzbəri olan “analoqsuz” sözü, bəlkə də, bu parlament üçün tapılmış ən sərrast ifadədir. Sizi əmin edirəm, dünya tarixində hələ belə rüsvayçı, çirkaba batmış, korrupsiyalaşmış, əxlaqi baxımdan aşınmış anti-xalq parlament nə olub, nə də olacaq. Boş yerə xalq burdakıların hərəsinə bir ləqəb verməyib ki. Onlardan ən məşhurlarını hamınız bilirsiniz- “Kapriz” Oqtay, soğan Aqil, bənna Hadı, quş Siyavuş. Sözün həqiqi mənasında, dünyada belə rüsvayçı milli məclis yoxdur. Xalqın yoxsulluq durumuna münasibət bildirən ağsaqqal deputat Hadı Rəcəbli deyir ki, “müəllimlər dolana bilmirsə, işdən sonra getsin daş yonsun”, yazıçı Aqil Abbas deyir “dolana bilməyən getsin soğan əksin”, Bahar Muradova deyir “vəziyyət ağırdır, hər kəs ayağını yorğanına görə uzatsın”. Bunu o adamlar deyir ki, hər ilin yekununda maaş, xidməti ev, xidməti maşın, köməkçi davası döyüb millətin əsəbləri ilə oynayırlar. Bu sözləri aylıq məvacibləri təxminən 3-4 min manat arasında dəyişən adamlar deyirlər. Bu sözləri 90%-i qeyri-qanuni bizneslə məşğul olan, xalqdan böyük milyonlar oğurlayan, çirkli işlərin içində yer alan adamlar deyirlər. Bütün bunları arvadı Moskvada striptiz-bar biznesi ilə məşğul olan, prokuror kürəkəni Londonda 1 milyon funtluq mülk alan, qızı Türkiyədə böyük biznes şəbəkəsinin sahibi olan, dəyəri yüz milyonlarla ölçülən antik əşya və tablo kolleksiyasına sahib olan birinin spiker olduğu parlamentin deputatları deyir.

Böyük oğurluqların və çirkli işlərin ləkəsini daşıyan parlament

Siz təsəvvür edirsiniz, bir ölkənin AŞPA-da təmsil olunan deputatlarının adı dünyanın ən biabırçı korrupsiya qalmaqallarında hallansın, parlamentdə o məsələ ilə bağlı müzakirə açılmasın? Bu qurumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Səməd Seyidova sual verən oldumu, kilo-kilo kürünü AŞPA deputatlarına daşıyıb çirkli lobbiçilik etmək missiyasını sənə kim tapşırmışdı? Bakıda avropalı deputatların otel otağına qadın və şərab göndərmək, çantasına brilyant bağlaması qoymaq hansı kütbeyin əxlaqsızın ideyası idi? Hansı haqla ölkənin imicini dünyada yerlə bir etmək üçün əlinizdən gələni edirsiniz? Siz heç ağlınıza sığışdırırsınız, hansısa ölkənin dövlət neft şirkətinin prezidenti olan deputatın 25 yaşlı oğlu gedib İspaniya çimərliyində 2 milyon dəyərində saat oğurlatsın, Parlament bu məsələyə münasibət bildirməsin? Neft maqnatı Rövnəq Abdullayevin oğlu öz ölkəsindən min kilometrlərlə uzaq İbitsada 2 milyonluq saatını oğurlatmaqla, yəqin ki, dünyada bir ölkə imza atmış oldu. Bütün dünya mətbuatı dönə-dönə bu oğurluqdan yazdı. Lakin oyuncaq parlament bu rəzalətin üstündən də sükutla keçdi. Biz hələ ata Abdullayevdən prezident olduğu müddətdə 13 milyard borclandırdığı SOCAR-a görə hesab sorulmasını demirik. Buna görə onun dar ayağına çəkilməsinə, onsuz da, inanmırıq. Bəs adı Rusiyada adam ölümü hadisəsinə qarışan Çingiz Qənizadə? Ölkəmizi AŞPA-da təmsil edən bu adama parlamentdə deyən oldumu “çıx, millətin qarşısında hesabat ver görək, oralarda nə oyun çıxarmısan”? Guya hansı hansından yaxşıdır ki, müqayisə üçün adını çəkəsən? Bəlkə MM-də ən mürtəce təklifləri ilə ad-san çıxaran, “sosial şəbəkələr bağlanmalıdır” deyib, sonra böyüklərin əmri ilə özü ora təşrif buyuran Siyavuş Novruzov? Bəlkə ölkədə azad medianın məhv edilməsi planının içində yer alıb, hakimiyyətin troll komandasının təmsilçisinə çevrilən Əflatun Amaşov? Bəlkə deputat toxunulmazlığından istifadə edib, qeyri-qanunu biznes sayəsində böyük milyonlar əldə edən başqaları?

Bu adamlardan qurtulmağın zamanı deyilmi?

Qısacası, siz bu qaramat tutuquşu xorunda xalqın sözünü deyən, xalqın xeyrinə təklif verib onun davasını aparan bircə adam tapsanız, adını çəkin, ona yüz dəfə “sağ ol” deyim. Yoxdur beləsi, bunların işi ancaq yuxarıdan verilmiş hazır “konspekt”ləri alıb, onları “hə” düyməsi ilə möhürləməkdir. Saxta yollarla mandat almış bu adamların xorun səsini pozmaq nə həddinə? Qarşıdan yeni seçki ili gəlir. Ölkə növbəti mərhələyədəmi bu yarıtmaz parlament xoru ilə gedəcək? Təpədən-dırnağa çirkabın içində olan bu adamlardan yaxa qurtarmağın vaxtı deyilmi? Bu adamların indiyə qədər özlərindən başqa kimə faydaları toxunub axı? Siz bunlara prezidentin komandasımı deyirsiniz? O zaman maraq üçün bitərəf adamlardan ibarət bir qrup yaradın, tam şəffaf bir sorğu keçirin. O zaman görəcəksiniz ki, elə prezidentin özünün imicinin yerlə bir olmasında bu parlamentin ən azı 50% əməyi var. İllər boyunca deputatının bir yaralı barmağa dərman olduğunu görməyən insan nə hörmət qoyacaq o parlamentə “komanda” deyən prezidentə? Seçki ili yaxınlaşır və xalqa bir qara qəpik xeyri dəyməyən bu adamlardan xilas olmaq üçün yeni bir fürsət yaranır. Bu fürsəti hər kəs doğru qiymətləndirməlidir, lap elə prezidentin özü də.

Əbil Həsənov