İri sahibkarlar intihar növbəsinə dayanıb

Birinci vitse-prezident Fondu sahiubkarlara qarşı amansız tələblər irəli sürməyə başladı

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkədəki sosial sahəni kurasiya edəcəyi barədə xəbər çıxar-çıxmaz, sahibkarların başına daş düşdü. Niyə sahibkarların ? Çünki dövlətin əlində sosial ehtiyaclar üçün nəzərdə tutulan vəsaitlər, faktiki olaraq, yoxdur. Buna görə də, bu sahədə ilkin təbliğat materialı kimi sahibkarlardan toplanan maddi vəsaitdən və onların hesabına yaradılan vitse- prezident Fondundan istifadə ediləcək.

Artıq rayon icra hakimiyyəti başçılarına tapşırıq verilib, onlar da bütün rayonlarda toplantılar keçirməyə başlayıblar. Məsələn, Binəqədi rayonu ərazisində bütün sahibkarların üzərinə 10 min manatdan 50 min manata qədər bir dəfəlik xərac qoyulub. (Təbii ki, obyekt və müəssisələrin həcmindən asılı olaraq). Bəzi sahibkarlar icra hakimiyyətindən olan məmurlara etiraz etməyə cəhd göstəriblər. Amma yerli məmurlar dəhşətlə bilrdiriblər ki, birinci vitse-prezidentin Fondunu sabotaj eləmək Vətənə xəyanət kimi qiymətlənirilə bilər.

Böyük sahibkarların dərdləri isə daha böyükdür. Əməkdaşımıza tikinti maqnatı Şərurlu İsfəndiyara yaxın olan çevrədən məlumat veriblər. Şərurlu İsfəndiyarı (Şərur MTK-nın sahibi İsfəndiyar Axundov) Heydər Əliyev Fondunun işçisi, Səbayelin sabiq icra başçısı Sahib Ələkbərovun oğlu Anar Ələkbərov çağıraraq birinci vitse-prezidentin adından ultimatum səsləndirib. İsfəndiyar Axundova bildiriblər ki, bu ilin sonuna qədər 500 mənzil verməlidir. Bu mənzillər ölkənin sosial sahəsinə kurasiyanı öhdəsinə götürən birinci vitse-prezidentin yaratmaq istədiyi Mənzil Fonduna təhvil verilməlidir. Bütün digər tikinti şirkətlərindən də imkanlarına uyğun olaraq və ya olmayaraq bəlli sayda mənzillər tələb edilib.

İş adamları bu tələbləri əsl reket davranışı kimi dəyərləndirsələr də, qorxularından səsləri çıxara bilmirlər. Xatırladırıq ki, iki il əvvəl böyük qalmaqal yaradan Muray MTK-nın vətəndaşlara qalan mənzil borclarını da İsfəndiyar Axundovun üzərinə yükləmişdilər. Muray MTK-nın vətəndaşlara 1100 mənzil borcu vardı, əlavə olaraq 10 milyon manat da kredit borcu var idi. Bu borcların hamısını Şərurlu İsfəndiyara ödətdirmişdilər…

Şərur MTK-nın səlahiyyətli işçilərindən biri əməkdaşımıza tamamilə ciddi şəkildə bildirib ki, İsfəndiyar Axundov intihar etmək haqqında düşünür.

Fikrət Hüseynli