İlham Əliyevin dalanları- ümumxalq prospektinə dirənir

İlham Əliyev buynuzlarını itiləyir, Əli Kərimli isə xalqı səfərbərliyə almaqda davam edir.

Barrikadanın qarşı tərəflərinin liderləri və dəyərləri

19 oktyabr bütün ölkənin ən populyar mövzusudur. İlin əvvəlindən başlayaraq 19 rəqəmi dillərdən düşmür. 2019, 19 yanvar, indi də 19 oktyabr. Bunların biri təqvim zərurətidir, o biriləri isə ölkə müxalifətinin təyin etdiyi günlərdir. Bu ilin indiyə qədərki günündə İlham Əliyevin yaratdığı elə bir təqvim hadisəsi yoxdur ki, cəmiyyət onu ciddiyə alıb müzakirə etsin. Yalnız «Valdaylamaq» məsələsi vardı, o da lətifə kimi dolaşır dillərdə. Yəni, prezident təqdimatı ilə hökm edən adamın bu il ərzində imzaladığı sənədlər, keçirdiyi görüşlər, qəbullar,.. bütün bun lar hamısı «valdaylamaq» qismindən lətifə və yalan yağışıdır. Müxalifət və xalq isə gerçək gündəmləri müəyyən edir, ictimai əhval- ruhiyyəni müəyyən edir və faktiki olaraq indi Azərbaycanda bütün mənəvi əsaslarını aşındırmış bir hakimiyyət qrupu var, bir də onun rədd olub getməsi üçün fəal təşəbbüslər göstərən müxalifət var. Proses elə bu şəkildə də davam edəcək və bu mənəvi- siyasi üstünlüklə də başa çatacaq. İlin əvvəlindəki «19» bu üstünlüyü yaradıb. Oktybrın 19-da isə gücləndirilib. Nəticələrə baxaq.

Azərbaycan müxalifəti sadəcə olaraq bəlli sosial sərhədləri olan düşərgə olmaqdan çıxdı və xalqa doğru genişləndi. İndi bütün ölkə əhalisi müxalifətdir. Fəal, açıq, passiv və gizli müxalifətdir. Hətta hakimiyyətin daxilində də müxalif əhval- ruhiyyəli görüşlərin paylaşıldığını İlham Əliyevin özü də etiraf etdi.

Bu il ərzində Azərbaycan müxalifətinin ağırlıq mərkəzi də müzakirə mövzuları sırasından çıxarıldı. Aparılan fəal və davamlı siyasi xətt ölkədə bir qütblü siyasi müxalifətin varlığını şərtləndirdi. İndi Milli Şura və Xalq Cəbhəsi bloku həlledici siyasi əzəmətlə meydandadır. Bu, qısqanclıq mövzusu da deyil. Onsuz da bir çox partiyalar özlərini postəliyev dövrünə hazırlayırlar, bir çoxları təşkilatlanma prosesində heç bir uğur əldə edə bilmədiklərindən müxtəlif mərkəzləşmə təşəbbüslərinin qırıq təəssüratlarını yaşayırlar. Bu, əlbəttə, normaldır və hətta müsbət tendensiyadır. Azərbaycandakı avtoritarizmi yenmək üçün çoxlu sayda partiyaların birləşə bilmədiyi qeyri- səmimi mərkəzlərin yox, səmimi olaraq birikmiş siyasi mərkəzlərin ətraflarında sıxlaşmaq gərəkdiyini get-gedə daha çox insan anlayır. Çox saylı partiyalar, onların bir- birini təkrar edən ritorikaları, söz güləşdirmə janrında hətta fonetik müxtəlifliyi belə siyasi diskussiya janrı kimi təqdim etmək vərdişləri kimi zərərli proseslər artıq, geridə qalır.

Azərbaycanda demokratiya uğrunda hərəkat faktiki olaraq, başlayıb. Bu, çox geniş əhali təbəqəsinin dərk etdiyi reallığın- demokratiyanın uğrunda aparılan prosesdir. Ümumbəşəri dəyərlərin dərk edilməsi və onların Azərbaycanda tətbiq edilməsi indi daha çox insanı özünə cəlb edən ideyadır. Xalq bu mövzuda da hökumətə müxalifətdədir. Söhbət yalnız korrupsiya canavarlarının talan etdiyi ölkə gerçəkliyindən getmir: azadlıqların bütün neqativlərin rədd edilməsi üçün əsas yuyucu vasitə olduğu dərk edilir. Bu prosesin liderini də bu hərəkatın özü yetişdirdi. İlham Əliyev öz buynuzlarını itiləmək qərarını verdiyi gün demokratiya uğrunda hərəkatın lideri statusundakı adam ölkənin ictimai fikrində təsdiq edildi, qəbul olundu.

İndi hökumət daha çox səhv buraxacaq. Ona görə səhv buraxacaq ki, özünü xilas etmək üçün ağılla dərk edilən çıxış yolları tükəndiyindən daha çox çabalayacaq və daha çox səhv buraxacaq. 19 oktyabrda buraxılan səhv bunların birincisi idi. İndi dünyanın özünə hörmət iddiasında olan heç bir ölkəsində müxalifət lideri nə işgəncələrə məruz qoyulur, nə də həbs edilir. Müxalifət liderinin işgəncələrə məruz qoyulması, onun faktiki olaraq, oğurlanaraq vəhşicəsinə döyülməsi, siyasi fəaliyyətdən imtina öhdəliyinə məcbur edilməsi cəhdi amansız səhvlərdən birincisidir. Növbəti səhv də özünü çox gözlətmədi. Bu, Bakıdakı diplomatik korpusunun telefon söhbətlərinin məxfi dinlənilməsi faktının üstünün açılması oldu. Bunu hökumətin özü etdi. Yəni, səhv onun özünə aiddir.

Nəhayət, əsası çoxdan qoyulan yanlışalrın da hesabat məqamı gəldi. Azərbaycanda güc strukturlarının tərkibində yadelli «yeniçərilərin» yemlənib- böyüdülməsi faktı cəmiyyətin həzm edə bilmədiyi şəkildə ortalığa çıxdı. Baxmayaraq ki, bu söhbət şayiələr şəklində vardı, bəzən hətta təkzib edilməyən faktlar kimi ortaya atılırdı, 19 oktyabrda bu fenomen təkzib edilməyən şəkildə yox, təkzibedilməz şəkildə ortaya çıxdı. Məlum oldu ki, «milli hökumət» özünü qorumaq üçün qeyri milli ünsürləri səfərbərliyə almağa çoxdan başlayıb. Bu o deməkdir ki, Azərbaycanda milli hökumət yoxdur, o, nəinki qeyri- millidir, nəinki mafiyadır, həm də qeyri- milli mafiyadır ki, ölkəni bütövlükdə girov götürüb.

İndi bir tərəfdə həmin qeyri- milli mahiyyətin təmsilçisi olan İlham Əliyev, digər tərəfdə isə Azərbaycan cəmiyyətinin milli lider kimi qəbul etdiyi Əli Kərimli tanıyır. Savaş bu iki şəxsin arasında getmir, dəyərlərin arasında gedir. Azərbaycanın milli dəyərləri ilə Azərbaycanı əsir almış qeyri- milli dəyərlərin arasında savaş gedir…

İlham Əliyev buynuzlarını itiləyir, Əli Kərimli isə xalqı səfərbərliyə almaqda davam edir.

Əbil Həsənov