Hökumət elədir… bəs, bu birilər niyə belədir?

Gültəkin Hacıbəyli

Hökumətlə hər şey aydındır, rəqib, hətta düşmən kimi davranır, bütün rəzil, qurşaqdan aşağı yolları dənəyib, bizi fiziki və mənəvi cəhətdən məhv etməyə hədəflənib- söhbət yüz milyardların taleyindən, törədilən ağır cinayətlərə görə məsuliyyətdən getdiyi üçün bu davranışların motivini anlayırıq. Bəs guya bizimlə birgə demokratiya qurmaq istəyənlərin hökumətlə birgə üstümüzə gəlməsinə nə deyək?! Milli Şuranın üstünə ən çox mənim, başqa dostlarımızın 2000-ci illərdə millət vəkili olması ittihamı ilə gəlirlər. Mən hələ onu demirəm ki, bu, əksər hallarda varlığı ilə yoxluğu və xüsusilə, müxalifətçi olduğu bilinməyən, bizim mübarizəmizin, verdiyimiz qurbanların, üzləşdiyimiz təqiblərin, etdiyimiz imtinaların bircə faizinə bütün həyatı boyu cəsarəti çatmayacaq şəxslər olur. Amma bunu müzakirəyə çıxarmayacağam. 2000-ci ildə Azərbaycan Avropa Şurasına üzvlüyə hazırlaşırdı. Avrointeqrasiya ölkənin bir nömrəli xarici siyasət prioritetinə çevrilmişdi. Ölkə üzərinə siyasi məhbus məsələsinin, digər siyasi problemlərin həlli, Ombudsman institutu, İctimai Televiziyanın yaradılması ilə bağlı öhdəliklər götürmüşdü. O zaman ölkənin demokratikləşəcəyilə bağlı böyük ümidlər vardı. Onlarla müstəqil media orqanı sərbəst şəkildə fəaliyyət göstərirdi. ANS yarım müstəqil idi və müxalifət liderləri bu televiziyanın ekranından düşmürdülər. Nəinki Bakıda, hətta istənilən rayonda mitinq keçirmək imkanı vardı.

Beynəlxalq dəyərləndirməyə görə 2000-ci ildə Azərbaycan YARIMAZAD ölkə idi, indi, 2019-cu ildə QEYRİ-AZAD ölkədir, Eritreya və Türkmənistanın qonşusudur. Hazırda Azərbaycanda bircə müstəqil media qurumu fəaliyyət göstərə bilmir. İnsanlar işgəncələr altında kütləvi şəkildə öldürülür, müxalifət liderinin başı yarılır və ona verilən işgəncələri videokameraya alıb rəhbərliyə ötürürlər. Ölkə oliqarxlarının adı Avropa Birliyinin üzv ölkəsində onların korrupsiyasını araşdıran jurnalistin ölüm işində qırmızı xətlə keçir. Ölkənin bir nömrəli insan hüquqları müdafiəçisini yaşıl işıqda piyadalar üçün nəzərdə tutulmuş xüsusi keçidin üstündə müəmmalı şəkildə vururlar və ictimaiyyətin tələblərinə baxmayaraq bir aydır onu vuran maşının hərəkət trayektoriyası açıqlanmır. İşgəncə verdikləri başqa bir müxalifət liderinə “geri çəkilməsən oğlunu öldürüb vəfat etmiş qızının yanına göndərəcəyik” deyirlər. Və belə bir şəraitdə 2000-ci ildə bizi deputat olduğumuza görə ağ yuyub- qara sərənlər 2019-cu ildə deputat olmaq istəmədiyimiz üçün hökumətə işləməkdə, xalqın heysiyyatı ilə oynamaqda, hətta erməni işğalçılarına əlaltılıq etməkdə suçlayırlar!

Niyə qismən azad olan ölkədə parlamentdə təmsil olunmaq pis, ancaq qeyri-azad ölkədə çim-yağ bir şey olmalıdır?! İndiki ilə müqayisəyəgəlməz dərəcədə geniş səlahiyyətləri olan parlamentdə, özü də daha demokratik bir mühitdə təmsil olunan 5-10 müxalifətçinin ölkəyə, demokratik prosesə verə bilmədiyi faydanı az qala müqəvvaya çevrilən, bütün səlahiyyətləri əlindən alınan və tələb olunduqda həmən özü-özünü buraxacaq qədər dibə düşən parlamentdəki 5-10 müxalifətçi necə verəcək? Biz bütün həyatımızı, doğmalarımızın həyatını uzun illərdir ona görə riskə atmamışıq ki, ona görə hər gün çarpaz atəş altında deyilik ki, ona görə sabah başqa bir maşının altında qalacağımızı gözə almamışıq ki, fevralın 2-də Araz Əlizadə və Tahir Kərimlinin parlamentdə boş qalacaq kreslolarında əyləşək, 6 min maaş, 12 min məzuniyyət pulu alıb hakimiyyətin “seçkilərdə irəliyə doğru addım” və “müxalifətli parlament” layihəsində yer alaq . Kim bunu etmək istəyirsə, özü bilər, cəmiyyətə hesabatını da özü verəcək. Biz azad, ədalətli, rəqabətli seçki istəyirik və məncə, Azərbaycan xalqı da bunu istəyir, seçki imitasiyasında iştirakımızı yox.