Mandatını 3 milyona alan deputatlarla birlikdə…

Etiraz aksiyalarının düşməni Rafael Cəbrayılov

Yaxın günlərdə sosial şəbəkədə “xalqı ən çox hakimiyyətdən narazı salan kimlərdir” adlı bir sorğu qarşıma çıxdı. Böyük çoxluq “MM-nin deputatları” cavabı vermişdi. O cavab yeddi il əvvəl deputat Rafael Cəbrayılovun MM-də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla bağlı irəli sürdüyü irticaçı təklifi xatırlatdı. O təklifdə icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalarda iştiraka görə cərimələrin 30 dəfə artırılması nəzərdə tutulurdu və təklif  tezliklə qanuni qüvvəyə minmişdi. Yuxarılarda hazırlanmış bu təklifi deputatın nəyin müqabilində boynuna çəkib irəli sürdüyü də aydın olmuşdu. O zaman onun adı  sahibi olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasındakı məhkəmə çəkişməsində hallanırdı. O vaxt bank R. Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərərək məhkəməyə müraciət etmişdi. Müşahidəçilər deputatın bu təklifi  “Nikoil Bank”ın Ali Məhkəməyə kasasiya şikayətinin təmin olunmaması müqabilində etdiyini yazmışdılar. Deputat isə yalandan demişdi ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə bank arasındakı mülki mübahisənin ona aidiyyəti yoxdur

Oqtay Əsədov onu 3 milyon manata deputat edib

Ümumiyyətlə, deputat mandatını 300 min dollar müqabilində girov qoyan Rafael Cəbrayılovun adı hər zaman qalmaqallı hadisələrdə hallanıb. Xatırlayırsınızsa,  Gülər Əhmədova məlum rüşvət qalmaqalı zamanı belə demişdi: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…” O zaman R. Cəbrayılov bu ittihamlarla bağlı mətbuatın suallarını belə şərh etməmişdi. O vaxtdan bu yana onun deputat mandatını rüşvətlə aldığı barədə mediada dəfələrlə məlumat gedib. Amma G. Əhmədova düz deyirmiş, adamın arxası möhkəmdir. 9 il əvvəl hətta saytların birində “Rafael Cəbrayılovun milyonluq mandatı” adlı yazı getmişdi. Məqalədə  onun deputatlıq üçün 3 milyondan çox pul xərclədiyi deyilirdi. Həmin məlumatda  R. Cəbrayılovun deputat seçilməsinə spiker Oqtay Əsədovun yardım etdiyi qeyd olunmuşdu: “Rafael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara” 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib.”

Bunlar həm suçlu, həm güclü olan təbəqədir

R. Cəbrayılovla bağlı qalmaqallı hadisələr bunlarla da tamamlanmır. Yaxınlarda mətbuatda

Bakı şəhər sakini, həkim-stomatoloq Məmmədova Sülhiyyə Abid qızının deputatın  qardaşı, “Dərhal” Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Elşən Cəbrayılovun ona qarşı yol verdiyi qanunsuzluqdan şikayəti yayılmışdı. Məmmədovanın sözlərinə görə, 2009-cu ildə oğlu Fərid Əliyevlə birlikdə iş qurmaq məqsədilə Elşən Cəbrayılovun kooperativinin inşa etdiyi tikilidə qeyri-yaşayış sahəsi əldə etmək üçün 150 min manat ödəsə də, deputatın qardaşı öhdəliyini yerinə yetirməkdən və ona verilmiş pulu geri qaytarmaqdan imtina edir. Sülhiyyə Məmmədovanın “Dərhal” MTK-nın sədri Elşən Cəbrayılova qarşı qaldırdığı iddiaya baxan Binəqədi Rayon Məhkəməsi şikayətçinin lehinə qərar çıxarsa da, deputatın qardaşı mənimsədiyi pulu ona qaytarmaqdan hələ də yayınır: “Biznesini Türkiyəyə daşıyan Elşən Cəbrayılov qanunun tələbini yerinə yetirmək, vətəndaşa vurduğu maddi ziyanı ödəmək əvəzinə, xaricə çıxmaq haqqında fikirləşir. Təbii ki, havadarları, başlıca olaraq, qardaşı Rafael Cəbrayılovun da bu məsələdə müstəsna xidmətləri var. Məhz deputatın himayəsi ilə “toxunulmaz” olan Elşən Cəbrayılovla bağlı heç bir qərar icra olunmur”.

Görürsünüz, bu adamlar nədən hər cür etiraz aksiyalarına qarşıdır? Çünki bütün qanunsuzluqlarına görə xalqın qəzəbli olduğunu yaxşı bilirlər. Divin canı şüşədə olan kimi, onların canı da xalqın etirazındadır. 28 oktyabr bu adamlardan qurtulmaq üçün yaxşı fürsət ola bilər. Yüz minlər o gün meydanda olmalıdır, bu tipləri həmişəlik tarixin arxivinə göndərmək üçün!