Adı ölüm işində hallanan deputatın qanundankənar biznesi…

Məsələn, “MTN işi” zamanı Eldar Mahmudovun biznesmen deputatları şantaj edərək, soğan kimi soyduğu üzə çıxdı. Medianın yazdığına görə, 2013-cü ildə MTN-in cənginə keçən deputat Ağalar Vəliyev şantaj edilərək, ondan 1 milyon manat alınıb.

Azərbaycan indiyə kimi tarixə üzqarası olan belə bir parlament görməyib. Elə bil ki, bu Milli Məclisdə xalqa yad olan bütün ünsürlər düşünülmüş şəkildə bir araya gətirilib. Azərbaycan da bu rüsvayçı ansamblın simasında dünyanın gülüş obyektinə çevrilib. Spiker ailəsinin adı striptiz-bar biznesində, deputatların adı böyük korrupsiya qalmaqallarında, məişət pozğunluğunda, adam ölümündə hallanır. Zəncirin halqası uzanıb Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətinə qədər gedib çıxır. İndi də deputat Çingiz Qənizadənin adı Rusiyada baş verən qətl hadisəsində keçir. Bu ilin fevral ayında Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı Hüseynov Ruslan muzdlu qatil tərəfindən qətlə yetirilib. Axtarış nəticəsində həbs olunan şəxs qətlin sifariş olduğunu bildirib. Təhqiqat düyünləri çözə-çözə gəlib çıxıb Azərbaycana. İşlə bağlı araşdırmalarda bədbəxt xalqımızı Avropa Şurasında təmsil edən Çingiz Qənizadənin çoxlu telefon danışığı, votsap mesajlaşmaları da istintaqın əlinə keçib. Məlum olub ki, qətli sifarişçisi ehtimal edilən iş adamları Qənizadənin biznes ortaqlarıdır. Bu cinayət qalmaqalından sonra mətbuat həmin faktdan istifadə edən Rusiya hüquq-mühafizə orqanlarının deputatı əməkdaşlığa cəlb edib, onun Avropa Şurasındakı xidmətlərindən yararlandığı ittihamını səsləndirib. Ola bilməzmi? Amerika kəşfiyyat idarəsinin Azərbaycanda 80 min rus agenti olduğu ittihamını nəzərə alsaq, ehtimallar xeyli inandırıcı görünür…

Qanundankənar biznesə niyə “yaşıl işıq” yandırılır?

İnsan ölümü məsələsi cinayətin birinci tərəfi. İndi gələk ikinci məsələyə. Azərbaycanda millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması qanunla birmənalı şəkildə qadağan olunmayıbmı? Axı Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndinə görə Milli Məclisin deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduğu (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) halda, mandatından məhrum edilməlidir. İndiki Milli Məclisdə bizneslə məşğul olmayan neçə adam göstərə bilərsiniz? Onsuz da hər kəsə bəllidir ki, bizdə bütün deputatlar bu işə məhz biznes, alver məsələsi kimi baxırlar. Keçmiş deputat Gülər Əhmədovanın məhkəmə məsələsində də bu həqiqət çılpaqlığı ilə ortaya çıxdı. Qanuna əsaslansaq, parlamentdə oturub, böyük biznes imperiyası quran “iribuynuzlu” deputatların fəaliyyəti məhz cinayət sayılır. Lakin bu deputatların biznes fəaliyyəti ilə məşğul olduğunu Milli Məclis rəhbərliyi gözəl bilsə də, susur. Belə məlum olur ki, bu adamlara elə bilərəkdən yaşıl işıq yandırılır. Yəqin ki, nə vaxtsa qırmızı işıqda saxlayıb “cərimə meydançası”na aparmaq üçün. Məsələn, “MTN işi” zamanı Eldar Mahmudovun biznesmen deputatları şantaj edərək, soğan kimi soyduğu üzə çıxdı. Medianın yazdığına görə, 2013-cü ildə MTN-in cənginə keçən deputat Ağalar Vəliyev şantaj edilərək, ondan 1 milyon manat alınıb. Bundan başqa, o, MTN rəhbərliyinə “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də “hədiyyə” edib.

Gözükölgəli spiker və özbaşına deputatlar

İndi qanunu saya salan olsa, Çingiz Qəniyev həm sözügedən qətl işinə görə, həm də qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğuna görə məhkəmə qarşısında cavab verməlidir. Amma necə? Parlament ona irad tutub mandatının əlindən alınması məsələsini qaldıra bilərmi? Heç inandırıcı deyil. Çünki orda hər kəs bir-birinin yanında gözükölgəlidir. Öz arvadı Moskvada striptiz-bar biznesi ilə məşğul olan bir spikermi Qənizadədən qanunsuz biznes fəaliyyətinə görə hesab soracaq? Dünyanın sivil ölkələrində parlament üzvləri müntəzəm olaraq öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Onların arasında məşhur iş adamlarına, holdinq rəhbərlərinə də rast gəlmək mümkündür. Ancaq hər kəs bilir ki, qanunsuz bircə addım mandatın itirilməsi ilə nəticələnə bilər. Azərbaycanda hökm sürən dərəbəylik şəraitində isə belə bir qorxu yoxdur. Bütün qanunsuzluqlar da elə o üzdən baş verir.