Rövnəq Abdullayev – bu yayın tragikomik qəhrəmanı!

Bu yay Rövnəq Abdullayev üçün, doğrudan da, çox isti keçdi. Hələlik ona dəyib-dolaşan olmasa da, adam bir gün bütün bu işləkləri üçün ondan hesab sorulacağının fərqində olmamış deyil.

Müşahidəçilərin bu yayın ölkənin siyasi gündəmi üçün xeyli isti keçəcəyi haqda proqnozları özünü doğrultdu. Havalar gözləndiyindən xeyli sərin keçsə də, siyasi gündəmin temperaturu artmaqda davam edir. Tragikomik hadisələrin baş verdiyi ölkədə böyük bir gərginlik yaşandığının hər kəs fərqindədir. Amma maraqlıdır ki, 3 ay boyunca gündəmdən heç düşməyən bir məsələ oldu – neft oliqarxı Rövnəq Abdullayevin oğlunun saat oğurluğu. Yay müddətində heç bir önəmli hadisə bu 2 milyonluq saat oğurluğunu gündəmdən çıxara bilmədi. Əslində, Abdullayevin SOCAR-ı illərdir ata malı kimi necə özününküləşdirdiyi, şirkətə qohum-əqrəbasını necə yerləşdirdiyi, oğurluq neft milyonlarından necə varlandığı hər kəsə məlum idi. Amma o vaxta kimi bu söhbətlər, sadəcə, kulis arxasında danışılırdı və fərsiz övlad sayəsində bütün daşlar yerinə oturmuş oldu. Atanın 25 yaşlı gül balası Rəşad İspaniyanın İbiza çimərliyində 2 milyonluq saatını oğurladıb, dağdan ağır kişini dilə-dişə saldı. Bu harınlıq elə bir ictimai qəzəb yaratdı ki, susqunlar da dilinin altındakı paxlanı çıxarıb danışmağa başladı. Adamın oğlu necə böyük qabiliyyət sahibi olub ki, 17 yaşından SOCAR-da işləməyə başlayıb? Onun eyş-işrətə, bahalı markalardan olan aksessuarlara, yaxtalara, səyahətlərə xərclədiyi pullar hardan gəlir? Ölkədə 17 min gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq buraxdığı halda, bu uşağın qol saatlarına xərclədiyi 25 milyonun mənbəyi hardandır axı?

Cavab bəllidir, əslində. Fakt odur ki, Rövnəq Abdullayev illərdir 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə törəmə şirkət və nümayəndəlikləri olan SOCAR-ı öz pirat gəmisi kimi idarə edir

Amma ondan hesab soran varmı? Rəşad Abdullayevin 2 milyonluq saatı oğurlananda İspaniya polisi şoka düşür, amma Azərbaycanın hüquq-mühafizə orqanları buna heç nə olmayıbmış kimi göz yumub keçir. Məsələnin ən dəhşətli tərəfi, bax, budur…

Görməmişlik, acgözlük və harınlıq…

Bəs neft sayəsində milyoner olan Rövnəq Abdullayevə niyə dəyib toxunan yoxdur? Çünki o, Bəylər Əyyubova bağlı adamdır, İlham Əliyev hakimiyyətə gəldikdən sonra o, ölkənin neft damarı olan SOCAR-ın rəhbəri olub və neft pulları ilə bağlı bütün çirkli işlər onun əli ilə görülməyə başlanıb. Adamın başına dövlət quşu da o vaxtdan qonub. Qohumlar SOCAR-ın bütün vəzifələrinə doldurulub, müqavilələr yaxın ailə üzvlərinə ötürülüb. Axan milyonlar sayəsində Rəşadın yaxtaları dənizlərdə üzməyə başlayıb, onun bahalı avtomobil kolleksiyaları dillərə dastan olub. Bir sözlə, ailə görmədiyi günlərə düşüb, süd gölündə üzməyə başlayıb. İndi Abdullayevlər ailəsinin dəbdəbəli sarayları üçün mebelləri sifariş əsasında Avropadan gətirtdiyi, unitazları qızıldan sifariş etdiyi, çilçıraqları bahalı Bohem şüşəsindən hazırlatdığı deyilir. Rəşad Abdullayevin kəmər və köynəklərinin hər biri 30 min dollar dəyərindədir. Onun qarajında ​​çox sayda unikal markalı avtomobillər var. Nədir bu qədər görməmişlik, acgözlük və harınlıq?..

Bu yay Rövnəq Abdullayev üçün, doğrudan da, çox isti keçdi. Hələlik ona dəyib-dolaşan olmasa da, adam bir gün bütün bu işləkləri üçün ondan hesab sorulacağının fərqində olmamış deyil. Qanunların işlədiyi ölkədə dövlət şirkətini ailəsi üçün bu qədər istismar etmiş və 13 milyard borclandırmış adamı ömürlük həbsə göndərərdilər. Azərbaycan isə hələ ki, qanunların şah olduğu ölkə deyil. Amma Abdullayev üçün elə bir gün mütləq gələcək. Heç bir dövləti cinayət cəzasız qalmır, sadəcə, geci-tezi var…