İlham Əliyevdən hansı seçkini gözləməyə dəyər?

“Seçkiyə itmiş etimadı geri qaytarmaq” fikri müxalif çevrədə səslənəndə yanlış yorumlara səbəb olur. Çünki etimadı müxalif siyasi qüvvələr məhv etməyib. Bu açıqlamanın məsuliyyəti ağırdır və prosesə ziyan vurur

  • Dünən Azad söz kanalında Tofiq Yaqublu ilə Natig Jafarli arasında növbəti parlament seçkilərində iştirakla bağlı müzakirəni dinlədim. Xeyli vacib, maraqlı və əhəmiyyətli mətləblərə toxundular. Aparıcı da daxil olmaqla hər kəs mövzu üzrə aydın və konkret olmağa çalışdı. Ancaq çıxışlarda səslənən bəzi fikirləri dəqiqləşdirilməyə ehtiyacı var.

Beynəlxalq seçki müşahidəçiliyi

Parlament seçkiləri ölkəmizdə keçirilən yeganə seçkidi ki, üzv olduğumuz beynəlxalq qurumların rolu və nəzarəti daha səmərəli olur. Xüsusən də seçkinin nəticələri ciddi şəkildə mübahisələndirilsə, AŞPA-da nümayəndə heyətinin tanınmaması şansı var. Ancaq seçkidə iştirakı üçün ATƏT-in müşahidə missiyasının gəlişini şərt kimi qoymaq doğru deyil. 1990 və 1995-ci il il seçkilərində beynəlxalq müşahidəçi demək olar ki, yox idi, amma siyasi fəallıq indikindən artıq idi. Yəni seçkidə iştirak qətiyyən beynəlxalq diqqətə bağlanmamalı, bu daxili siyasi fəallığa əsaslanmalıdı.
Konkret olaraq, 2015-ci ildə ATƏT seçki müşahidəçilərin sayı məsələsində hakimiyyətlə razılığa gələ bilmədiyi üçün missiya göndərmədi. 2018-ci ildə isə qısa bir zaman ərzində böyük missiya yarada bildilər. 40 nəfər uzunmüddətli, 280 nəfər isə qısamüddətli müşahidəçi ölkəyə gəldi. Göründüyü kimi, say məsələsində iqtidarın ciddi bir dirəniş göstərməyə artıq əsası yoxdur.

Seçicilərin fəallığı

Bu sahədə ən ciddi problem ölkə seçicilərinin gerçək sayı ilə bağlıdı. Şəxsən mən inanmıram ki, ölkədə həqiqətən 4,6 milyon seçici qeydiyyatdadır. Seçicilərin sayı barədə MSK-nın rəqəminə deyil, gerçək iştirakçılığa diqqət yetirilməlidi. İndidən hər bir partiya və namizəd öz seçicisini axtarıb tapmalı, seçicilərin qeydiyyatını dairələr üzrə aparmalıdı. MSK-ya güvənmək olmaz! Bununla da MSK statistikası vasitəsilə 60, 70 və 80 faizlik seçici fəallığı manipulyasiyası aradan qalxacaq.

Yerli müşahidəçilərin iştirakı

Vaxtaşırı çağırış edilir ki, müşahidəçilərin sayı çox olsa, saxtakarlığın qarşısı alınacaq. Yalnış yanaşmadır. Müşahidəçilər o zaman saxtakarlığın qarşısını alır ki, seçki məntəqəsinin qarşısında toplanmış seçicilərin dəstəyini hiss edir. Bu səbəbdən seçki gecəsi seçici dəstəyi olmasa, 10 min müşahidəçi yalnız saxtakarlığın sənədləşdirilməsini təmin edəcək.

Seçki mühitində dəyişiklik

Seçki Məcəlləsi 2003-cü ildə qəbul ediləndə indikindən daha mükəmməl idi. Amma 2008 və 2010-cu illərdə edilən dəyişikliklərdən sonra qanun daha da mürtəceləşdi. Bu dəyişikliklər namizəd olmaq istəyənlərin işini daha da çətinləşdirdi.
İkincisi, 2010-cu il parlament seçkisindən sonra əsas müxlaif partiyaların komissiyalarda nominal təmsilçiliyi aradan qalxıb. Mövcud durum siyasi paritet prinispinin fəlsəfəsinə ziddir və vaxtaşırı dilə gətirilməlidi.

Seçkidə iştrakı zəruri edən ən böyük faktor

Ölkə səviyyəsində sonuncu rəqabətli seçki 2013-də olub. Gələn il bu seçkinin 7 ili tamam olur. Və son 7 ildə yaşı 18-25 yaşa çatmış 1 milyona yaxın yeni seçici qrupu var ki, onların seçkiyə cəlb olunması vacibdir. Məhz bu qrup növbəti illərdə siyasi canlanmanın nüvəsini təşkil edə bilər. Onlara ilk demokratik seçki mübarizəsini yaşatmaq lazımdı.

Etmad yaradıcı qüvvə

“Seçkiyə itmiş etimadı geri qaytarmaq” fikri müxalif çevrədə səslənəndə yanlış yorumlara səbəb olur. Çünki etimadı müxalif siyasi qüvvələr məhv etməyib. Bu açıqlamanın məsuliyyəti ağırdır və prosesə ziyan vurur. 2020-ci il öncəsi etimad yaradıcı hərkətləri hazırda iqtidar sahibi olanlar edə bilərlər. İqtidarı buna məcbur etmək üçün vətəndaşlara yönəlik birləşdirici və pozitiv taktika yürüdülməli, niyyət azad seçki uğrunda ümummili hərəkətlilik olmalıdı.

Anar Məmmədli