Azərbaycan rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilərmi?

Ataxan Əbilov

İnsan haqlarına görə Beynəlxalq Cinayət Məhkəməsi perspektivləri

Məlumdur ki, insan haqları beynəlxlaq əməkdaşlığın predmetidir. Onun çərçivəsilə bağlı ümumqəbul edilmiş beynəlxlaq standartlar mövcüddür. Müasir beynəlxlaq hüquq nəinki beynəlxlaq səviyyədə insan haqlarıla bağlı standartları müəyyən edir, həm də onun səmərəli müdafiəsiylə bağlı mexanizmlər üzərində düşünür.

Beynəlxalq hüquq yaradıcıları olan dövlətlər bir qayda olaraq ayrı-ayrı fərdlərə (individlərə) hansısa məsələdə beynəlxlaq hüququn subyekti statusu verməyə yumşaq desək çəkinir və bunu bir qayda olaraq özlərinin suverenliklərinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Amma düşünürəm ki, bu məsələdə şəxsi hakimiyyətlərinə maneə yaratmamaq istəyinin çəkisi xüsüsən anti-demokratik dövlətlər üçün daha ağırdır.

Hazırda universal və regional səviyyədə insan haqlarının müxtəlif müdafiə mexanizmləri mövcüddür. Universal səviyyədə bu işlərlə BMT məşğul olur. 1993-cü ildə fəaliyyətə başlayan BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı, Mülki və siyasi hüquqlar haqqında BMT Paktı çərçivəsində fəaliyyət göstərən İnsan haqqları Komissiyası (analoji orqanlar insan haqlarıyla bağlı digər BMT Konvensiyaları çərçivəsində də mövcüddür), 2006-cı ildə BMT Baş Məclisi tərəfindən əsası qoyulan İnsan Haqları Şurası və s. mexanizmlər bu qəbildəndir. Təəssüf ki, onların heç birini hələ ki, birbaşa təsir etmə gücünə malik olan səmərəli mexanizm adlandırmaq mümkün deyil. Ümumiyyətlə hazırda ən səmərəli mexanizm kimi regional səviyyədə fəaliyyət göstərən, 1950-ci il İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müdafiə mexanizmi hesab edilən Avropa İnsan Haqları Məhkəməsidir ki, onun da səmərəlilik baxımından çox ciddi təkamülə ehtiyacı vardır.

Ümümən bu növ müdafiə mexanizmlərin 65 illik inkşaf tarixinə nəzər yetirsək prosesdə onların ilbəil təkmilləşmə tendensiyasını da görməmək mümkün deyil. Bu baxımından nicbətən cavan olan Beynəlxlaq Cinayət Məhkəmə (BCM) mexanizmi diqqəti çəkməyə bilməz. Biz bu qısa informativ və bir azda analiz xarakteri daşıyan yazımızda BCM mexanizmi barədə ümumi məlumat və əsasən də bu mexanizm vasitəsilə insan haqları düşmənlərinin təqibinin mümkünlüyünü araşdıracağıq.

Bir az tarix. BCM – bu qurum 2002-ci ildən qərərgahı Haaqa şəhərində olmaqla daimi fəaliyyət göstərir. Beynəlxlaq səviyyədə belə bir qurumun yaradılması ideyası ikinci dünya müharibəsindən dərhal sonra meydana gəlmişdir. Hələ 1948-ci ildə Beynəlxlaq Hüquq Kommissiyası BMT-dən beynəlxalq cinayət məhkəmə qurumu yaradılmasıya bağlı tapşırıq alsa da, bu istiqamətdə işlər müxtəılif səbəblər üzündən yalnız 50 ildən sonra yekünlaşa bilmiş və 1998-ci ildə Romada Beynəlxlaq Cinayət Məhkəmə Statunun imzalanması baş tutmuşdur. Deməli BCM-nin fəaliyyətinin hüquqi əsası qeyd edilən beynəlxlaq müqavilə – Statutdur. BCM-ni tez-tez əvvəllər fəaliyyət göstərmiş Nurenberg, Tokio, keşmiş Yuqoslaviya və Ruanda tribunallarıla müqayisə edilir.

BCM yaradılması BMT-nin təsisindən sonra beynəlxlaq hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində ən mühüm addım hesab edilir. Daimi fəaliyyət göstərən məhkəmə orqanı olmaqla BCM-nin əsas funksiyası onun Satutunun girişində deyildiyi kimi “dünyada sülhə, təhlükəsizliyə və rifaha” təhlükə törədilməsində təqsirləndirilən şəxsləri mühakimə etməkdir. Bununla BCM Statutunda nəzərdə tutulan cinayətlərin mühakiməsi dövlətin suverenlikdən irəli gələn müstəsna səlahiyyətindən çıxarılmış, həm də sözü gedən Məhkəmənin səlahiyyətinə verilmişdir.

