Vətən döyüşə çağırır

Elnur As

“Vətən döyüşə çağırır bizi!” yazıb “paylaş” işarəsini tıkladı, sonra gözünü komputerin ekranından çəkib qarşısındakı nimdaş geyimli, çəlimsiz kişini növbəti dəfə başdan ayağa süzərək dilləndi:
– Dedim də, 200 manatdan bir qəpik aşağı olmaz…
– Gücüm ancaq 150 manata çatır, – kişi yazıq-yazıq dilləndi.
– Əşşi, sən elə bilirsən hamısını öz cibimə qoyuram. 100-ünü idarə rəisi yuxarı ötürür, vur-tut 50-si özünə çatır. Yerdə qalan 50-nin də də 30-u şöbə müdirinindi, 20 də mənim “obedpulu”mdu.
Sonra yenidən monitora çevrildi, “siçan”ı qurdaladı, birdən sevincdən gözləri parıldadı: 7 dəqiqəyə 94 bəyənmə! Bu onun facebook həyatında əsl rekord idi.
Kişinin yalvarış dolu səsi sevincini qursağında qoydu:
– Qadan alım, olanım budu, bir gör neynirs…
– 200 manat, vəssalam!
– Qurbanın ol…
– Əşşi, nə zəhlətökən adammışsan. Bir qəpik aşağı olmaz dedim, deməli, olmaz də! Get, pulun üstünü düzəldəndə gələrsən.
Bunu deyib yenidən monitora çevrildi, barmaqları ilə ehmalca klaviaturanı döyəclədi: “Vətən sağ olsun!”.
Sonra təntənə ilə “paylaş” işarəsinin üzərinə basdı…