Leyla Yunusun Taleh Bağırzadəyə məktubu

Leyla Yunusun Taleh Bağırzadəyə məktubu

Əziz Tale !

Sizdən məktub aldığıma çox şad oldum ! Mən bilirəm ki, bu vəhşilər, cəlladlar, nadanlar sizin kimi mərd və ləyaqətli adamı sındıra bilməzlər.

Noyabrın 8-də Almaniyanın qədim və gözəl şəhərlərindən biri olan Esslin            qendə mənim Ariflə birlikdə yazdığım kitabın təqdimatı oldu. Təqdimat mərasimi 4 saatdan artıq çəkdi ! Bu tədbirə dəvət edilmiş alman aktyor bizim kitabımızın bir bölümünü oxuduğu zaman zalda tam bir sakitlik çökdi.

Arif bu kitaba özünün yazdığı hissədə indi də əziyyət çəkdiyi o işgəncə proseslərindən necə keçdiyi barədə bəhs edib. Bu kitabda, o, xüsusilə də MTN-in təcridxanasında hansı vəhşətlərin baş verdiyi barədə yazıb. Olduqca ağrılıdır ki, siz özünüz də  insan şəklində olan yaşıl paqonlu vəhşilərin hər gün iş adı ilə gəldiyi o məkanlardan birində ağır işgəncələrdən keçibsiz. Özəlliklə də Abbas Hüseynə verilən işgəncələrin detallı bilgilərini mən Sülh və Demokratiya İnstitutunun saytında yerləşdirmişəm :  –http://ipdthinktank.org/Abbas_Guseynov_ru.html

Əlbəttə, elə ordaca, Nardaran hadisələri ilə bağlı «məhkəmə» adlandırmaq istəmədiyim o proseslər barədə də məlumatlar yerləşdirilib:

http://ipdthinktank.org/Nardaran_ru.html

http://ipdthinktank.org/nardaran_3_ru.html

http://ipdthinktank.org/Nardaran_3_additional.html

Və təbii ki, şəxsən sənin başına gətirilənlərlə bağlı təhlillər:

http://ipdthinktank.org/Taleh_Bagirov_ru.html

Eləcə də, vəkil Yalçın İmanovun əsl qəhrəmanlıq adlandırıla biləcək fəaliyyəti :

http://ipdthinktank.org/Yalchin_Imanov_ru.html

Hakimiyyət adı altında maskalanmış cinayətkarların da fəaliyyəti diqqətimizdən yayınmayıb:

http://ipdthinktank.org/agayev_aftandil_ru.php

Mənim əzizlərim, mən sizi heç zaman unuda bilmərəm. Haqqında bəhs etdiyim kitabda da «Azərbaycanda siyasi dustaqlar. Onlar kimdir?» deyə təqdim edilən ayrıca bölüm var. İnanclı insanlara qarşı repressiyaları yazaraq mən qeyd edirəm ki, onlar siyasi dustaqlar arasında ən böyük qrupdur. Kitabdan bir sitatı diqqətinizə çatdırıram : «Dini liderlərin güclənməkdə olan nüfuzundan rahatsız olan hakimiyyət davamlı olaraq onları həbs edir və uzun müddətli azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırır… Tutulan inanclı insanların sayı isə durmadan artır. Onların arasında Tale Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov kimi nüfuzlu ilahiyyatçılar var. Hələ 2011- ci ildə İlham Əliyevi sərt şəkildə tənqid edən Mövsüm Səmədov demişdi ki, o, yəni  İlham Əliyev öz atasının şəxsiyyətinə pərəstiş aşılamaqla despotik bir rejim yaradıb. Bundan cəmi bir həftə sonra Mövsüm Səmədov qardaşı ilə birlikdə saxlanıldı və 12 il müddətinə azadlıqdan məhrum edildi. Əgər 2011- ci ildə ruhani liderlərə 11- 12 il verirdilərsə, 2017- ci ilin yanvarında həbs edilən din xadimləri, Müsəlman Birliyi hərəkatının liderləri olan Taleh Bağırzadə, Abbas Hüseyn kimi insanlara artıq, 20 il cəza kəsirlər…».

Bu kitabda mən, eyni zamanda, ömürlük həbs edilmiş Qarabağ döyüşçüləri haqqında yazmışam. Onlar həmişə bizim siyasi dustaqlar siyahısında olublar. İndi siz onlarla birlikdə Qobustan həbsxanasındasız, xahiş edirəm, imkan olsa, onlara çatdırın ki, mən onları unutmuram. Kitabdan belə bir sitatı da fərqləndirmək istəyirəm: «Bizim siyahımız həmişə «Ömürlük həbs edilənlər» qrupu ilə tamamlanır. Bu qrupda olanların sayı azalır. Amma ona görə yox ki, onları azad edirlər. Onları azad etmirlər, əfv etmirlər, onlar 20 il, daha artıq müddətləri Qobustan qapalı həbsxanasının divarları arxasında keçirərək orada vəfat edirlər».

Mən 4-cü bölümdə ömürlük həbsə məhkum edilmiş OMON-çular haqqında yazmışam. «Siyasi motivlərlə həbs edilərək güllələnmə cəzasına məhkum edilən bu adamlar ömürlük həbs cəzasını məhkəmə hökmü ilə almayıblar, onlar bu cəzanı parlamentin qərarı ilə çəkirlər.  Onlar ölüm cəzasını alanda Azərbaycanda ömürlük həbs cəzası yox idi, sonradan parlament bu cəzaları avtomatik olaraq ömürlük cəza ilə əvəz etdi və bu, qanunsuzdur, cəzaları parlament yox, məhkəmələr verə bilər. 2017- ci ilin mart ayının 14-də Ali Məhkəmə sabiq OMON-çulardan Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımovun kassasiya şikayətini rədd etdi. Bu insanlar ömürlük cəzanın 20 illə əvəz edilıməsi tələbi ilə məhkəməyə müraciət etmişdilər. Əgər bu müharibə veteranları adicə cinayətkar olsaydılar, onlar pul yığıb hakimlərə rüşvət verər və azadlığa çıxa bilərdilər. Amma onlar siyasi motivlərlə həbs ediliblər və bu qərarı da yalnız prezidentin istəyilə dəyişmək mümkündür. İlham Əliyevin isə Qarabağ veteranlarına azadlıq vermək üçün stimulu- istəyi yoxdur».

Biz bu kitabda Azərbaycandakı siyasi dustaqların taleyi haqqında yazmışıq. Siyasi dustaqların siyahısını isə müntəzəm olaraq bütün beynəlxalq təşkilatlara, siyasətçilərə, deputatlara yollayırıq.

Ümid edirəm ki, günün birində doğma Bakımızda sizinlə görüşə biləcəyik.

P.S. Almaniyada bu kitabın təqdimat mərasimində bir azərbaycanlı gənc mənə yaxınlaşaraq kitaba avtoqraf yazmağımı istədi. Mən ondan adını soruşdum və o, «adım Taledir » dedi. Mən «Əziz Tale üçün» sözlərini yazaraq qeyri- ixtiyarı gülümsədim. Gənc azərbaycanlı bu təbəssümü tutaraq belə dedi: «Mən anlayıram ki, sizin təbəssümünüz Tale Bağırzadəni xatırladığınız üçündür»…

Leyla Yunus

11 noyabr 2018- ci il