Bu günə 124 ölkə Satutu imzalayaraq BCM-də iştirakçı statusuna malikdir. ABŞ, Rusiya, İran, Ermənistan və bir sıra başqa dövlətlər Statusu imzalasalar da, onu hələ ki, ratifikasiya etməmişlər.

BCM-nin tərkibi. Məhkəmə 18 hakimdən ibarət olmaqla 3 palatadan ibarətdir: 1) mühakimə icraatı; 2) appelyasiya icraatı; 3) ibtidai icraat. Hakimlər Satuta üzv olan dövlətlərin ümumi yığıncağında gizli səsvermə yolula, təkrar seçilmə hüququ olmadan, 9 il müddətinə seçilir. İnzibati işlər Dəftərxana tərəfindən aparılır. Bununla yanaşı Məhkəmədə ittiham funksiyasını daşıyan Prokurorluq qurumu ayrıca orqan kimi fəaliyyət göstərir. Ona hakimlər kimi eyni qaydada seçilən prokuror başçılıq edir. Onun bir neçə müavini vardır.

BCM-nin mühakimə etdiyi cinayətlər. Səlahiyyətləri Statutla müəyyənləşdirilən Məhkəmə dövlətləri deyil, fiziki şəxsləri mühakimə edir. O, aşağıdakı cinayətlərin istintaqı və mühakiməsini aparmağa səlahiyyətlidir: 1) soyqrım; 2) insanlıq əleyhinə olan cinayətlər; 3) hərbi cinayətlər; 4) təcavüz.

Statut soyqrımla bağlı 1948-ci Konvensiyasında verilən tərifi əsas götürüb. Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsidir. Bura aşağıdakı hərəkətlər daxildir: 1) belə qrupların üzvlərinin öldürülməsi; 2) onların sağlamlığına ağır zərər yetirilməsi; 3) qəsdən onların fiziki məhfinə yönələn hərəkətlərin edilməsi; 4) onların uşaqların doğulmasına zorakı əngəllər yaradılması; 5) belə qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirilməsi (bax: Statutun 6-cı maddəsi).

Statut insanlıq əleyhinə olan cinayətlərə aşağıdakıları aid edir:

  1. öldürmək;

  2. məhv etmək;

  3. köləlik (quldarlıq);

  4. deportasiya etmə və ya əhalinin zorla köçürülməsi;

  5. beynəlxalq hüququn fundamental qaydalarının pozulmasıyla müşayət olunan həbs və ya fiziki azadlıqdan digər ağır formada məhrumetmə;

  6. işgəncə;

  7. zorlama, cinsi köləlik, məcburi faişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya hər hansı digər ağır cinsi zorakılıq formaları;

  8. siyasi, irqi, milli, etnik, mədəni, dini, cins və başqa əlamətlərə görə hər hansı bir qrupun və ya icmanın beynəlxlaq hüquqla bir araya sığmayan təqibi;

  9. şəxslərin məcburi yoxa çıxması;

  10. aparteid cinayəti;

  11. qəsdən ağır əzab, və ya fiziki və psixoloji sağlamlığa ağır xəsarətlə müşayət olunan digər analoji qeyri-insani əməllər (bax: Statutun 7-ci maddəsi).

Göründüyü kimi BCM-nin Statutunda insanlıq əleyhinə olan cinayətlərin geniş spekteri nəzərdə tutulub və bu cinayətlərin hər birinin istintaqı BCM-nin icratında ola bilər.

Hərbi cinayətlərə gəldikdə isə qısa şəkildə deyə bilərik ki, Statut onun anlayışını müəyyən edərkən bu məsələyə 1949-cu il Cenevrə Konvensiyalarının yanaşmasını əsas götürmüşdür (Statutun 8-ci maddəsi).

Təcəvüz cinayəti Statuta salınsa da, onun anlayışı və BCM-nin bu cinayətlə bağlı yurisdiksiyasının şərtləri müəyyən edilmədiyindən həmin norma bu günə deklorativ hesab edilir. Gələcəkdə Satutun bununla bağlı təkmilləşdirilməsi nəzərdə tutulur (bax: Statutun 5-ci maddəsinin 2-ci hissəsi).

BCM-də icraatı kimlər başlaya bilər? Satutun 13-cü maddəsinə görə BCM-sində icraat aşağıdakı 3 yolla başlanıla bilər:

1) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya Statuta tərəf olan dövlətin təşəbbüsülə BCM-nin prokuroruna təqdim edilməklə;

2) qeyd edilən cinayətlərdən birinin və ya bir neçəsinin baş verdiyi situasiya BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən BMT Nizamnaməsinin XVII fəslinə uyğun olaraq BCM-nin prokuroruna təqdim edilməklə. Bu zaman ərazisində sözü gedən cinayətlərin baş verdiyi dövlətin BCM Statutuna üzv olub-olmaması heç bir əhəmiyyət kəsb etmir.

