Lənətlənmiş nəsil

Niyazi Qasımov

Hər bir cəmiyyətin özünə xas xüsusiyyətləri olur. Mənim xalqım da hər şeyin yaxşısına layiqdir. Amma elə bil alnımıza yazılıb ki, bizlər toplum olaraq ağrılı-acılı həyat yaşamalıyıq. İki əsrə yaxındır Azərbaycanda “qara qızıl” çıxarılır. Amma bu sərvətimiz heç də ölkə vətəndaşlarını ağ günə çıxartmayıb. 19-cu əsrin sonlarında məhşur neft milyonçusu Zeynalabdın Tağıyev neftin hesabına ölkədə təhsilə və digər qeyri neft sektoruna sərmayələr qoysa da şimaldan gələn təhlükə hər şeyi alt-üst etdi. Ötən əsrin əvvəlində qurulan demokratik dövlətimiz iki yaşında Rusiyanın işğalına məruz qaldı. Neftimizin, qazımızın, qızılımızın adı bizim oldu dadı özgənin. 70 ildən sonra dövlət müstəqilliyi qazanarkən düşünürdük təbii sərvətlərimiz qısa zamanda xalqımızın rifah halını yüksəldəcək. Amma keçən əsrin əvvəlində kommunistlərin işğalını əsrin sonunda YAPçılar təkrarladı. İndi Azərbaycan gənci “…lənət olsun neftə; …niyə Azərbaycanda doğuldum” – deyib üsyan edir.

Heç bir əxlaqa və mənəviyyata sığmayan üsullarla xalq və dövlətimiz 23 ildir Əliyevlərin işğalı altında can verir. Nefti dünya bazarına çıxaran hakimiyyət 2004-cü ildən bəri milyardlarla dollar gəlir əldə edib. Neft və digər təbii sərvətlərimiz oliqarx məmurlar arasında elə bölüşdürülüb ki, biz toplum olaraq bir tikə çörəyə möhtac qalmışıq. Mükəmməl korrupsiya piramidası qurulub. Neftin gəlirləri hesabına ölkədə hakim rejim sanki əvəzolunmaz zümrəyə çevirilib. Xalqla hesablaşmayan hakimiyyət milyardlarla pulu insanların boğazından kəsərək özlərinin əyləncə məclislərinə sərf edir hətta oğurlayaraq ofşor zonalarda şəxsi hesablarına yatırırlar. Harınlamış dövlət məmurları vəzifələrindən sui-istifadə edərək hər cür cinayət əməllərinə belə gedirlər. Məmləkət övladı isə korrupsiya məngənəsində sıxılaraq məhv olmaq dərəcəsinə çatır. Bu səbəbdən hər il ölkəni minlərlə insan tərk edir, başqa-başqa ölkələrə sığınır. Hakimiyyətə müxalif olan bir hissə vətənpərvər insan potensialı isə məhbus həyatı yaşamaqdadır.

Adı beynəlxalq təşkilatların hesabatlarında hallanan Azərbaycan hakimiyyəti rüşvət və korrupsiya əməllərini sərhəd tanımadan inkişaf etmiş demokratik ölkələrə də daşımaqdadır. Sözün qısası əgər Əliyevlərin bu davranışının qarşısı alınmasa avtoritar rejimlər bu mənfi nümunələrdən yararlanacaq. Azərbaycan özü isə sürətlə Özbəkstana və Şimali Koreyaya yaxınlaşmaqdadır.

Avropalılar deyir ki, siz nefti tapanda ölkənizdə demokratiya olmayıb. Digər tərəfdən də dünya güclərinin neft maraqları hakim rejimə yeni nəfəs verir. Ona görə də neft xalqdan çox siyasi hakimiyyətlərin maraqlarına xidmət edir. Mən də bu fikirlə tam razıyam. Amma keçən əsrin əvvəllərində demokratik dövlət quran, demokratik seçki keçirən xalq bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdi. Həm də yeni dünya düzənində avtoritar rejimlər tezliklə tarixə qovuşacaq. İnanıram ki, yaxın vaxtlarda bu əzazil rejim xalqın qəzəbinə gələcək və yığdıqları milyardlar onları xilas edə bilməyəcək.