3) BCM-nə zərərçəkmişlərdən, qeyri-hökümət təşkilatlarından və digər mənbələrdən daxil olan informasiyalara əsasən BCM prokurorun öz təşəbbüsülə (proprio motu). Bu halda prokuror daxil olan informasiyaları kifayət hesab etmədikdə, o, iş üzrə əlavə informasiya toplamaq üçün üzv dövlətlərə, beynəlxalq təşkilatlara, və qeyri-hökümət təşkilatlara müraciət edə bilər. Həmin informasiyalar əsasında prokuror istintaq icraatına başlamasını məqbul hesab etdikdə bu barədə o, Məhkəmənin İbtidai icraat palatasına cinayət işinin istintaqına başlamaq üçün sanksiya verilməsi xahişilə müraciət edir.

Prosedura. BCM-də prosedurun ümumi əsasları Satutla müəyyənləşdirilib. Bu barədə geniş qaydalar isə BCM-nin Reqlamentində müəyyən edilmişdir. Məhkəmə çıxartdığı hökmlə 30 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edə bilər. Statuta görə ölüm cəzası tətbiq edilə bilməz.

Məhkəmənin çıxartdığı hökm BCM-nin nəzarəti altında üzv dövlətlərdə icraya yönəldilir. Hökmdən apelyasiya şikayəti verilə bilər.

Təçrübə. BCM-si artıq 2002-ci ildən fəaliyyətdədir. Indiyə kimi Məhkəmə 8-i Afrika qitəsində olmaqla dünyanın 9 ölkəsində cinayət təqibilə bağlı istintaq aparıb. Xronoloji ardıcıllıq belədir: 1) Uqanda; 2) Konqo (BCM-nin təcrübəsində Konqo-Kinşasa gedir); 3) Mərkəzi Afrika Respublikası (MAR) (müxtəlif dövrlərdə iki istintaq); 4) Darfur (Sudan); 5) Keniya; 6) Liviya; 7) Kot-d’İvuar (Ivoorkust); 8) Mali; 9) Gürcüstan.

Uqanda, Konqo, MAR və Mali cinayət istintaq prosedurunu başlamaq üçün özləri BCM-də təşəbbüs göstərmiş, Sudan və Liviya işlərində təşəbbüs BMT TŞ-dan gəlmiş, Keniya, Kot-d’İvuar və Gürcüstan işlərində isə cinayət istintaqı prosedurunun təşəbbüscüsü BCM-nin prokuroru olmuşdur.

BMT TŞ-nin təşəbbüsülə qaldırılan Sudan və Liviya işlərində adı keçən dövlətlər Statutda tərəf deyillər. Bunu qeyd etməyi ona görə vacib hesab etdik ki, BCM-də prosedurun başlanması üçün aidiyyəti dövlətin Statutun iştirakçısı olması vacib deyildir. Bu da BCM-ni digər beynəlxalq mexanizmlərindən fərqləndirən cəhətdir. Sudanla bağlı 2005-ci ildə başlanan prosedur 2011-ci ildə Sudanın fəaliyyətdə olan prezidenti də daxil olmaqla 4 təqsirləndirilən şəxsə ittiham irəli sürülməsilə başa çatmışdır. Liviya işinə isə Müəmmər əl-Qəzzafinin ölümü əsas gətirilərək xitam verilmişdir.

Keniya işi. Prokurorun təşəbbüsü ilə araşdırma aparılan ilk ölkə Kenyadır. Bu ölkədə 2008-ci ilin əvvəlində keçirilən prezident seçkiləri zorakılıqla müşayət olunmuş, təxminən 1500-ə qədər adam ölmüşdü. Onların üçdə biri polis gülləsinə tüş gəlmişdi. Araşdırma 2009-cü ildə başladı. Artıq 2010-cu ilin dekabrında prokuror dördü nazir olmaqla 6 şübhəli şəxsə ittiham irəli sürdü. Onlar adam öldürməkdə, insanları əsasız təqib etməkdə, işgəncə verməkdə, zorlamada və insanlığa qarşı digər cinayətlər törətməkdə təqsirləndirilirdi.

BCM-nin belə gedişi rəsmi Keniya təmsilçilərinin hiddətinə səbəb olur və Keniya parlamenti 22 dekabr 2010-cu ildə Məhkəmə ilə əməkdaşlığa xitam vermək haqqında qərar çıxarır. Kenya parlamenti BCM-ni müstəmləkəçi adlandırır, onu yalnız afrikalılara qarşı olmaqda ittiham edir. Artıq gec idi. Heç nə BCM-də sözü gedən icraatın dayandırılmasına mane ola bilməzdi.

Keniya hökuməti 8 fevral 2011-ci il tarixdə BMT TŞ-na müraciət edərək, BCM-də icraatı dayandırmağı xahiş edir. Xahiş Keniyada məhkəmə sisteminin kifayət qədər təkmil olması və dövlətdaxili məhkəmələr vasitəsilə sözü gedən cinayətlərin istintaqının aparılmasının mümkün olmasıla əsaslandırılmışdı. Keniyanın xahişi TŞ tərəfindən qəbul edilmir. BCM-nə edilən analoji tələb də rədd edilir. Məhkəmə 8 oktyabr 2014-cü ildə Keniyanın prezidenti BCM-də şahid qismində dindirilməsinə nail olur. Amma onun həbsi üçün subutların kifayət olmadığı qənaətinə gəlir.

Gürcüstan işi. 27 yanvar 2016-cı ildə BCM-nin fəaliyyətində ilk dəfə olaraq Afrikadan xaric bir dövlətlə bağlı cinayət işi açılır. Gürcüstan işi də BCM-nin prokurorunun təşəbbüsülə başlayıb. Araşdırma predmeti 2008-ci ilin iyulun 1-dən oktyabrın 10-nu arasındakı dövrdə Gürcüstanın Cənubi Osetiya regionunda baş verən müharibə cinayətləri və insanlığa qarşı törədilmiş cinayətlərdir.

Azərbaycan və BCM. Azərbaycanın xaricdən təcavüz, soyqrım və müharibə cinayətlərilə üz-üzə olmasına baxmayaraq onun adı hələ ki, Statutu imzalamayan dövlətlər arasındadır. Ərazisinin beşdə bir hissəsi işğal altında olan, Xocalı soyqırımına beynəlxlaq status vermək barədə düşünən, işğal zonasında minlərlə hərbi cinayətlərin törədildiyi Azərbaycanın indiyə qədər nə üçün BCM-nə qoşulmamasının sirri nə ola bilər?

Məlumdur ki, BCM-nin Statutuna görə cavabdeh dövlətin Statuta üzv olmadığı təqdirdə belə ona qarşı istintaq hərəkətlərinə start verilməsi mümkündür. Cənubi Koreyanın Şimali Koreyaya, Ukraynanın Rusiyaya qarşı şikayətlərində cavabdehlərin heç ikisi Statutu ratifikasiya etməyən dövlətlərdir. Yəni Ermənistanın Statutu ratifikasiye etməyəcəyi təqdirdə belə ona qarşı BCM-də icraat başlamaq təşəbbüsünün prespektivi var. Belə olan halda Azərbaycan bu imkandan niyə yararlanmaq istəmir?

BCM Statutunun müəyyən etdiyi insanlıq əleyhinə olan cinayətlərin dairəsini bu gün Azərbaycanda baş verənlərlə müqayisə etsək mənzərə heç də ürəkaçan olmayacaq. Ölkə üzün müddətdir ki, siyasi məhbus problemindən yaxa qurtara bilmir və onların sayına görə Avropada liderliyi heç cürə əldən vermək istəmir. Təkcə bir fakta nəzər salaq. Yalnız bir gündə, yaşadığımız ayın 16-da Beynəlxlaq Amnistiya Təşkilatı səviyyəsində siyasi qrup mənsubiyyətinə görə 6 şəxs vicdan məhbusu elan edilir. Onların hamısı bu və ya digər formada siyasi təşkilat olaraq Azərbaycan Xaql Cəbhəsi Partiyasına bağlı idilər və hamısı da beynəlxalq hüququn fundamental qaydalarının pozulmasıyla müşayət olunan həbs və ya fiziki azadlıqdan digər ağır formada məhrumetmə çəzasına məhkum olunmuşdular. Bu birbaşa siyasi əlamətə görə (AXCP üzvü olmaq) bir qrup insanın beynəlxlaq hüquqla bir araya sığmayan təqibinin, başqa sözlə ifadə etsək, BCM Statutunda nəzərdə tutulan insanlıq əleyhinə cinayətin törədilməsinin beynəlxalq səviyyədə etirafı deyilmi?

Bundan irəli gələrək təəssüflə qeyd edilməlidir ki, ölkədə avtoritar rejimin mövcüdluğu, bundan dolayı öz vətəndaşlarına qarşı insanlıq əleyhinə olan cinayətlərin törədilməsi və ölkədə belə bir ab-havanın hökm sürməsi Azərbaycan Respublikasının BCM Statutuna qoşulmamasının səbəbi kimi görsənir…